Paşinyan hökuməti ötən ay irəli sürdüyü tələblərin keçərli olmadığını anlayıb geri addım atdı; İrəvanın danışıqlar təklifinə Bakı da müsbət qarşılıq verdi; ekspertlər isə sülh prosesinin nəticə verməyəcəyinə əmindirlər...
Qarabağ danışıqlarını dalandan çıxartmaq üçün növbəti cəhdlərin göstərildiyini müşahidə edirik. Ermənistanın sabiq prezidenti aprel döyüşlərindəki uğursuzluqdan sonra “keçmiş mövqeləri geri almaq”la bağlı sərsəm vədini icra edə bilmədikdə çıxış yolunu danışıqlardan yayınmaqda gördü və əslində buna müxtəlif hiyləgər gedişlərlə nail oldu.
Görünən budur ki, Ermənistanın yeni hakimiyyəti status-kvonun qorunub-saxlanılması üçün sərkisyanvari gedişlər etməyə çalışır. Elə baş nazir Nikol Paşinyanın Dağlıq Qarabağa qanunsuz səfəri zamanı danışıqlarda üçüncü tərəf kimi Xankəndinin də iştirakının vacibliyini iddia etməsi “nə hərb, nə sülh” vəziyyətinin davamına hesablanmışdı. Ancaq rəsmi Bakının davamlı xəbərdarlıqları, həmçinin ordumuzun Naxçıvan hissəsindəki bölmələrinin düşməni şoka salan hərəkətliliyi, eyni zamanda Azərbaycan prezidentinin Naxçıvan Muxtar Respublikasındakı uzaqmənzilli raketlərlə bağlı bəyanatı işğalçı ölkənin başında duranları daha ağıllı davranmağa vadar etməkdədir. Eyni zamanda Türkiyə və Azərbaycanın birgə hərbi təlimlərinə Naxçıvandan start verilməsi də İrəvan üçün xəbərdarlıqdır.
İşğalçı ölkə anlayır ki, bu dəfə Qarabağda hərbi əməliyyatlar başlasa, Ermənistan ordusu Naxçıvan istiqamətindən də əks-zərbələr alacaq, bu isə İrəvanın alt-üst olmasına gətirib çıxara bilər. Görünür, bu səbəbdəndir ki, bir müddət əvvəl “Dağlıq Qarabağ tənzimlənməsi üzrə danışıqların mövcud formatı məsələni həll edə bilməz, çünki münaqişənin əsas tərəflərindən biri danışıqlarda iştirak etmir” deyən N.Paşinyan indi “val”ı tərsinə çevirib və danışıqlara hazır olduğunu bildirir. Heç şübhəsiz, baş nazir Bakı ilə diktə dili ilə danışmağın mənasız olduğunu anlayıb.
Xatirladaq ki, Azərbaycan prezidenti İlham Əliyev son çıxışlarının birində Qarabağ münaqişəsindən bəhs edərkən qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın prinsipial mövqeyi dəyişməz olaraq qalır. “Münaqişənin digər həlli yolları yoxdur. Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil, heç vaxt olmayıb və heç vaxt olmayacaq. Azərbaycan xalqı və dövləti heç vaxt imkan verməz ki, Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın. Əgər kimsə başqa cür fikirləşirsə, hesab edirəm ki, o, əbəs yerə illüziyalarla yaşayır. Azərbaycanın ərazi bütövlüyü tam şəkildə və qeyd-şərtsiz təmin edilməlidir. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bunu tarix deyir, mədəniyyət deyir, bunu beynəlxalq hüquq deyir. Dağlıq Qarabağda keçirilmiş son qondarma ”referendum" heç bir ölkə, heç bir beynəlxalq təşkilat tərəfindən tanınmayıb. Bu, bir daha onu göstərir ki, beynəlxalq aləm, bütün ölkələr Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Biz öz prinsipial mövqeyimizi bundan sonra da gücləndirəcəyik".
Bura prezidentin İrəvan və Zəngəzurla bağlı xəbərdarlığını da əlavə etsək, işğalçının tərəddüdlərinin səbəbi bəlli olar.
