Milli Məclis üzvləri bank kreditləri, əlillərin durumu, əməyin istismarı, sahibkarların durumu və digər məsələlərlə bağlı məsələ qaldırdılar
Mayın 31-də Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası spiker Oqtay Əsədovun sədrliyi ilə keçirildi. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununa dəyişikliklərlə bağlı Hüquq siyasəti dövlət siyasəti komitəsinin sədri Əli Hüseynli məlumat verdi.
Komitə rəhbəri bildirdi ki, Ələt Azad İqtisadi Zonası haqqında dəyişikliklər təklif olunur. Ə.Hüseynli dedi ki, qanun vətəndaşların hüquqlarının müdafiəsinə xidmət edəcək.
Deputat Qüdrət Həsənquliyev belə bir azad iqtisadi zonanın yaradılmasını Azərbaycan üçün mühüm hadisə adlandırdı. Ancaq əlavə etdi ki, burada Azərbaycan Konstitusiyası ilə ziddiyyət təşkil edən məsələlər var. “Biz konstitusiya qanununa dəyişiklik etməklə səlahiyyət veririk ki, Azad İqtisadi Zonanın səlahiyyətli qurumu Milli Məclisin səlahiyyətini mənimsəsin” - deyə, Q.Həsənquliyev bildirdi. “Milli Məclisin həll etməli məsələləri ayrıca quruma həvalə etmək düzgün deyil” deyə, deputat əlavə etdi.
Spiker Oqtay Əsədov dedi ki, artıq qanun qəbul olunub. Həmçinin qeyd etdi ki, bu dəyişikliklər azad iqtisadi zonanın yaxşı işləməsi üçün qəbul edilir.
Dəyişikliklər səsə qoyularaq qəbul edildi.
Bunda sonra “2017-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirəyə çıxarıldı. Müzakirələrdə maliyyə naziri Samir Şərifov və digər hökumət nümayəndələri də iştirak edirdi. Layihə barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verdi. Komitə sədri bildirib ki, 2017-ci ildə dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 98,1 faiz və ya 17 milyard 595 milyon manat səviyyəsində icra olunub. Xərclərin 62 faizi cari xərclərdir. Dövlət büdcəsindən maliyyələşən təsərrüfatların olduğunu deyən Z. Səmədzadə qeyd etdi ki, bəzi məsələlər sahibkarlığın inkişafına mane olur: “Bunlar aradan qaldırılmalıdır. Özəl sektor sosial məsuliyyəti artırılmalı, banklarla bağlı problemlər həll olunmalıdır. Belə olan halda, dövlətin üzərinə düşən yük yüngülləşsin”.
Z.Səmədzadə təxminən 20 dəqiqəlik çıxış etdi. Komitə sədri “mən çox danışıb vaxtınızı almaq istəmirəm və sizi qanuna səs verməyə çağırıram” - deyib sözlərini yekunlaşdırdı. Spiker Oqtay Əsədov gülərək “Ziyad müəllim, yaxşı ki, çox danışmadınız” - deyə, reaksiya verdi.
“2017-ci ilin sonuna Azərbaycanın ümumu dövlət borcu 17 mlrd. manat, adambaşına borc isə 1 718,3 manat təşkil edib”. Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov dedi. Palata sədri bildirdi ki, ümumi borcun 93,9% i xarici borcların payına düşür. V.Gülməmmədovun sözlərinə görə, ötən il Azərbaycanın dövlət büdcəsinin gəlirlərində 15 mədaxil mənbəyi üzrə proqnoz tam icra olunub, 7 mədaxil mənbəyi üzrə isə proqnoza əməl edilməyib.
“2017-ci il büdcəsi neftdən ən az asılı olan büdcədir. Həmçinin 2017-ci il büdcəsi 2010-cu ildən bəri Dövlət Neft Fondundan ən az transfert olunan büdcədir”.
Bunu deputat Əli Məsimli söylədi. Ardınca əlavə etdi ki, təkcə 2017-ci ildə yox, ondan əvvəl də, sonra da qeyri-neft sektorundan əldə edilən vəsaitlər cari xərclərdən az olub: “Büdcəyə parlament nəzarətinin artırılması istiqamətində addımların atılmasını zəruri hesab edirik. Görürük ki, Hesablama Palatası hansı təşkilatı yoxlayırsa, orada yeyintilər, mənimsəmələr aşkar edir. Daha ciddi yoxlamalar aparılsa, yeni faktlar ortaya çıxarıla bilər”.
Komitə sədri Siyavuş Novruzov bank kreditləri ilə bağlı hökumətdən məlumat istədi: “2017-ci ildə də məsələ qaldırıldı ki, Azərbaycanda bank kreditlərinin faizinin yüksək olduğu dəfələrlə qeyd olundu. Lakin bu istiqamətdə addımlar atılmadı. Nə həmin strukturların rəhbərləri, nə də aidiyyəti qurumlar bu məsələlərlə bağlı mətbuatda yayılan məlumatlara münasibət bildirmir. Əgər bunlar böhtandırsa, böhtanı yayanlar cəzasını almalıdır, yox əgər həqiqətdirsə, onda cavabdeh şəxslər cəzalandırılmalıdır”.
