"Fərman Ceyranlı cinayət işində qeyd olunan halların heç birinə görə, məsuliyyət daşımır. Onun barəsində bəraət hökmü çıxarılmalıdır".
Gürcüstanda həbs olunan azərbaycanlı cərrah, "Lancet" klinikasının həmtəsisçisi Fərman Ceyranlının vəkili Ghela Nikolashvili fevralın 6-da Tbilisi şəhər Məhkəməsində keçirilən prosesdəki çıxışında belə deyib.
Proseslə bağlı Turan agentliyinə F.Ceyranlının qızı Lalə Hüsynli və Tbilisidə yaşayan azərbaycanlı siyasi fəal Daşqın Ağalarlı məlumat verib.
Onların bildirdiyinə görə, bügünki prosesdə vəkillərin çıxışı dinlənilib. Onlar dövlət ittihamçısının bundan əvvəlki məhkəmə iclasında səsləndirdiyi ittihamlara münasibət bildirib.
Vəkillər F.Ceynralıya qarşı Gürcüstanın Cinayət Məcəlləsinin 180 və 247-ci maddələri ilə (dələduzluq və insanların həyatı və sağlamlığına təhlükə yaradan informasiyanı gizlətmək) irəli sürülmüş ittihamları tamamilə rədd ediblər.
Vəkillər hesab edir ki, cərrhın həbsinin əsas motivi siyasidir. Onlar məhkəmədə deyiblər ki, azərbaycanlı cərrahla bağlı indiyədək çıxarılmış qərarların hamısı biabırçı və qanunsuz olub.
"Fərman Ceyranlı klinikanın təsisçisidir. Ancaq bu sənədlərdə onu direktor kimi göstəriblər. "Lancet" klinikasının direktoru tamamilə başqasıdır. Təsisçi bu işin materiallarında göstərilən halların heç birinə görə məsuliyyət daşımır, xəstənin müalicə həkimi olmayıb, onu əməliyyat etməyib. Onun heç xəstələri konsultasiya etmək hüququ da olmayıb", D.Ağalarlının bildirdiyinə görə, vəkillər məhkəmədə belə deyib.
D.Ağalarlı deyir ki, vəkillər məhkəmə çıxışlarında həmçinin prokuroru cinayət işinə milli ayrıseçkilik salmaq məzmununda yanaşmaqda ittiham edib. Prokurorun bu ittihamları təkzib edə bilmədiyi bildirilir.
Vəkillərin çıxışlarından sonra proses təxirə salınıb. Fevralın 8-də F.Ceyranlı son söz deyəcək. Həmin gün cərraha hökm oxunacağı da gözlənilir.
Əslən Gürcüstandan olan Fərman Ceyranlı 1980-ci illərdən Azərbaycanda yaşayıb, burda təhsil alıb və işləyib.
1993-cü ildən Azərbaycan Səhiyyə Nazirliyində Elm İdarəsinin rəisi, 1994-cü ildə M.Topçubaşov adına Elmi Cərrahlıq Mərkəzinin direktor müavini, 1995-ci ildən isə həmin mərkəzin direktoru vəzifələrində çalışıb. Eyni zamanda, Səhiyyə Nazirliyinin baş cərrahı olub.
O, bir neçə il əvvəl Gürcüstana gedərək "Lanset" klinikasının yaradıcılarından biri olub və bu il mayın 22-də həbs edilib.
F.Ceyranlı Gürcüstan Cinayət Məcəlləsinin 180 və 247-ci maddələri ilə ittiham olunur. Cərrah dələduzluq, insanların həyatı və sağlamlığına təhlükə yaradan informasiyanı gizlətməkdə təqsirləndirilir. Cinayət işi klinikada 2017-ci ildə qaraciyər köçürməsindən sonra vəfat edən bir xəstənin qohumunun şikayəti əsasında qaldırılıb.
Ötən ayın sonunda cərrahın hüquqlarını müdafiə edən vəkillər F.Ceyranlının həbsi ilə bağlı bəyanat yaymışdılar. Həmin bəyanatda deyilirdi ki, Fərman Ceyranlı siyasi sifarişlə həbs olunub. Səbəb isə onun Azərbaycandakı bir sıra müxalifətçilərin Tbilisidəki "Lancet"də müayinə və müalicəsinə şərait yaratmasıdır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?