Vətəndaşları işə düzəltmək adı ilə aldatmaqda təqsirləndirilən mühafizə şirkətinin vəzifəli əməkdaşının məhkəməsi davam etdirilib.
"Azər mühafizə" MMC mühafizə şirkətinin Şirvan bölməsinin sabiq rəisi Namiq Məhərrəmovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə prokuror çıxış edib.
Prokuror N.Məhərrəmovun 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Növbəti məhkəmə iclası aprelin 3-də davam edəcək.
Bildirək ki, 2015-ci ildə Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Namiq Məhərrəmov işə düzəltmək adı ilə vətəndaşları aldatdığına görə həbs edilib.
Məlumata görə, "Azər Mühafizə" MMC və "Qala" BTX MMC adlı özəl mühafizə şirkətlərinin vəzifəli şəxsləri ayrı-ayrı vətəndaşların etibarından sui-istifadə edərək onların külli miqdarda vəsaitlərini ələ keçiriblər.
Zərərçəkmiş şəxslərin sayı isə 5200 nəfərdən çoxdur.
Namiq Məhərrəmov Cinayət Məcəlləsinin 162-1.2-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, eyni əməllər təkrar törədildikdə), 178.3.1-ci (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 311.3.1-ci (rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.
Xatırladaq ki, Namiq Məhərrəmov bu iş üzrə axtarışda olarkən istintaqdan yayınmışdı. Bu səbəbdən Namiq Məhərrəmovun barəsində axtarış elan olunub. Daha sonra həbs edilib, işi ayrıca icraata verilib.
İttiham aktına əsasən, Namiq Məhərrəmov vətəndaşları mühafizə işinə düzəltmək adı altında aldadaraq, onların 180 min 615 manat pulunu dələduzluq yolu ilə mənimsəyib.|musavat
Sorğu
Yeni dizaynımız necədir?