Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının aprelin 4-də növbəti toplantısı olub.
Komissiyanın üzvü Əliməmməd Nuriyev Amerikanın Səsinə bildirib ki, bugünki toplantıda yüzdən artıq müraciətə baxılıb və əksəriyyətinə müsbət rəy verilib.
“Ümumilikdə indiyədək komissiyada yüzlərlə müraciətlə baxılıb”, o qeyd edib.
Bu il Əfv Komissiyasının 5 iclası keçirilib. Komissiyaya mindən artıq məhbusun müraciətinin daxil olduğu bildirilir.
Komissiyanın iclasları yekunlaşandan sonra əfv olunacaq şəxslərin siyahısı prezidentə təqdim ediləcək.
Yerli media Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi ərəfəsində (28 may) əfv sərəncamının imzalanacağını və ya amnistiya aktının qəbul ediləcəyini bildirir. Bəzi hüquq müdafiəçiləri isə prezident seçkilərindən sonra əfv sərəncamının imzalanacagını, AXC-nin 100 illiyində amnistiya aktının qəbul edilcəyini güman edir.
Azərbaycan prezidenti sonuncu əfv sərancamını 2017-ci il martın 16-da imzalayıb. Həmin əfv 423 nəfərə şamil olunub.
Bu il Novruz bayramı ərəfəsində, mart ayında yeni əfv olacağı ilə bağlı bəyanatlar səslənsə də əfv sərəncamı imzalanmayıb.
Hüquq müdafiə təşkilatları Azərbaycanda ümumilikdə yüz altmışadək siyasi məhbusun, Beynəlxalq Əfv (Amnesty İnernational) təşkilatı isə ondan çox "vicdan məhbusu"nun olduğunu bildirir.
Ancaq Azərbaycan hakimiyyəti birmənalı şəkildə ölkədə siyasi məhbusların olmadığını deyir. Rəsmilər bildirir ki, hüquq müdafiəçilərinin siyasi məhbus saydığı şəxslər törətdikləri əmələ görə məsuliyyətə cəlb edilib. Sadəcə onların həbsi maraqlı qüvvələr tərəfindən siyasiləşdirilib.
Sorğu
Yeni dizaynımız necədir?