Dövlət sərhədini qanunsuz keçməyə cəhddə təqsirləndirilən Ramin Hacılı barəsində seçilmiş həbs müddətinin uzadılması ilə bağlı məhkəmə qərarından apellyasiya şikayəti verib.
Bakı Apellyasiya Məhkəməsində hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, R.Hacılının apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb.
Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin (DSX) yaydığı məlumata əsasən, iyunun 4-də DSX-nin sərhəd qoşunlarının Zaqatala sərhəd dəstəsinin hərbi qulluqçuları tərəfindən Balakən rayonunun Mazımqara kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədinin pozulmasının qarşısı alınıb. Belə ki, həmin tarixdə sərhəd naryadı tərəfindən dövlət sərhədində 2 nəfər Azərbaycan Respublikası vətəndaşı – 1983-cü il təvəllüdlü Hacılı Ramin Rasim oğlu və 1988-ci il təvəllüdlü Qasımov Fəxrəddin Azad oğlu saxlanılıb.
İlkin araşdırma zamanı R.Hacılı ölkədən çıxışına qadağa qoyulması səbəbindən dövlət sərhədindən buraxılış məntəqələrindən ölkə ərazisini tərk edə bilməməsini və sərhəd zastavasının xidməti sahəsindən dövlət sərhədini pozmaqla qanunsuz yolla Gürcüstan ərazisinə keçməyə cəhd etməsini, F.Qasımovun isə bu əməlin həyata keçirilməsində ona kömək etməsini etiraf edib. F.Qasımov da eyni məzmunlu ifadə verib.
R.Hacılı 250 min manat həddində borclarının olmasını, xaricə getməklə bu borcları işləyərək qaytarmağa çalışmasını bildirib.
DSX İstintaq İdarəsində onun barəsində 29, 318.1-ci (Azərbaycan dövlət sərhədini qanunsuz keçməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb. Səbail Rayon Məhkəməsinin qərarı ilə R.Hacılı barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib. Daha sonra onun həbs müddəti daha 2 ay 15 gün müddətinə uzadılıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?