2018-ci ilin əvvəlindən Bakının “Sovetski” məhəlləsində anons edilən kütləvi söküntü prosesi ləngiyir. “Təzə Pir” məscidinin yuxarı hissəsində, Nəriman Nərimanov prospekti ilə İsmayıl bəy Qutqaşınlı küçələri arasındakı köçürülmə nəzərdə tutulan ərazilərdə sakinlərə ilin əvvəlində bildirişlər paylansa da, evlərin söküləcəyi tarixi heç kim bilmir.
“Sovetski”nin qalan hissəsinin köçürüləcəyini fevral ayında Yasamal rayonuna yeni təyin olunmuş icra başçısı Əziz Əzizov elan etmişdi. İcra başçısı köçürüləcək ünvanlara baş çəkib, ərazidə 2010 yaşayış və qeyri yaşayış obyektlərin satın alınması və həmin ərazinin təmizlənməsi barədə tapşırıqlar vermişdi. Amma Bakının bu qədim məhəlləsində bir neçə il əvvəl başlamış söküntünün ikinci mərhələsi hələ başlamayıb.
gundemxeber.az xəbər verir ki, virtualaz.org-un əməkdaşları tarixi məhəllənin dağıntıların əhatəsində qalan sonuncu dalanlarına baş çəkiblər. Buldozerlərin səs-küyü, iri yük maşınlarının sağa-sola şütüyərək havada yaratdığı toz-duman burulğanı buradakı sakinlərin gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Evlərinin nə vaxt söküləcəyini, nə zaman köçürüləcəklərini isə heç kim bilmir. Məlum oldu ki, icra hakimiyyətinin söküntü ilə əlaqədar səlahiyyətli şəxslərini də onlar axırıncı dəfə elə bildirişlər paylananda görüblər.
“Sovetski”də son bir neçə ayda yolların çəkilişi və digər təmir işləri aparılsa da, əsas dəyişiklik söküləcək evlərin qarşısına çəkilən nəhəng divardır. Əlində qara boya divarın içəri üzünü rəngləyən fəhlə bizə hasarın müvəqqəti – bir neçə aylıq çəkildiyini deyir. Bu həm içəridəki söküntünün görünməsinin qarşısını alır, həm də toz-torpağı küçəyə yayılmağa qoymur.
“Hər gün əl gəzdirilməsə, burada yaşamaq olmaz”
Hasarda giriş-çıxış üçün qoyulmuş arkodan içəri daxil oluruq. Burada evlərlə zibilliklərin sərhədi çoxdan itib. Qazıntıların arasında evlər, evlərin arasında qalaqlanmış zibil yığınları gözə dəyir. Amma həyətlərin qarşısında yığılıb nərd oynayan ağsaqqallar keçmiş “Sovetski”nin ruhunu hələ də yaşadır. Onlara yaxınlaşmağımızla sanki dərdlərini təzələyirik.
“Gəlib sökmürlər ki, canımız qurtarsın, qalmışıq tozun, zibilin içərisində. Nə yaşayışımız yaşayışdır, nə günümüz gün. Evlərimiz kiflənib, divarlar suyun içərisindədir. Biz dədə-babadan burada yaşamışıq, hələ indiyəcən belə nəmişlik görməmişik. Bütün məhəllənin kanalizasiyasını qazıblar, dağıdıblar, evlərimiz bu günə düşüb”, - deyə sakinlərin ən yaşlısı, Vahid Bünyadov sözə başlayır.
Nərimanov prospekti, dalan 3-də yaşayan həmsöhbətimiz yaşayışını gözümüzlə görmək üçün bizi içəri dəvət edir. Ensiz dəhlizi keçib 4 ailənin yaşadığı həyətə daxil oluruq. Bir-birinin içərisində yerləşən iki otaqdan ibarət mənzilin girişindən nəm qoxusu hiss olunur.
