Daha bir rusiyalı oliqarx-milyarder, “Alfa-group” konsorsiumunun sahibi German Xan ABŞ-da Donald Trampın seçkiqabağı qərargahı ilə Kreml arasında əlaqələri araşdıran xüsusi prokuror Robert Müllerin hədəfindədir.
gundemxeber.az xəbər verir ki, özünün qapalı fəaliyyəti və sürpriz taktikaları ilə tanınan xüsusi prokuror hərdən onun fəaliyyətini izləməyə çalışanlar üçün bilərəkdən bəzi ipucları da buraxır. Belə ip uclarından biri Müllerin hollandiyalı hüquqşünas Aleks van der Zvaan barədə həbs qətimkan tədbirinin seçilməsi üçün bu günlərdə məhkəməyə göndərdiyi məktubda yer alır. Hüquqşünas Müllerin müstəntiqlərinə yalan ifadə verməkdə təqsirləndirilir.
Müller hollandiyalı hüquqşünasın minimal da olsa real həbs müddəti almasında israr edib. İlk baxışdan van der Zvaanın barəsində təhqiqat onun Trampın seçki qərargahının rəhbərləri Pol Manafort və Rik Geytsin Ukraynada Yanukoviç hakimiyyəti dövründə fəaliyyəti ilə bağlıdır. Lakin əslində Müllerin komandasının başqa hədəfi də ola bilər. Axı Van der Zvaan rusiyalı oliqarx, “Alfa-group” konsorsiumunun sahiblərindən biri German Xanın kürəkənidir. Prokuror Van der Zvaan barəsində həbs qərarı verilməsinin zəruriliyini əsaslandıran qeydlərində də birbaşa oliqarxa işarə edir. “Van der Zvaan həm şəxsən, həm qaynatası, tanınmış rusiyalı oliqarx vasitəsilə kifayət qədər maliyyə resurslarına malikdir. O, barəsində çıxarılmış istənilən cəriməni ödəyə bilər”-Müller bildirib.
German Xanın və onun şirkətlər qrupunun adı Tramp barədə Böyük Britaniyanın Mİ6 xarici kəşfiyyat xidmətinin keçmiş xüsusi agenti Kristofer Stilin hazırladığı qalmaqallı dosyedə də keçir. Həmin dosye “Fusion GPS” şirkətinin sifarişi ilə hazırlanmışdı. Dosye yayılandan sonra German Xan və onun partnyorları Mixail Fridmanla Petr Aven “Fusion GPS” şirkətinə və onun sahibi Glenn Simpsona qarşı məhkəmə iddiası qaldırmışdılar. Stilin dosyesində göstərilirdi ki, Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxiləsində “Alfa-group” və onun partnyorları da iştirak edib. Bunu təsdiq edən elektron yazışmalar da dosyedə yer alır. Nəşr yazır ki, xüsusi prokuror bu məhkəmə sənədinə də istinad edir.
German Xan barəsində WikiLeaks saytı tərəfindən ələ keçirilib yayılan Amerika məxfi diplomatik teleqramlarında da bəhs edilir. 2008-ci ildə Moskvadakı Amerika səfirliyinin göndərdiyi teleqramda German Xanın barəsində britaniyalı neftçi Tim Sammersin danışdıqlarına yer verilirdi. Tim Sammers oliqarxla birlikdə ovda olub və gördüklərini səfirliyə belə çatdırıb: “Xan ova nəinki öz rəfiqəsi, üstəlik 6 fahişə ilə birlikdə gəlmişdi. Onlar Xanın meşədəki ovçu evinə yollandılar. Ev əslində meşənin ortasında “Four Seasons” otelinə oxşayırdı”.
Həmin axşam şam yeməyi zamanı Xan heyrətdən ağzı əyilən Sammersə danışır ki, onun sevimli filmi “Xaç atası”dır və bu filmə ayda bir neçə dəfə baxır, onu özünün həyatı üçün “rəhbər” hesab edir. Xan habelə şam yeməyində xrom örtüklü tapança ilə oturmuşdu.
Maraqlıdır ki, Putinlə sıx əlaqələrinə baxmayaraq “Alfa-group”dan olan milyarderlər , o cümlədən German Xan son vaxtlara qədər ABŞ-ın sanksiyalarının təsiri altına düşməmişdi. Yalnız ötən gün onlardan biri Mixail Fridmana qarşı bir qrup rusiyalı oliqarxla birlikdə sanksiya tətbiq edilib. German Xan isə siyahıda yer almayıb.
Xəbər verildiyi kimi xüsusi prokuror Müller ötən ay ABŞ-a səfər edən üç rusiyalı oliqarxı saxlayıb Rusiya işi üzrə dindirib. Onlardan biri şəxsi təyyarəsi ilə Nyu York aerportuna enən kimi saxlanılıb və elektron qurğularına baxış keçirilib. Rusiya mənbələri müəyyən ediblər ki, söhbət Roman Abramoviçdən, Mixail Proxorovdan və Viktor Vekselberqdən gedə bilər.
Habelə Trampla birlikdə Moskvada “Kainat gözəli” müsabiqəsi keçirən Araz Ağalarov və oğlu Emin Ağalarov da Müllerin komandasının təhqiqat obyektidir. 2008-ci ildə Trampın malikanəsini bazar dəyərindən baha-98 milyon dollara alan digər rusiyalı oliqarx Dmitri Rıbolovlevin də adı Müllerin Rusiya təhqiqatında çəkilir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?