Sabiq nazirlərin seçki öncəsi həbsdən azad olunacağı deyilir Sabiq səhiyyə naziri Əli İnsanov və sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev prezidentin imzalayacağı xüsusi əfv fərmanı ilə azadlığa buraxılacaqlarını gözləyirlər. Bu barədə sabiq nazirlərə yaxın mənbələrdən məlumat almışıq. Mənbənin iddiasına görə, sabiqlər “çölə” vəkilləri vasitəsilə xəbər göndəriblər ki, yaxın adamları hakimiyyətə münasibətdə son dərəcə ehtiyatlı olsunlar. Onlar hətta müxalifət düşərgəsinə yaxın adamları vasitəsilə “bizim adımızı yeni yaranacaq Milli Şurada hallandırmayın” mesajını yollayıblar. Qeyd edək ki, Milli Şurada təmsil oluna biləcək şəxslər sırasında həbsdəki sabiq nazirlərin də adı hallanırdı. “Yeni Müsavat” hələ ötən ay bu mövzuya toxunaraq yazmışdı ki, siyasi səbəblərlə həbs edilən hər iki eks-nazirə Milli Şurada qiyabi təmsilçilik təklif olunub. Bu mesajdan sonra isə mətbuatda Milli Şurada təmsilçilik üçün sabiq nazirlərə heç bir təklif edilmədiyi xəbəri yayıldı. Bəs həbs edilən ildən (2005-ci il) azadlığa buraxılacaqları barədə məlumatlar yayılan sabiqlərlə bağlı yeni xəbər nədən ibarətdir? Bu da növbəti “nəbz yoxlaması” deyil ki? Redaksiyamıza məlumatı verən mənbənin iddiasına görə, bu dəfə sabiqlərin azadlığa buraxılma ehtimalı çox böyükdür. “Uzun illərdir ki, prezident bu adamlar barədə heç nə eşitmək istəməyib və heç kim də onların buraxılması barədə xahiş etməyə risk etməyib” deyən mənbənin qənaətincə, “indi isə vəziyyət dəyişib”: “Prezidentə hər iki sabiq nazirin və yaxınlarının adından müraciət olunub. Artıq 8 ildir onlar həbsdədir və hətta qanunlar da imkan verir ki, onlar cəzalarının çoxunu çəkdikləri üçün azadlığa buraxılsınlar. Rusiyada da Putinin qatı düşmənləri olan, sabiq nazirlər kimi iqtisadi cinayətlərdə ittiham olunan Platon Lebedev və Mixail Xodorkovskinin azadlığa buraxılması aktuallaşıb”. Qaynagımızın bilgisi də ondan ibarətdir ki, sabiqlərin azadlığa buraxılacağına ən yüksək səviyyədə razılıq verilib: “Amma bu əfv fərmanı xüsusi olaraq sabiq nazirlər üçün imzalanacaq. Hətta orada Fərhad Əliyevin qardaşı, ”Azpetrol"un sabiq prezidenti Rafiq Əliyevin də adının olması gözlənilmir". “Bəs niyə xüsusi əfv fərmanı” sualımıza mənbənin cavabı belə oldu: “Bu, hakimiyyətin seçki ərəfəsi işinə yarıyacaq. Sabiq nazirlərin təmsil etdiyi Qərbi Azərbaycan və cənub bölgəsi fəal seçici təbəqəsi hesab olunur. İkinci bir tərəfdən, bu fərman beynəlxalq diqqətə də səbəb olacaq və hakimiyyətə əlavə divident gətirəcək”. Rasim
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?