Yeri gəlmişkən, rəsmi Bakı da Ermənistanın danışıqlarla bağlı istəyinə qarşılıq verib. “Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, münaqişənin həll edilməsində irəliləyişə nail olmaq üçün substantiv danışıqlara hazırdır” -Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan xarici işlər nazirinin Azərbaycan prezidenti və Ermənistan baş naziri arasında tezliklə görüş keçirilə biləcəyi barədə açıqlamasını APA-ya şərh edərkən deyib. H.Hacıyev bildirib ki, substantiv danışıqlar vasitəsilə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması təmin olunmalıdır: “Görüşün keçirilməsi barədə bizə təkliflər daxil olduğu halda, kütləvi informasiya vasitələrinə bu barədə məlumat veriləcək”.
Qeyd edək ki, danışıqların anonsunu Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan “Armenia” telekanalına açıqlamasında verib. “Gəlin tələsməyək. Bilirsiniz ki, danışıqlar prosesində iştirak etmiş müxtəlif vəzifəli şəxslərlə telefon danışıqları aparmışam. Birbaşa təmaslar olacaq. Mən aylar deyil, həftələri nəzərdə tuturam”, - deyə o qeyd edib.
“Mənim Qarabağ tənzimlənməsinə dair bəyanatlarımda çox ciddi yeniliklər var, ən ciddisi ondadır ki, mən Azərbaycan prezidenti ilə Ermənistan Respublikası adından danışıqlar aparmağa hazıram, ”Artsax Respublikası" (tanınmamış DQR - red.) adından isə danışıqları respublika prezidenti simasında “Artsax” hakimiyyəti aparmalıdır". Bunu isə Paşinyan Xankəndində olarkən söyləmişdi. Ermənistan XİN rəhbərinin yaxın həftələrdə görüş olacağını deməsi ondan xəbər verir ki, İrəvan bir addım geri atıb. Çünki Bakının mövqeyində zərrə qədər də geriləmə yoxdur. O da istisna deyil ki, Paşinyan Rusiya prezidenti Putindən istədiyini ala bilmədiyi üçün ehtiyatlı mövqe sərgiləyir.
Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Ermənistanın yeni hakimiyyəti seçim qarşısındadır: “Bir tərəfdən, sözdə Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə tərəfdar olduqlarını bəyan edirlər. Digər tərəfdən, Bakı ilə danışıqlara hazır deyillər. Görünür, İrəvan danışıqlarda kriteriyalarını hələ tam müəyyənləşdirməyib. Bu baxımdan rəsmi Bakı ”biz danışıqlara hazırıq" tezisini əlində rəhbər tutaraq daim İrəvana təzyiq etməlidir. Bakının danışıqlara hazır olduğunu beynəlxalq vasitəçilər də görür. İndi elə etmək lazımdır ki, beynəlxalq vasitəçilər İrəvana təzyiq etsinlər ki, danışıqlar dayandığı yerdən davam etsin".
E.Şahinoğlunun sözlərinə görə, buna baxmayaraq, ilin sonuna qədər danışıqlar olsa belə, irəliləyiş olmayacaq: “Çünki Paşinyanı bu gün Qarabağ yox, hakimiyyətini necə qorumaq düşündürür. O baş nazir olsa da, parlamentdə çoxluq Serj Sərkisyanın lideri olduğu Respublika Partiyasına məxsusdur. Hər an bu partiya Paşinyana ciddi problem yarada bilər. Paşinyanın məqsədi ilin sonuna qədər növbədənkənar parlament seçkisi keçirməkdir. Yəni bütün hallarda bu il Qarabağ danışıqlarında intensivlik müşahidə olunmayacaq. Demək, biz öz işimizi görməliyik. Necə ki, Naxçıvanda ilk addımımız atdıq”.
