Həbsdə olan bloger Mehman Hüseynovun ağır xəstə olan anası ilə görüşməsi üçün vəkili tərəfindən edilən müraciətə Penitensiar Xidmət mənfi cavab verib.
Vəkil Şəhla Hümbətova bu barədə öz facebook səhifəsində məlumat yayıb.
Penitensiar Xidmət öncə məhkumların qanunvericilikdə hansı hallarda qısa müddətə səfərə getməsinə icazə ilə bağlı normaıları xatırladır. Xartıladılan normalara görə, Mehman Hüseynova qısa müddətətə səfərə icazə verilə bilər. Bununla yanaşı Penitensiar Xidmət aşağıdakıları bildirir:
“Lakin, məhkum Hüseynov Mehman cəza çəkdiyi müddət ərzində müəssisədə keçirilən islah yönümlü tədbirlərdə iştirak etməkdən yayınıb. Belə ki, müəssisənin ictimai həyatında, mədəni-kütləvi tədbirlərdə və aparılan abadlıq işlərində iştirak etməyib, habelə barəsində yaxşılaşdırılmış saxlanma şəraitinə keçirilmə və digər həvəsləndirmə tədbirləri tətbiq edilməyib. Xasiyyətcə qapalıdır. Göstərilənlərlə əlaqədar onun əməyə münasibətinin qənaətbəxş olmaması və islah yoluna qədəm qoymaması müəyyən edilib.
Qeyd olunanları nəzərə alaraq məhkum M.Hüseynovun qısa müddətli səfərə buraxılması məqsədəmüvafiq hesab olunmur”, Penitensiar Xidmət vəkilə belə cavab verib.
Mehman Hüseynov Suraxanı rayon Məhkəməsinin 3 mart 2017-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 147.2-ci maddəsində (böhtan) nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilib. O Qaradağ rayonun Qızıldaş qəsəbəsində yerləşən 14 saylı cəzaçəkmə müəssisəsində saxlanılır. Hüseynov ölkədə sərt tənqidçi blogerlərdəndir.
O, hökumətin həyata keçirdiyi bir sıra layihələr, məmurlar, yüksək vəzifəli şəxslər, deputaların bahalı villaları, evləri və ev əşyaları ilə bağlı ifşaedici video reportajların müəllifidir. Hər dəfə onun video reportajları geniş rezonansa səbəb olub, sosial şəbəkələrdə yüz minlərlə insan tərəfindən izlənilib. Mehman Hüseynovun facebook səhifələrinin hazırda 400 mindən çox izləyicisi var.
Blogerin anası Firəngiz Hüseynova 25 günə yaxındır ki, ürək çatışmazlığı diaqnozu ilə Neftçilər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağırdır, hazırda komadadır və süni nəfəs aparatına qoşulub. Həkimlər heç bir müsbət proqnoz vermir.
Xatırladaq ki, vəkillə yanaşı bir qrup jurnalist və hüquq müdafiəçisi də blogerin anası ilə qısa müddətli görüşünə icazə verilməsi xahişi ilə ədliyyə nazirinə, ombudsmana və Penitensiar Xidmətin rəsisinə müraciət edib. Onların müraciətlərinə hələ də cavab verilməyib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?