Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) KİV-lərində yayılmış məlumata görə, 22 nəfər qeyri-leqal miqrant BƏƏ ərazisinə keçməyə cəhd edərkən Şarcə əmirliyinin Hatəm əl-Milaxa sərhəd məntəqəsində saxlanılıb.
gundemxeber.az AZƏRTAC-a istinadla xəbər verir ki, aralarında bir qadın da olan bu miqrantlar BƏƏ-yə betonqarışdıran maşın sisterninin içərisində keçmək istəyiblər.
BƏƏ-nin dəniz limanlarının ərazisinə gələn və oradan gedən bütün avtonəqliyyat vasitələri xüsusi yüksək texnoloji skanerlərin köməyi ilə yoxlanılır. BƏƏ-nin sərhəd və gömrük xidmətləri həmin miqrantlar məhz belə skanerlərin sayəsində aşkar ediblər.
Sərhəd məntəqəsinin direktoru Məhəmməd al-Raizi bildirib ki, nəzarət məntəqəsində istifadə edilən rentgen skaneri betonqarışdıran maşının içində 22 nəfərin gizləndiyini göstərib. Maşında adamlar çox olduğuna görə gömrük xidmətinin rəisi öz əməkdaşlarına əmr edib ki, zəruri tədbirlərə başlamazdan əvvəl təmkinli olsunlar, çünki həmin miqrantların silahlanmış olması ehtimalı istisna edilmirdi. Onun sözlərinə görə, əvvəlcə təhlükəsizlik qüvvələrinin köməyi ilə bütün ərazi mühasirəyə alınıb, sonra yük maşınının sürücüsü betonqarışdıran sisternin üstünə dırmaşıb və oradakı miqrantlar maşından bir-bir çıxıblar.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?