Vətəndaşları işə düzəltmək adı ilə aldatmaqda təqsirləndirilən mühafizə şirkətinin vəzifəli əməkdaşı hakim qarşısına çıxarılıb.
gundemxeber.az Musavat.com-a istinaden xəbər verir ki, "Azər mühafizə" MMC mühafizə şirkətinin Şirvani bölməsinin sabiq rəisi Namiq Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
Təqdurləndirilən şəxs ittiham üzrə özünü təqsirli bilmədiyini deyib.
O, heç kimi işə qəbul etmədiyini söyləyib: "İşə düzəlmək istəyən şəxsləri sadəcə istiqamət vermişəm".
N.Məhərrəmov günahsız olduğunu, ona qarşı irəli sürülmüş ittihamları qəbul etmədiyini deyib.
Məhkəmədə zərərçəkmiş şəxs qismində İsmayıl Xəlilov ifadə verib.
Təqsirləndirilən şəxslə mühafizə xidmətində işləyən zaman tanış olduğunu deyən zərərçəkmiş söyləyib.
"İşsiz idim. Qardaşım Hacı mühafizə idarəsində iş olduğunu dedi. Həmin yerə birlikdə getdik. İşə qəbul olundum, müqavilə bağlanıldı. Sonra postlara çıxdım. İşə girmək üçün 3 min manat verdim. Bir-iki ay işlədim. Həmin zaman zaman maaşlar verilmədi. İndi də pulumu tələb edirəm"- deyə İ.Xəlilov qeyd edib.
İttihama münasibət bildirən N.Məhərrəmov deyib ki, X.İsmayılov cinayət işində olan 67 zərərçəkmişdən biridir.
"Onun işə qəbul olunmasında, şirkətlə bağladığı müqavilədə heç bir imzam yoxdur. Mən sadəcə həmin şəxslərin rəisi olmuşam. Pulun depozitə qoyulmasında, işçilərlə müqavilə bağlanılma məsələsindən xəbərsizəm"- deyə təqdirləndirilən şəxs qeyd edib.
2015-ci ildə Daxili İşlər Nazirliyinin yaydığı məıumata görə, Namiq Məhərrəmov işə düzəltmək adı ilə vətəndaşları aldatdığına görə həbs edilib.
Məlumata görə, "Azər Mühafizə" MMC və "Qala" BTX MMC adlı özəl mühafizə şirkətlərinin vəzifəli şəxsləri ayrı-ayrı vətəndaşların etibarından sui-istifadə edərək onların külli miqdarda vəsaitlərini ələ keçiriblər.
Müəyyən olunub ki, "General" MMC, daha sonra "Azər Mühafizə" MMC və "Qala BTX" MMC adlı özəl mühafizə şirkətlərinin direktoru Vüqar Hüseynov adları çəkilən qurumların vəzifəli şəxsləri Mirabtalıb Cəfərov, Kamil Bayramov, Aydın Həsənov, Fariz Babayev və başqalarından ibarət mütəşəkkil dəstə yaradıb.
Dəstə üzvləri 2013-2014-cü illər ərzində mühafizəçi və başqa vəzifələrə qəbul olunmaları üçün ayrı-ayrı vətəndaşları aldadaraq depozitə pul qoymalarına inandırıb, sonra taladıqları vəsaitin bir qismini əmək haqqı kimi onlara qaytararaq digərlərinin də bu adla daha çox pul ödəmələrinə nail olublar. Beləliklə də, həmin şəxslər paytaxtda, respublikanın digər şəhər və rayonlarında vətəndaşlara qarşı dələduzluq ediblər. Açılan cinayət işi üzrə 40-a yaxın şəxs həbs edilib.
Zərərçəkmiş şəxslərin sayı isə 5200 nəfərdən çoxdur.
Namiq Məhərrəmov Cinayət Məcəlləsinin 162-1.2-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, eyni əməllər təkrar törədildikdə), 178.3.1-ci (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 311.3.1-ci (rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.
Xatırladaq ki, Namiq Məhərrəmov bu iş üzrə axtarışda olarkən istintaqdan yayınmışdı. Bu səbəbdən Namiq Məhərrəmovun barəsində axtarış elan olunub. Daha sonra həbs edilib, işi ayrıca icraata verilib.
İttiham aktına əsasən, Namiq Məhərrəmov vətəndaşları mühafizə işinə düzəltmək adı altında aldadaraq, onların 180 min 615 manat pulunu dələduzluq yolu ilə mənimsəyib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?