Vəkil: “Onun azadlığa çıxmasına heç bir hüquqi maneə yoxdur”
Ölkədə prezident seçkisi öncəsi böyük əfv sərəncamının imzalanacağı gözlənilir. Ehtimal olunur ki, bu il prezident seçkisindən öncə imzalanan əfv sərəncamı və may ayında gözlənilən amnistiya aktı ilə həbsdə olan siyasilər də azadlığa çıxacaq.
Sabiq səhiyyə naziri Əli İnsanovun da yaxın zamanlarda azad olunması gözlənilir. Hələ 2013-cü ilin prezident seçkisi öncəsi müxalifət nümayəndələri tərəfindən belə bir fikirlər səsləndirilirdi ki, Əli İnsanov yalnız ölkədən getməyə razılaşdığı halda azadlığa buraxıla bilər. Ötən 5 il ərzində sabiq nazir heç bir geriyə addım atmadı. Əksinə, keçirilən məhkəmə proseslərində fikirlərindən dönməyəcəyini, axıra qədər mübarizə aparacağını söylədi. Nəticə olaraq o, hələ də həbsdədir. Lakin artıq 70 yaşlı sabiq nazirin ətrafında baş verənlər və atdığı son addımlar ehtimal yaradır ki, o, bu dəfə azadlığa buraxıla bilər. Azadlığa çıxdıqda isə ölkədən getməsi gözlənilir.
Xatırladaq ki, Əli İnsanov 2005-ci il oktyabrın 19-da dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. Amma sonradan o, iqtisadi cinayətlərdə ittiham olunaraq 11 il müddətinə həbs edilib.
Həbs müddətinin bitməsinə iki ay qalmış - 2016-cı ilin avqustunda ona yeni cinayət işi açılıb. Kamerada psixotrop tərkibli dərman saxlamaqda, Penitensiar Xidmətin əməkdaşını vurub ona kəllə-beyin travması yetirməkdə suçlanan 70 yaşlı sabiq nazir 2017-ci il aprelin 26-da 7 il azadlıqdan məhrum edilib.
“Yeni Müsavat”a danışan vəkil Əsabəli Mustafayev bildirib ki, Əli İnsanovun adı əfv sərəncamına salına bilər: “Əvvəlki təcrübələri götürsən amnistiya aktı az ağır dərəcəli cinayət əməllərinə tətbiq olunurdu. Xüsusən də azadlığa çıxmasına çox az müddət qalmış şəxslər amnistiyaya düşürdü. Eyni zamanda azyaşlı uşaqları olan qadınlara da amnistiya daha çox tətbiq olunurdu. İndi isə deyirlər ki, böyük amnistiya olacaq. Bu zaman mümkündür ki, həmin maddələr düşsün və əvvəlki məhkumluq nəzərə alınmasın. Yəni Əli İnsanovun da şansı var. O cümlədən də onun adı əfvə də düşə bilər. Daha doğrusu, mən amnistiyaya çox inanmıram, ancaq əfv sərəncamına düşməsi mümkündür. Çünki adətən narkotiklə bağlı olan maddələri amnistiyaya salmırlar. Buna görə də əfv daha realdır. Ali Məhkəmənin qərarı verməkdə gecikməsinə gəlincə isə güman etmirəm ki, bu, əfvlə bağlıdır və ya Avropa Məhkəməsinə müraciəti gecikdirmək məqsədi daşıyır. Hətta onu əfvə də salsalar, Əli İnsanov sonradan qərarını alıb, şikayətini davam etdirə bilər. Gecikmə heç bir halda Avropa Məhkəməsinə müraciətin qarşısını almır. Sadəcə olaraqb ola bilsin ki, gecikdirmədə başqa məqsəd var. Ümumilikdə isə adətən Ali Məhkəmənin qərarı tərəflərə gec göndərilir. Hətta olur ki, bu qərarın göndərilməsi 2 aya qədər çəkir. Baxır hansı kolleqadır. Kolleqanın yükündən asılı olaraq gecikmələr baş verir. Təcrübədə qərarın 15-20 günə verilməsi halı yadıma gəlmir. Ona görə də mümkündür ki, Əli İnsanova da qərarın verilməsi digərlərinə olduğu kimi gecikir”.
Vəkil düşünür ki, hazırkı məqamda Əli İnsanovun azadlığa çıxması mümkündür: “Onun azadlığa çıxması əlbəttə ki, mümkündür. Bu, prezidentin səlahiyyətində olan məsələdir. Hətta ömürlük həbsdə olanı da əfvə salıb, azadlığa buraxa bilərlər. Gözlənilir ki, böyük amnistiya olacaq və digər maddələr də ora salınacaq. İndiki halda Əli İnsanovun əfvə və ya amnistiya aktına düşərək azadlığa çıxmasına heç bir hüquqi maneə yoxdur”./musavat.com
Sorğu
Yeni dizaynımız necədir?