Kafedə işləyən qadınlara görə dava edən şəxslərdən biri həbsə düşüb. O, mübahisə etdiyi şəxsi bıçaqlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində qıza söz atdığı üçün tanışını bıçaqlamaqda təqsirləndirilən Vüsal Qurbanovun məhkəməsi keçirilib.
Hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.
Məlum olub ki, zərərçəkən Tələt Həsənov prosesdə iştirak etmir.
Tələt Həsənovun həyat yoldaşı Vəsilə Məmmədova məhkəməyə deyib ki, əri Rusiyanın Rostov şəhərindədir. O, ərinin inkarkt keçirdiyinj, orada müalicə olunduğunu söyləyib:
"Özü də barışıq ərizəsi verib, heç bir şikayətimiz yoxdur. Vüsal bizim qonşumuzdur, heç vaxt da münaqişəmiz olmayıb".
Prosesin davamında hadisənin baş verdiyi Məhəmmədi qəsəbəsində yerləşən “Odlar Yurdu” kafesinin icarədarı olan qadın şahid qismində ifadə verib.
Şahid bildirib ki, kafedə həm də aşpaz kimi fəaliyyət göstərib: “Tələt usta işləyirdi, həmişə də bizim kafedə yemək yeyirdi. Hadisə günü də bir nəfərlə gəlib oturmuşdu. Mən onlara yemək verdim, daha sonra Vüsal kafeyə gəldi, içkili idi. Tələtgil də içmişdi. Tələt Vüsalı stola dəvət etdi, bir yerdə oturdular. Yan masada da 2 nəfər xanım var idi. Mən elə mətbəxdə olurdum deyə davanın səbəbini detallı bilmirəm. Amma gördüm ki, arada Vüsalla Tələt tez-tez çölə çıxıb qayıdırlar. Sonra qəfildən çöldə səs-küy düşdü. Gördüm, qarışıqlıqdı, kafeni bağlayıb getdim ki, birdən nəsə olar. Çünki orada tək idim. Bunlar çöldə davalarını etdilər, Vüsal gəlib kafeni açdırdı, ayaqqabısı içəridə qalmışdı, onu götürüb getdi. Mən təkrar kafeni bağlayıb evə getmək üçün dayancağa getdim. Oradan görürdüm ki, Vüsalla Tələt hələ də dava edirlər, tutuşmuşdular. Sonra mən avtobusa minib getdim, səhəri gün eşitdim ki, Vüsal Tələti bıçaqlayıb".
Şahid hadisənin baş vermə səbəbləri haqda isə bunları danışıb: "Həmin gün bildim ki, Tələt kafedə olan xanımlara nəsə təklif edib, onlardan xoşu gəldiyini deyib. Qızlar da Tələti söyüb çıxıb gediblər, Vüsal da qızları müdafiə edib. Davaları da buna görə düşüb. Həmin gün hər ikisi çox içkili idi. Vallah, Vüsal çox yaxşı uşaqdı, içəndə bir az şuluqluq edir, amma içməyəndə yaxşı oğlandır. Mən xərçəng xəstəsiyəm, sayılı günlərim qalıb. Vüsalın heç nədən bura düşməyinə görə gəlib danışmaq istədim”.
Məhkəmə prosesi sentyabrın 18-də davam etdiriləcək.
Qeyd edək ki, V.Qurbanov Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilir./musavat.com
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?