Deputat Fərəc Quliyev dedi ki, idxalda ərzaq məhsullarının payı 11 faiz olub: “Ən pisi də budur ki, bu məhsulların böyük əksəriyyəti Azərbaycanda istehsal oluna bilər. Bu, valyutanın xaricə axını deməkdir”. Deputat hökumətə sual etdi: “Avantürist layihələrə ayrılan vəsaitlərin geri qaytarılması ilə bağlı tədbirlər görülür, ya yox?”
Deputat Fazil Mustafa bildirdi ki, sahibkarlara dəstək verdikdən sonra ondan vergi tələb etmək lazımdır: “Fiziki şəxslərin vergiləri kəsirlə icra etməsi müəyyən səbəblə izah olunur. Bunun əsas səbəbi sahibkarın vəziyyəti ilə bağlıdır. Yalnız dəstək veriləndən sonra istənilən səviyyədə vergi toplana bilər. Bu olmayanda vergi ödəmə qabiliyyətinin aşağı düşməsinə səbəb olur. Bu gün bir sıra binalar sökülür, yerində tikilən binalarda sahibkara mülkiyyət sənədi verilmir. Yaxın gələcəkdə bu problemin nəticələri üzə çıxacaq. Nəticədə uduzan vətəndaş olacaq. Birinci növbədə islahatlar vətəndaş nəzərə alınaraq aparılmalıdır. Hazırda pensiya fonduna ödənişlə bağlı qaydalar vətəndaşda fonda ödəniş etməkdə maraq yaratmır”.
“Nə qədər ki, bankların sağlamlaşdırılmasına nail olmamışıq, ölkədə Ümumi Daxili Məhsulun (ÜDM) artımında problemlər olacaq”.
Bu fikirləri isə Vahid Əhmədov söylədi. Deputat bildirdi ki, ÜDM-də artımın azalması kredit qoyuluşunun azalması ilə izah edilir: “Kredit qoyuluşunun azalmasının əsas səbəbi isə ölkədə bank sistemində yaranmış ciddi problemlərlə bağlıdır. Bu gün ölkədə 30 bank fəaliyyət göstərsə də, onlardan ancaq 4-5-ində tam kapitallaşma həyata keçirilib. Yerdə qalan banklarda kapitallaşma prosesi getməyib. 25-dək bankda sağlamlaşdırma prosesi baş verməyib. Banklarda sağlamlaşdırma prosesi baş verməyənədək ÜDM-in artımına nail ola bilməyəcəyik”. Deputat mənzil kommunal sahələri ilə bağlı büdcədə əksini tapan məsələlərə də toxunaraq dedi ki, bu sahədə, ümumiyyətlə, şəffaflıqdan danışmağa dəyməz.
Tahir Kərimli insanların iş yerlərində istismarından danışdı: “Biz tarix kitablarından oxuyurduq ki, 17-18-ci əsrlərdə insanlar 8 saatlıq iş uğrunda mübarizə aparıblar. Ancaq indi bizim vətəndaşlar 12-15 saat işləməyə vadar olurlar. Çünki onlar daha çox işləməklə ailə saxlamaq istəyirlər. Biz bu insanlara normal əmək haqqı versək, onlar artıq işləməyə ehtiyac görməzlər. Bizdə varlı təbəqə ilə kasıb təbəqə arasında çox böyük fərq var. Bunu aradan qaldırmaq, orta təbəqəni formalaşdırmaq lazımdır”.
Fəzail İbrahimli dedi ki, “Kəmalüddövlənin Cəlalüddövləyə yazdığı məktubların sayı qədər” Göytəpə şəhərindəki iki küçədə qazın olmaması barədə rəsmi orqanlara məktub yazıb: “Hansısa məmurun səhvi ucbatından iki küçənin sakinləri qazsız qalıb. Amma yazdığım məktublar bir orqandan başqasına göndərilir. Cavab gəlir ki, bizim maliyyə nəzərdə tutulmayıb oranı qazlaşdırmaq üçün. Axı mənim seçicimin suallarının cavabı deyil bu. Seçici deyir dünyanı biz qazla təmin edirik, amma bu hökumətin Göytəpənin iki küçəsini qazla təmin etməyə gücü çatmır. Bu hökumətin doğrudanmı iki küçəni qazlaşdıracaq qədər vəsaiti yoxdur? Təsəvvür edin, sağında qaz yandırır, solunda qaz yandırır, ortada iki küçə, 400 ailə eşşəklə odun gətirib yandırır”.
Maliyyət naziri Samir Şərifov isə təcili işi çıxdığı üçün iclası yarımçıq tərk etdi. Bu barədə spiker söylədi.
Vergilər naziri Mikayıl Cabbarov çıxışında bildirdi ki, ötən il ümumi gəlirlərinin artıqlaması ilə icra olunmasına baxmayaraq, büdcəyə ödənişdə 675 milyon manatlıq kəsir müşahidə edilib: “2018-ci ildə əsas hədəfimiz qanunvericilik çərçivəsində tədbirlərin yerinə yetirilməsidir”. Bundan sonra qanun layihəsi səsə qoyularaq qəbul edildi.
