Hakim qardaşı ağır cinayətə görə hakim qarşısına çıxarılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Mahir Kərimovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
İşə hakim Azad Məcidovun sədrliyi ilə baxılıb.
Hakim bildirib ki, işdə adı keçən əsas şəxslərdən biri istintaqa cəlb olunmayıb. A.Məcidov qeyd edib ki, zərərçəkmişlər pulu birbaşa Ramil Şükürova verdikləri barədə ifadə versələr də, müstəntiq onu dindirməyib.
Hakim R.Şükürovun məhkəməyə çağırılıb dindiriləcəyini söyləyib. Həmin şəxs də bir müddət əvvəl dələduzluqda və sənədləri saxtalaşdırmaqda təqsirləndirilərək, Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Əlövsət Abbasovun hökmü ilə məhkum edilib. Sonradan şərti azadlığa buraxılıb.
Məlum olub ki, zərərçəkmişlərdən Fəridə Həsənova məhkəməyə ərizə təqdim edib. O, şikayətçi olmadığını deyib.
Daha sonra şahidlərin məhkəməyə gəlmədiyi elan olunub və məhkəmə iclası təxirə salınıb.
Növbəti prosesi noyabrın 15-nə təyin edilib.
Xatırladaq ki, M.Kərimov "Fateh-N" MMC-nin icraçı direktoru vəzifəsində çalışarkən, bir mənzili bir neçə nəfərə satıb.
Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.
Onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
M.Kərimov Ali Məhkəmənin hakimi Fərhad Kərimovun qardaşıdır. "Fateh-N" MMC-nin təsisçisi isə Ələsgər Ömərov olub. O, bir müddət əvvəl dünyasını dəyişdiyi üçün barəsindəki cinayət işinə xitam verilib. Mərhum Ə.Ömərov İTV telekanalının sabiq rəhbəri İsmayıl Ömərovun qardaşıdır.
Qeyd edək ki, M.Kərimov məhkəmədə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildiyini söyləyib.
Sorğu
Yeni dizaynımız necədir?