“Burada paltar şkafı var idi, nəmdən çürüdü, sındırıb atdım. O biri şkafda nə qoymuşamsa, hamısından su axır. Divarların da rəngini görürsünüz, hər gün əl gəzdirilməsə, burada yaşamaq olmaz. Bəzən olur ki, yaxınlıqda ağır texnikaya görə oturduğumuz yerdə ev iki saat titrəyir. İydən, səsdən oturmaq olmur, bu yaşımızda bütün əsəblərimiz korlanıb. Yayın cırhacırında onsuz da otaqda hava yoxdur, məcburiyyətdən xalçanı sərmişik”, - həmsöhbətimiz xalçanı qaldıraraq altındakı suyu bizə göstərir. Otaq daim nəm qaldığından döşəməyə vurulan laminat sıradan çıxıb. Otağın havası o qədər ağırdır ki, bir neçə dəqiqə belə içəridə qalmaq çətinlik yaradır.
“Şəhərin qurtaracağında komada qalacağamsa, elə oturmuşam da dədə-baba yurdumda...”
Həyətdən çıxmağa hazırlaşırıq ki, digər sakin, Fərhad Dostəliyev yaxınlaşaraq veriləcək kompensasiyanın azlığından narazılığını bildirir: “Elə indicə mağazadan gəlirəm. Əvvəllər 2.80 qəpiyə aldığım yağı 4 manat 60 qəpiyə almışam. Demək olar ki, qiymət 2 dəfə qalxıb. Bura sökülməyinə sökülsün, biz bir şey demirik, amma kompensasiyanı da heç olmasa qaldırsınlar. Bizə deyiblər hər kvadrat metrə görə 1500 manat kompensasiya veriləcək. Bu ərazidə 2-3 adamda 30 kv metr sahəsi olan ev var, əksəriyyəti 15-20 kv metrdir. Bu pula biz nə alacağıq? Hövsanda da iki otaqlı ev 80 min manatdır. Əgər şəhərin qurtaracağında da bu boyda komada qalacağamsa, elə oturmuşam da dədə-baba yurdumda. İtə də itliyi ilə bir koma alırlar, yerləşdirirlər, axı biz insanıq”, - deyə F. Dostəliyev gileylənir.
Çingiz Mustafayev küçəsində də oxşar vəziyyətlə qarşılaşırıq. Hazırda “Sovetski”də avtomobil dayanacağına nəzarət edən Rəhim Lütfəliyev deyir ki, bildirişin verilməsindən 3 aya yaxın vaxt keçsə də, sökülmədən xəbər yoxdur.
“Elə vəziyyətdəyik ki...”
Salatın Əsgərova küçəsi, dalan 1-də yaşayan Həlilə Məhərrəmova isə deyir ki, prezident seçkilərindən sonra evlərinin söküləcəyinə ümid edirdi: “Biz dedik bəlkə seçkilərdən sonra evlərimiz sökülər. Əslində bura çox rahatdır, şəhərin mərkəzidir, maşın olmasa belə şəhərin mərkəzinə ayaqla gedirəm. Yəni köçməyə könülsüzəm. Amma elə vəziyyətdəyik ki, evimiz kif atıb. Bütün əşyalarımızı qutulara yığıb gözləyirik. Bilsəydik köçməyəcəyik, evimizi təmir edərdik”.
Sakinlərlə söhbətdən aydın olur ki, onlar söküntüdən və vəd olunan kompensasiyanın miqdarından narazı olsalar da, buldozerlərə müqavimət göstərmək niyyətində deyillər. Ən böyük istəkləri ömürlərinin 4 ilini alan söküntünün tezliklə bitməsini istəyirlər.
“Sovetski” ərazisindən köçürmənin birinci mərhələsi 2017-ci ilin avqustunda başa çatıb. Bu prosesdə 4 min 300 ailə məhəllədən köçürülüb. Köçürmə prosesi kompensasiyanın məbləğinə görə çoxsaylı mübahisələrlə, etiraz aksiyaları ilə müşaiyət olunub.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?