Almaniya vətəndaşına qarşı dələduzluq edən şəxsin məhkəməsi davam etdirilir.
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ələddin Yusifovun cinayət işi üzrə növbəti məhkəmə iclası hakim Rasim Sadıxovun sədrliyi ilə baş tutub.
İttihamla özünü təqsirli bilməyə Ə.Yusifovun istintaqa ifadəsi məlum olub.
O, həmin ifadəsində uzun illər sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu və həmin ərəfədə də “Airwerk” şirkətinin nümayəndəsi Elşən Şıxkərimovu tanıdığını deyib.
Bildirib ki, 2009-cu ildə həmin şirkətin nümayəndələrinə öz ofisində yer verib və həmin zaman da direktor olan Stichternath Heins-Georg Toması tanıyıb.
Ə.Yusifov alman iş adamından pulu faizə aldığını iddia edir:
"Biznesi genişləndirmək üçün faizə 4 milyon avro pul aldım. Pullar bank vasitəsilə köçürülüb. Aldığım pulun müqabilində aylıq faiz ödəməyə başlamışdım. Ayda 80 min avro olmaqla bir il ərzində 1 milyon avro ödəmişəm. Pulu ya Elşənə, ya da almanların özlərinə verirdim".
Onun dediyinə görə işləri sonra alınmayıb və biznesi batıb: "İşlə bağlı Qazaxıstanda problemlər yarandı. Elşən dedi ki, bunun pula aidiyyatı yoxdur. Aldığım pulları faizi ilə birgə ödəməli olduğunu bildirdi".
Təqsirləndirilən şəxs borcunu ödəmək üçün Qaradağdakı zavodunu, Sumqayıtdakı torpaq sahələrini, “Avropa” mehmanxanasının yanındakı evini sataraq, 1 milyon 500 min manatı Elşənə verdiyini söyləyir.
"Nağd qaydada Elşənə və onun adamlarına 3 milyon 500 avro pul vermişəm. 6 milyon yox, 4 milyon avro almışam. Pulu faizi ilə birgə artıqlamasıyla ödəmişəm. Borcum da qalmayıb"- deyə Yusifov ifadəsində göstərib.
Zərərçəkmiş şəxs Stichternath Heins-Georg Tomas da istintaqda dindirilib.
O, ifadəsində göstərib ki, neft məhsullarının alqı-satqısı olduğunu deyən Yusifovu 2010-cu ildə tanıyıb.
"Ələddinin biznesinə investisiya qoymaq istədim. Amma yazılı qaydada heç bir müqavilə bağlanmadı. Aramızda etibarlı münasibət yaranmışdı. Ələddin bir milyon avro ödəsə də 5 milyon avro borclu qalıb. Aldığı 6 milyon avronun əvəzində çoxsaylı zənglərdən, görüşlərdən sonra üstündən 5 il keçdikdən sonra pulun bir hissəinin əvəzində villa verdi"- deyə zərərçəkmiş qeyd edib.
İş üzrə əsas şahidlərdən biri olan Elşən Şıxkərimov isə istintaqda deyib ki, Ələddin Yusifov Qazaxıstandan neft məhsulları alaraq Azərbaycanda satacağını və yaxşı gəlir əldə edəcəyini deyib. Elə Ə.Yusifovla almaniyalı iş adamını tanış edən də Şıxkərimov olub.
Şıxkərimov söyləyib ki, tərəflər arasında bir neçə dəfə xarici ölkələrdə danışıqlar olub. Bundan sonra pullar 3 dəfə olmaqla, 2 milyon məbləğində bank vasitəsi ilə Azərbaycana göndərilib.
Onun dediyinə görə, ilk şəriklik işində Yusifov aldığı 50 min avro qarşılığında 40 minə yaxın qazanc verib. Elə bundan sonra da biznesi genişləndirməyi təklif edib. Biznesin genişləndirilməsi üçün pul ayrılsa da qazanc olmayıb.
Məhkəmə iclası iyunun 6-da davam etdiriləcək.
İttihama görə, Ələddin Yusifov 2005-ci ildə “QKSSS” Məhdud Məsuliyyətli Cəmiyyəti “MMC) təsis edib. O, həmin MMC vasitəsi ilə neft məhsullarının idxalı, ixracı və digər işlərlə məşğul olub.
Məlumata görə, Ələddin Yusifov həmin MMC-nin direktoru vəzifəsində işləyərkən Almaniya Federativ Respublikasında qeydiyyatdan keçmiş “Airwerk” şirkətinin baş direktoru, həmin respublikanın vətəndaşı Stichternath Heins-Georg Tomasa 2010-cu ildə özünü uğurlu və geniş əlaqələrə malik iş adamı kimi təqdim edib.
O, almaniyalı iş adamına neft məhsullarının alqı-satqısı ilə məşğul olduğunu, bu yolla külli miqdarda gəlir əldə etdiyini bildirib, ona biznesə daha çox investisiya qoyulduğu halda daha çox gəlir əldə edəcəklərinə inandırıb. Ələddin Yusifov qeyd olunan işləri görmək üçün almaniyalı iş adamından 6 milyon 540 min manat istəyib, həmin pulun 20 faiz miqdarında gəlir əldə edəcəklərinə yalandan vədlər verib.
Stichternath Heins-Georg Tomas Almaniya Federativ Respublikasında fəaliyyət göstərən müxtəlif banklar vasitəsi ilə “Texnikabank”da “QKSSS” MMC-nin hesabına 6 milyon köçürüb. Ələddin Yusifov həmin pulu şəxsi ehtiyaclarına sərf edərək, almaniyalı iş adamına qarşı külli miqdarda dələduzluq edib.
Yusifov barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan edilib.
Qeyd edək ki, Ələddin Yusifovun barəsində olan cinayət işinin ibtidai istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?