Şikayətlərin bir hissəsini hüquqi şəxslər, qeyri-hökumət təşkilatları (QHT-lər) göndərib
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycanla bağlı 34 şikayəti araşdırmağa başlayıb.
AİHM-in məlumatına görə şikayətlər, əsasən, vətəndaş cəmiyyəti qurumlarının, onların fəallarının bank hesablarının dondurulması, mülkiyyət, ədalətli məhkəmə araşdırması və şəxsi həyatla bağlı məlumatların qorunması hüququnun pozulması ilə bağlıdır.
Məlumata görə, araşdırılan şikayətlərin bir hissəsini hüquqi şəxslər, qeyri- hökumət təşkilatları (QHT-lər) göndəriblər.
Şikayətçi QHT-lər "Azad İqtisadiyyata Yardım" İctimai Birliyi, Neftçilərin Hüquqlarının Müdafiəsi Birliyi, Hüquq Maarifçiliyi Cəmiyyəti, Azərbaycan Hüquqşünaslar Assosiasiyası, "Demokratiya və İnsan Haqları" İctimai Birliyidir. Onlara habelə, Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu və Qafqaz Media Araşdırmaları Birliyi daxildir.
Şikayətçi QHT-lərin hesablarına 2013-14-cü illərdə prokurorluq qurumlarının tələbi ilə həbs qoyulub. QHT-lər şikayətlərində bunun qanunsuz olduğunu bildiriblər.
Bank hesablarının qapadılmasına görə vətəndaş cəmiyyəti fəallarının göndərdiyi 10-dan artıq şikayət də araşdırılmağa başlanıb. Şikayətçilər Qubad İbadoğlu, Mirvari Qəhrəmanlı, Zöhrab İsmayıl, Elçin Abdullayev, İntiqam Əliyev, Ənnağı Hacıbəyli, Rəsul Cəfərov, Gülnarə Bağırova, Aynur İmranova və Emin Hüseynovdur.
Jurnalistlərin işləri...
Araşdırılan şikayətlər arasında jurnalistlərin də işləri var. Bunlardan biri "Azadlıq" qəzetinin direktoru olmuş Azər Əhmədovun şikayətidir. O, danışıqlarını ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin dinlədiyini bildirib.
Şikayəti araşdırılan digər jurnalist Araz Quliyevdir. xeber44.com saytının redaktoru A.Quliyev hazırda həbsdədir. Vəkilləri AİHM-ə şikayətlərində onun şərləndiyini, ədalətli məhkəmə araşdırması hüququnun pozulduğunu iddia ediblər. A.Quliyev 5 il əvvəl Cinayət Məcəlləsinin 228.1 (qanunsuz olaraq odlu silah, partlayıcı maddələr, qurğular əldə etmə) və başqa maddələrlə ittiham edilərək 8 il həbs cəzası alıb.
Qalan şikayətlər isə, əsasən, inzibati qaydada cəzalandırılan müxalif fəallar və mülkiyyət hüququnun tapdandığını iddia edən vətəndaşlardır.
Araşdırılan şikayətlər AİHM-ə, əsasən, son 4 ildə göndərilib. AİHM şikayətlərlə bağlı hökumətə araşdırıcı suallar göndərib. Hökumət həmin suallara 3 ay ərzində cavab verməlidir.
Sorğu
Yeni dizaynımız necədir?