Vətəndaşları işə düzəltmək adı ilə aldatmaqda təqsirləndirilən mühafizə şirkətinin vəzifəli əməkdaşı hakim qarşısına çıxarılıb.
"Azər mühafizə" MMC şirkətinin Şirvan bölməsinin sabiq rəisi Namiq Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş qismində Elməddin Nəbiyev ifadə verib.
O bildirib ki, işə düzəlmək üçün "Azərmühafizə"yə 3 min manat pul verib.
Bu pulun 1000 manatını Namiq Məhərrəmova verdiyini deyən zərərçəkmiş 2 min manatı ida depozit üçün idarədə bir xanıma təqdim etdiyini söyləyib: "İki ay işə çıxdım, lakin maaş almadım".
N.Məhərrəmov zərərçəkmişin ifadəsini təsdiq edib.
Zərərçəkmiş İlkin Heydərov da məhkəmədə dindirilib. O deyib ki, iş üçün N.Məhərrəmovun yanına gedib.
"Ümumilikdə 3 min manat pul vermişəm. Həmin pulun 2 min manatını Namiq Məhərrəmova verdim, 2 min manatı isə depozit qoydum. Sonra Saatlı rayonunda mağazada mühafizəçi kimi işə çıxdım. Namiqə verdiyim pulu dedilər ki, forma pulu çıxılacaq. Pulumu tələb edirəm"- deyə zərərçəkmiş şəxs ifadəsində bildirib.
Təqsirləndirilən N.Məhərrəmov zərərçəkmiş İ.Heydərovun ifadəsini də təsdiq edib.
Məhkəmənin növbəti iclası sentyabrın 26-na təyin edilib.
2015-ci ildə Daxili İşlər Nazirliyinin yaydığı məıumata görə, Namiq Məhərrəmov işə düzəltmək adı ilə vətəndaşları aldatdığına görə həbs edilib.
Məlumata görə, "Azər mühafizə" MMC və "Qala" BTX MMC adlı özəl mühafizə şirkətlərinin vəzifəli şəxsləri ayrı-ayrı vətəndaşların etibarından sui-istifadə edərək onların külli miqdarda vəsaitlərini ələ keçiriblər.
Zərərçəkmiş şəxslərin sayı isə 5200 nəfərdən çoxdur.
Namiq Məhərrəmov Cinayət Məcəlləsinin 162-1.2-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, eyni əməllər təkrar törədildikdə), 178.3.1-ci (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 311.3.1-ci (rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.
Xatırladaq ki, Namiq Məhərrəmov bu iş üzrə axtarışda olarkən istintaqdan yayınmışdı. Bu səbəbdən Namiq Məhərrəmovun barəsində axtarış elan olunub. Daha sonra həbs edilib, işi ayrıca icraata verilib.
İttiham aktına əsasən, Namiq Məhərrəmov vətəndaşları mühafizə işinə düzəltmək adı altında aldadaraq, onların 180 min 615 manat pulunu dələduzluq yolu ilə mənimsəyib.|musavat.com
Sorğu
Yeni dizaynımız necədir?