Kosmosda Yerdən asılı olmayan "Asgardiya” adlı dövlət qurdğunu elan edən azərbaycanlı alim və milyarder, Rusiyanın S-300, S-400 raketlərini istehsal edən "Almaz-Antey” korporasiyasının rəhbəri olmuş İqor Aşurbəyli planlarını "Hürriyət” qəzetinə danışıb.
gundemxeber.az virtualaz.org-a istinadən xəbər verir ki, Aşurbəyli dünyada mövcud dövlətlərin heç birinə bənzəməyən, yeni və müstəqil dövlət qurmaq ideyası onun beyninə təxminən 10 il əvvəl gəlib. Lakin bunun üçün torpağa ehtiyac var idi. Yer üzərindəki torpaqlar isə çoxdan bölüşdürülüb. Ona görə də alim qərara gəlib ki, öz dövlətini kosmosda qursun. "2016-cı ildə Montrealda kosmos qanunları mövzusunda konfransa qatılmışdım. Çıxışları dinlədikdə beynimdə bu ideya möhkəmləndi: yeni ölkə nədən kosmosda olmasın?”-Aşurbəyli deyib.
Beləlikə, Aşurbəyli öz dövlətini ötən il Vyanada rəsmən elan edib. Bu yaxınlarda isə "Asgardiya”nın parlamentini, hakimiyyətini formalaşdırmağa başlayıb. Onun bildirdiyinə görə hazırda hakimiyyətdə və parlamentdə 200-dən çox adam işləyir. "Asgardiya” ilk peykini ötən il kosmosa buraxıb. Növbədə digər peyklər var. "25 il ərzində ilk asqardiyalının kosmosda məskunlaşmasını gözləyirik”-o deyib.
Aşurbəyli bildirib ki, "Asgardiya”nın bütün xərclərini hələlik o özü şəxsi büdcəsindən təmin edir. Lakin qarşıdakı 25 il ərzində bu dövləti qurmaq üçün 2.5 trilyon avro xərclənəcək.
Azərbaycanlı milyarder hazırda "Asgardiya” vətəndaşlığı almaq üçün müraciət edənlərin sayı 240 min nəfərdən çox olduğunu deyib. Müraciət edənlər əsasən ABŞ, Türkiyə, Hindistan və Çindəndir. Aşurbəylinin bildirdiyinə görə onun yeni dövləti əvvəlcə Yer üzündəki dövlətlərlə ikitərəfli münasibətlər yaradacaq, bundan sonra BMT-yə üzvlük üçün müraciət ediləcək.
Aşurbəyli onun dövlətində hamının bərabər olacağını və Yer üzündəki münaqişələrin "Asgardiya” dövlətinə daşınmayacağını deyir. Onun ikinci əsas məqsədi Yer üzündəki hər kəsin kosmosa sərbəst çıxış imkanlarına malik olmasıdır. Nəhayət Aşurbəylinin dövləti kosmosda formalaşan təhdidlərdən Yer planetini qorumaq məqsədi güdəcək. "Asgardiya” dövlətinin vətəndaşı olmaq üçün asgardia.space saytındakkı xüsusi formanı doldurmaq lazımdır. Aşurbəyli deyir ki, bu dövlətə vətəndaş olmaq hələlik pulsuzdur, amma gələcəkdə ildə 100 avro kimi simvolik məbləğ alınması planları var. Və kosmik dövlətin pasportu üzərində də iş gedir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?