“Atəşkəs dövründə əlillərin sayı müharibə dövründəki əlillərin sayı ilə müqayisədə xeyli artıb. Azərbaycanda dünya ölkələrindəki əlillərin sayı ilə müqayisədə əlillər qat-qat çoxdur”. Siyavuş Novruzov həmkarı Qənirə Paşayevanın təklifini müdafiə edərək dedi ki, sağlamlığı imkan verən əlillərin işlə təmin olunması istiqamətində də addımlar atılmalıdır: “Çox təəssüf ki, hansısa müəssisə bağlananda birinci olaraq əlilləri ixtisara salırlar. Hansı ki, ən sonda onlarla bağlı, Qarabağ müharibəsi iştirakçıları ilə bağlı qərar verilməlidir. Aidiyyəti strukturlar bu məsələyə ciddi şəkildə nəzarət etməlidir ki, bu cür insanların hüquqları həmişə müdafiə olunsun”.
Deputat Zahid Oruc isə dedi ki, məsələnin kökünə varmadan saxtakarlıqların qarşısını almaq çətin olacaq: “İş yeri alternativi olsa, insanlar öz adının qarşısına əlil ifadəsini yazdırmaq istəməz”.
İclasa sədrlik edən birinci vitse-spiker Ziyafət Əsgərov bu məsələ ilə bağlı maraqlı təklif verdi: “Əlilliyin müəyyən edilməsində ortaya çıxan çatışmazlıqlarla bağlı uzun müddətdir fikirlər səslənir, problemlərdən bəhs olunur. Gəlin, bu məsələni birdəfəlik ”ASAN xidmət"ə verək, nazirliyin də canı qurtarsın, süründürməçilikdən də bizim həmkarlarımız xilas olsun. Əgər “ASAN xidmət”in texniki imkanları varsa, bunu onlara həvalə edək, məsələ bitsin, dövlətimizin də faydasına olsun, vətəndaşlarımızın da".
Deputat Qüdrət Həsənquliyev büdcədən elm və təhsil sahəsinə ayrılan xərclərin yetərli olmadığını dedi: “Məni narahat edən məsələ elm xərcləridir. Ötən il elm xərclərinə 118 milyon vəsait ayrılıb, 8 milyon 220 min manat istifadə edilməyib. Xahiş edirəm, buna aydınlıq gətirilsin. Elmə və təhsilə yetərincə vəsait ayırmadan ölkənin inkişafı çətin olur. Böyük Britaniyada xarici tələbələrdən hər il 20 milyard funt sterlinqdən çox gəlir götürülür. Bunun hesabına hər il 200 mindən çox iş yeri artırılır. Bunun üçün bizim potensialımız var. İran, Türkiyə Asiya ölkələrindən tələbə cəlb etməyimizə imkan var”.
Deputat Aqil Abbas torpağın yandırılması ilə bağlı qadağanın anlaşılmaz olduğunu bildirdi. Dedi ki, torpağı yandıranda orada olan cücülər, ziyanvericilər məhv olur: “Yanan hissə gübrəyə çevrilir. Bunun ziyanının nə olduğunu anlamıram. Aydınlıq gətirilsin ki, bu qadağa niyə tətbiq edilir?”
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov isə bildirdi ki, mütəxəssislər torpağın yandırılmasının əleyhinədir. “Torpağın üz qatının yandırılması olduqca ziyanlıdır. Samanın torpaqla qarışdığı zaman verdiyi mineral effekt yanan zaman olmur. Dəyişikliyin izahı budur. O ki qaldı ziyanvericilərlə bağlı məsələyə, o elə bir şeydir ki, yandırmaqla düzələn deyil, qaçıb gedirlər. Həmin ziyanvericilərlə mübarizənin ayrıca üsulları var”.
“Yol hərəkəti haqqında” Qanuna dəyişikliklərin müzakirəsində deputat Elmira Axundova çıxış edərək dəhşətli statistikaya diqqət çəkdi: “Son 25 ildə ölkəmizdə baş verən 66 min yol-nəqliyyat hadisəsi zamanı 23 min insan ölüb, 74 min insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Vaxt çatıb ki, dövlət avtomobil müfəttişliyi bütün bölgələrdə araşdırmalara başlamalı, sürücülərin sürücülük vəsiqəsinin olub-olmamasını dəqiqləşdirməlidir”.
İclasda Gənclər və idman komitəsinin yeni sədri də seçildi. Sabiq deputat Fuad Muradovun Diasporla İş üzrə Dövlət Komitəsinin sədri təyin olmasından sonra boş qalan bu posta deputat Ülvi Quliyevin namizədliyi irəli sürüldü və o, Milli Məclisin Gənclər və idman komitəsinin sədri seçildi.
Bununla da yaz sessiyası öz işini başa vurdu. Spiker Oqtay Əsədov dedi ki, 79 deputatın müraciəti əsasında Milli Məclisin növbədənkənar sessiyası çağırılıb. Dövlət himninin oxunması ilə yaz sessiyası işini yekunlaşdırdı.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?