O da istisna deyil ki, N.Paşinyan Tiflis səfərindən əliboş qayıtdığı üçün “konstruktiv” görünməyə çalışır. Gürcüstanın Ermənistana gedən dəmir yolunu açmağa tələsməməsi işğalçı ölkənin blokadasının davamı deməkdir ki, savaş başladığı zaman bu, İrəvan üçün fəlakətin miqyasının böyüməsi demək olacaq.
E.Şahinoğlu yekun qənaətə gəlmək üçün gözləməyi vacib sayır: “Bunu yaxın aylarda görəcəyik. Əgər Tiflis Paşinyanın istəyi əsasında Abxaziya üzərindən keçən dəmiryolunu açarsa, bu, Paşinyanın xarici siyasətdə ilk böyük uğuru olacaq. Əks halda, Paşinyanın Gürcüstana rəsmi səfəri unudulub gedəcək”.
Ä°lgili resim
Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov isə hərb variantının hər zaman aktual olduğunu söylədi: “Ermənistanın yeni siyasi-hərbi rəhbərliyi, demək olar ki, tam heyətdə öz fəaliyyətini davam etdirir. Ölkədaxili və xarici bir neçə müxtəlif səviyyəli görüşlər keçirilib, Rusiyaya, Gürcüstana Paşinyan başının dəstəsi ilə gedərək məsləhətləşmələr, danışıqlar həyata keçirilib. Yəqin ki, gələn həftələrdə birbaşa ağaları və havadarları olan Rusiya tərəfi tez-tələsik bir ikitərəfli görüş təşkil edəcək. Doğrusu, mən artıq belə mənasız və məzmunsuz görüşlərin tam əleyhinəyəm. Onsuz da heç bir konkret nəticəsi olmayacaq. Ona görə ki, prezident İlham Əliyevin bu yaxınlarda ADA-da məzunların buraxılış mərasimində söylədiyi fikir tam çılpaqlığı ilə reallığı əks etdirir. Dövlət başçısı bəyan etdi ki, beynəlxalq hüquq gücsüzdür, işləmir. Həqiqətən də, əgər beynəlxalq hüquq işləsəydi, Ermənistanın işğalçılıq siyasəti bu qədər davam edə bilməzdi”.
Ona görə də, hərbi ekspert məsələnin bir qədər sərt şəkildə qoyulmasını zəruri sayır: “Həm Ermənistan, həm də ATƏT-in Minsk Qrupu qarşısında tələb qoymalıyıq. Əgər bəlli bir müddətdə danışıqlar prosesinin real nəticələri olmayacaqsa, biz daha vaxt itirmədən özümüz lazım olan addımları atmaq məcburiyyətində qalacağıq. Yetər artıq 20 ildən artıq bir müddətdə dünyanın aparıcı ölkələri Ermənistan kimi nə iqtisadi, nə də hərbi gücü olmayan bir ölkə ilə bacarmır və onu məcbur edə bilmirlər ki, işğalçı siyasətə son qoysunlar. Bizsə hələ də Rusiya, Amerika və Fransanın vədlərinə inanırıq. İndi ermənilər min dənə hoqqadan çıxacaq, rəhbər dəyişikliyi olacaq, biz oturub bunlarımı gözləməliyik?!”
ATƏT-in Minsk Qrupunun həmsədrləri Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popov (Rusiya) bu ay Ermənistana səfər edəcəklər. Qeyd edək ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan bildirmişdi. “Həmsədrlər iyun ayında Ermənistana səfər edəcəklər. Aydındır ki, Ermənistanda hökumət dəyişib, xarici işlər naziri dəyişib. Ən azı tanışlıq səfəri edəcəklər”, - o, deyib. Ehtimal olunur ki, vasitəçilər ardınca Azərbaycana da səfər edəcəklər. Ancaq Azərbaycan danışıqlara hazır olduğunu bəyan etməklə yanaşı, savaş ehtimalını da nəzərdən qaçırmır. Müdafiə nazirinin cəbhə bölgəsinə son səfəri də Bakının alternativ həll variantına önəmini təsdiqləyir. Ermənistan üçün yeganə xilas yolu budur: danışıqlara qayıtmaq və torpaqların işğalına tezliklə son qoymaq.../musavat
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?