“Bu insanların əfv siyahısına salınması haqda yayılan məlumatlar doğru deyil. Hələ siyahı prezidentə təqdim olunmayıb. Üzərində işlər gedir, tam yekunlaşmayıb. Yekunlaşdıqdan sonra Prezidentə təqdim olunacaq. Əfv siyahısına da salınanlar əsasnaməyə uyğun olaraq seçilir. Kimliyindən, nə qədər cəza almasından asılı olmayaraq, kim əfv üçün müraciət edirsə, onun müraciətinə baxılır”.
Bu sözləri son zamanlar sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və eks-səhiyyə naziri Əli İnsanovun adının əfv siyahısına salınması haqda yayılan məlumatlara rəgmən Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, millət vəkili Məlahət İbrahimqızı deyib.
Modern.az-ın xəbər verdiyi kimi, Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupu tərəfindən prezidentə müraciət olunan siyahıda keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev və sabiq səhiyyə naziri Əli İnsanovun adı da qeyd olunub.
Xatırladaq ki, sabiq nazirlər Fərhad Əliyev və Əli İnsanov parlament seçkisi öncəsi dövlət çevrilişinə cəhd ittihamıyla 2005-ci ilin oktyabrında həbs edilib. Fərhad Əliyev haqda 2007-ci il martın 5-də bu ittiham başqa icraatda birləşdirilərək, cinayət işindən ayrılıb və ona dövlət əmlakını mənimsəmə ittihamı irəli sürülüb. 2005-ci il oktyabrın 19-da parlament seçkiləri ərəfəsində öz xidməti kabinetində həbs edilən F.Əliyev məhkəmənin qərarı ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.
Keçmiş səhiyyə naziri Əli İnsanov isə 2007-ci ilin aprel ayında korrupsiya, vəzifə səlahiyyətlərini aşma ittihamı ilə əmlakı müsadirə olunmaqla 11 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Ə.İnsanov 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?