REAL Partiyasının fəallarının həbsi müxalifət liderləri tərəfindən kəskin tənqidlə qarşılanıb.
Milli Şuranın sədri Cəmil Həsənli bildirir ki, REAL partiyasının rəhbərlərindən olan Azər Qasımlının inzibati qaydada 30 sutka müddətinə həbs olunması Azərbaycanda hüququn hansı vəziyyətdə olmasının aydın göstəricisidir.
“Dəlil kimi Azər bəyin guya küçədə polisin qanunsuz tələbinə əməl etmədiyi əsas gətirilib. Mən mayın 28-də REAL-ın tədbirində olmuşam və Cümhuriyyət abidəsinə qədər Azər bəylə birgə addımlamışıq. Azər bəy nə kobud ifadə işlədib (ümumiyyətlə bu ifadə onun təbiətinə uyğun deyil), nə də ictimai qaydanı pozan başqa bir hərəkətə yol verib. Bu ittiham tamamilə saxtadır, Azərbaycan hakimiyyətinin repressiya siyasətinin tərkib hissəsidir və heç bir əsası olmayan böhtandır. Azər bəyin həbsini qətiyyətlə pisləyir və bu həbsi hüquqa zidd, tamamilə qanunsuz, Azərbaycan Cümhuriyyətinin yüzüncü ildönümünə Əliyev rejiminin həqarəti hesab edirəm”, Milli Şuranın sədri facebook səhifəsində yazır.
Müsavat Partiyasının başqanı Arif Hacılı yazır ki, dünya dövlətləri siyasi liderlərinin bizi Cümhuriyyət Günü münasibətilə təbrik etdiyi günlərdə Azərbaycan siyasətçisinin bayram tədbirində iştirakına görə həbs olunması absurddur, hüquqa, Cümhuriyyət dəyərlərinə hörmətsizliyin bariz nümunəsidir.
“Bu, həm də 28 May Cümhuriyyət Gününü ən önəmli bayram kimi qəbul edən xalqımıza qarşı hörmətsizlikdir. Azər Qasımlı dərhal azad edilməlidir. Bütün siyasi məhbuslara azadlıq!” o qeyd edib.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli REAL Partiyasının fəallarının həbsini qəti şəkildə pisləyir.
“Heç şübhəsiz ki, bu həbs Azər bəyin dünənki cümhuriyyət bayramı tədbirlərində aktiv rolu ilə bağlıdır. Rejim öz səhv yolu ilə davam edir. Ölkədə qəbristanlıq sükutu bərqərar etmək istəyirlər. Ancaq təkcə Avropada, Bakıda "İstiqlal abidəsi"nin və Novxanıda Rəsulzadənin abidəsi önündə İstiqlal bayramını qeyd edən insanların sayı və ovqatı bizi əmin edir ki, bacarmayacaqlar!”, Kərimli Facebook səhifəsində yazır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?