Bütünlükdə isə komissiyanın bu il 1100-ə kimi müraciəti nəzərdən keçirdiyi vurğulanır
Prezident yanında Əfv Məsələləri Komissiyasının bu mərhələdə iclaslarının başa çatdığı bildirilir.
Bu barədə komissiyanın üzvləri deyiblər.
Mayın 17-də keçirilən iclasda əfvlə bağlı 100-dən çox müraciətə baxıldığı və onların əksəriyyətinə müsbət rəy verildiyi söylənir.
Bütünlükdə isə komissiyanın bu il 1100-ə kimi müraciəti nəzərdən keçirdiyi vurğulanır.
Bundan sonra əfvi istənilən şəxslərin siyahısı prezidentə təqdim olunmalıdır.
Əfv komissiyasının üzvü Əliməmməd Nuriyev də komissiyanın öz işini bu mərhələdə başa vurduğunu təsdiqləyib.
Ə.Nuriyev vurğulayıb ki, növbəti əfv fərmanının 28 May- Cümhuriyyət bayramı öncəsi verilməsi istisna edilmir.
Azərbaycan prezidenti sonuncu əfv sərancamını 2017-ci il martın 16-da imzalayıb. Həmin əfv 423 nəfərə şamil olunub.
Hüquq müdafiə təşkilatları Azərbaycanda ümumilikdə yüz altmışadək siyasi məhbusun, Beynəlxalq Əfv (Amnesty İnernational) təşkilatı isə ondan çox "vicdan məhbusu"nun olduğunu bildirir.
Ancaq Azərbaycan hakimiyyəti birmənalı şəkildə ölkədə siyasi məhbusların olmadığını deyir. Rəsmilər bildirir ki, hüquq müdafiəçilərinin siyasi məhbus saydığı şəxslər törətdikləri əmələ görə məsuliyyətə cəlb edilib. Sadəcə onların həbsi maraqlı qüvvələr tərəfindən siyasiləşdirilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?