Bakıda məşhur hotellərdən biri qarşısındakı ərazini "kubik"lərlə (mişar daşı) bağlayaraq başqa şəxslərin avtomobil saxlamasına qeyri-qanuni olaraq qadağa qoyub. Bu barədə Yeniavaz.com saytına şəxsi avtomobilini həmin ərazidə saxlamaq istəyərkən hotel əməkdaşlarının təzyiqlərinə məruz qalan şəxs məlumat verib.
Qeyd edək ki, söhbət "Ammar Grand hotel"dən gedir. Sözügedən hotel paytaxtın Əhməd Rəcəbli 1/25 ünvanında yerləşir.
Şikayətçinin sözlərinə görə, həmin ərazidə avtomobil saxlamağa yer olmayıb və hotelin qarşısındakı yerin boş olduğunu görüb orada park etmək istəyib: "Lakin hotelin mühafizəçisi və başqa bir əməkdaşı mənə yaxınlaşıb "maşını burada saxlaya bilməzsən" dedilər. "Bura qanuni olaraq sizin hotelin ərazisidirmi, "kubik"lə yolun bir hissəsini zəbt etməyiniz nə dərəcədə qanunidir" soruşdum. Mənə cavabları bu oldu ki, "maşını burada saxlamağına icazə vermirik, xoşuna gəlmirsə, get hara şikayət edirsən, et".
Onların hotelin qarşısına düzdükləri "kubik"lərin fotosunu çəkəndə ikrahla: "Çək, çək, yaxşı çək, guya nə olacaq ki" dedilər. Xahiş edirəm, bu məsələni siz də ictimailəşdirin və araşdırılmasına köməklik göstərin.
Məsələ ilə bağlı Yeniavaz.com saytına açıqlama vərən nəqliyyat məsələləri üzrə tanınmış ekspert Azər Allahverənov bildirdi ki, əgər söhbət yolun zəbt olunmasından gedirsə, bununla bağlı müvafiq qaydada dövlət yol polisi idarəsinə, Bakı Nəqliyyat Agentliyinə müraciət etmək olar. Həmçinin Bakı Şəhər İcra Hakimiyyəti bu məsələlərə bir növ müdaxilə edə bilər: "Dəfələrlə şahidi olmuşuq ki, hansısa bir sahibkar öz ticarət müəssisəsinin qarşısında yolun hansısa bir hissəsini və ya piyada səkisini tutubsa, həmin qurumlar və yerli icra hakimiyyətləri bu prosesə müdaxilə edib, qarşısını alıb, hətta bunu edənlər müvafiq qaydada cərimələniblər.
İstənilən bir ərazidə əgər hər hansı zəbt olunma elementləri varsa, təbii ki, söhbət ancaq qeyri-qanuni əməldən gedir. Əgər həmin hotelin qarşısındakı ərazini öz müştərilərinin avtomobil saxlaması üçün parkinq yeri kimi istifadə etmək istəyirlərsə, bunun üçün bayaq adını çəkdiyimiz qurumlara, o cümlədən yol polisinə müvafiq qaydada müraciət etməlidirlər. Onlar rəy bildirdikdən sonra bu və ya digər ərazi həmin hotelə bu məqsədlə istifadəsinə verilə bilər. Əgər bunu etməyiblərsə, deməli, etdikləri əməl də qanunsuzdur və bununla bağlı tədbir görülməlidir".
Vətəndaşın şikayəti ilə bağlı Bakı Nəqliyyat Agentliyinə də müraciət etdik, həmçinin onun çəkdiyi fotoları da bu quruma göndərdik. Məsələni Agentliyin müvafiq şöbəsi araşdırdıqdan sonra açıqlama veriləcəyi bildirildi.
Şikayətlə bağlı "Ammar Grand hotel"dən də mövqe öyrənməyə çalışdıq. Hotelin "facebook" səhifəsində göstərilən nömrəyə etdiyimiz zəngə cavab verən xanım işçi sualımızı dinlədikdən sonra telefonu başqa bir əməkdaşa verdi.
Sözügedən şəxs isə səsləndirilən ittihamlarla razılaşmadı: "Həmin ərazi hotelin qarşısıdır. Orada biz 2 avtomobillik yer saxlamışıq, o da müdiriyyət üçün. Hər halda hotelin rəhbərinin öz obyektinin qarşısında maşın saxlaması üçün yer olmalıdır də. Maşını aparıb 1 kilometr uzaqda saxlayası deyil ki. Vətəndaş sizə müraciət edib çox şey deyə bilər. Biz otelin qarşısında cəmi 2 avtomobillik yer saxlamışıq".
"Həmin 2 avtomobillik yer qanuni olaraq hotelə məxsusdurmu?" sualımıza isə hotel əməkdaşı cavab vermədən telefonu qapatdı.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?