Mitinq Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə razılaşdırılıb
Milli Şura və Müsavat Partiyasının birgə mitinqi başlayıb.
Ənənəvi olaraq mitinqin əvvəlində Azərbaycan himni oxunub.
***
Aprelin 14-də Milli Şura və Müsavat Partiyasının birgə mitinqi keçirilir.
Mitinq Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə razılaşdırılıb.
Təşkilatçıların bildirdiyinə görə, mitinqin əsas şüarı «Xalqın seçki hüququnu özünə qaytar!» olmalıdır. Bundan başqa, prezident seçkisinin nəticələri ilə bağlı şüarların da səsləndiriləcəyi gözlənir.
Mitinqin təşkilatçıları dünən, aprelin 13-də Bakı Şəhər Baş Polis İdarəsinə çağırılmışdılar.
Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini S.Bağırov isə təşkilatçıların idarəyə çağırılmasını belə izah edib:
« Mitinqdə Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanan müraciətdə qeyd olunan şüarlardan fərqli şüarların səslənməsinə, həmçinin iğtişaşa və qarşıdurmaya səbəb ola biləcək hər hansı addımın atılmasına imkan verilməyəcək. Əks təqdirdə, mitinqin təşkilatçıları və günahkarlar qanun çərçivəsində cəzalandırılacaqlar».
Mitinq təşkilatçıları isə bildirirlər ki, onlar da qanunları pozmaqda yox, sivil mübarizədə maraqlıdırlar.
Milli Şura və Müsavat Partiyası budan öncə, martın 31-də və martın 10-da birgə aksiya keçirmişdilər. Həmin aksiyalarda “ Talana son”, “Monarxiyaya son”, “ Azad seçkilər” və “ Siyasi məhbuslara azadlıq” kimi şüarlar səsləndirmişdilər.
Xatırlatma Aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilib. Hələ seçki günü gecə, Mərkəzi Seçki Komissiyası (MSK) bildirmişdi ki, artıq səslərin 90 faizindən çox sayılıb. Sayılan bülletenlərə əsasən, hazırkı dövlət başçısı İlham Əliyev 86 faizlə liderdir. Qalan 7 namizədin 0.75 faizdən 3.11 faizə kimi səs topladığı bildirilib.
Müsavat Partiyası və Milli Şura növbədənkənar prezident seçkisini boykot ediblər. Onlar seçkinin nəticəsini tanımadıqlarını açıqlayıblar.
Hazırkı dövlət başçısı İ.Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası isə seçkilərin azad və ədalətli keçirildiyini bildirib.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) müşahidəçiləri, bu qurumun və Avropa Şurası parlament assambleyalarının nümayəndə heyətlərinin hazırladığı birgə hesabatda isə Azərbaycandakı seçkilərin hüquq və azadlıqların məhdudlaşdırılması şəraitində keçirildiyi bildirilib./amerikaninsesi.org
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?