"Gözümün ağı-qarası bir övladım var. O da həkimlərin səriştəsizliyi, naşılığı ucbatından 5 aylığından serebral iflicdən (baş beyinin doğuşdanöncə, doğuş vaxtı və ya doğuşdan sonra, müxtəlif səbəblərdən zədələnməsi-red) əziyyət çəkir. Döymədiyim qapı, yanına getmədiyim həkim qalmayıb. Amma balamın dərdinə çarə tapılmır. Həkimlər mənə kələk gəlir, pulumu alır, amma uşağın səhhətində heç bir irəliləyiş olmur".
Bunu Meydan TV-yə Ağdam rayonu, Xındırıstan kənd sakini Famil Əliyev söyləyir.
O deyir ki, oğlu Ramal 2014-cü ilin fevralında doğulub. 5 aylığındaykən səhhəti qəfil pisləşən uşağı təcili Ağdam Rayon Mərkəzi Xəstəxanasına aparıblar:
"Uşağın qarnı işlədi, qusma oldu. Sən demə, oğlum qızdırmadan gizli qıcolma keçirib, həkim də bunu bilməyib. Uşağa sistem köçürdü, sonra evə gəldik. Uşaq yatdı, duranda gördük ki, tamam başqa bir vəziyyətdədir, qolları, əlləri, ağzı əyilib. Sonradan bildik ki, belə vəziyyətdə uşağa sistem köçürmək olmazmış. 2014-cü il avqust ayının 9-dan bu günə kimi Bakı yollarında qalmışıq. Uşaq aylarla xəsətəxanalarda yatıb. Həm pulumuz gedir, həm əsəblərimiz korlanır. Amma Ramalın səhhətində heç bir irəliləyiş yoxdur".
F.Əliyev deyir ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya məktub yazıb. Cavab özünü çox gözlətməyib, məktub Ağdam Rayon Mərkəzi Xəstəxanasına yönləndirilib:
"Xəstəxanada dedilər ki, uşağın dərmanlarını əczaxanadan pulsuz ala bilərsiniz, həmçinin fizioterapiyası və masajı pulsuz olacaq. Buna baxmayaraq, sadaladıqlarımızın hamısını pulla etdirdik. Çünki pul verməyəndə, uşağa başdansovdu yanaşırlar. Beş ildir ki, uşağın hər müalicəsini özümüz etdiririk, bütün xəstəxanalara da pul veririk".
"Bu yaxınlarda ikinci dəfə yenə Heydər Əliyev Fonduna məktubla müraciət etdim, hələ ki, cavab gəlməyib. Uşağın fiziki imkanı məhdud olduğu üçün dövlətdən 70 manata yaxın sosial yardım alırıq. Bu pul çox azdır, müalicəsi isə bahadır" - şikayətçi deyir:
"Bildiyim qədərilə, bu xəstəliyə görə diaqnozun tez qoyulması və müalicəyə vaxtında başlanılması müəyyən nəticə verir. Amma biz normal bir həkim tapa bilmirik. Deyilənə görə, xəstəliyin müalicəsi İsrail və Almaniyada mümkündür. Ona da bizim imkanımız çatmır. Uşağın yalnız başına görə ay ərzində 400 manat pul lazımdır. Bizim də buna imkanımız çatmır.
Bakıda bir çox xəstəxanaya apardıq, heç kim üzərinə götürmədi. Götürənlərin də nəticəsi olmadı. Həkimlər deyir ki, gəzəcək, danışacaq. Bunun üçün güclü müalicə lazımdır. Uşaq hazırda özəl klinikalardan birində müalicə alır".
Famil Əliyev söyləyir ki, həkim axtarışına görə yerli telekanllara müraciət etmək qərarına gəlib:
"Düşündüm ki, yaxşı həkim taparam, həm də uşağı efirdə görüb, yardım etmək istəyənlər tapılar. Ramalı Zaur Baxşəliyevin aparıcısı olduğu “BizimləSən” verilişinə çıxarmaq istədim. Məndən 5 yüz manat pul istədilər. Fikirləşdim ki, həmin pulu onlara verməkdənsə, uşağımın iynə-dərmanına xərcləyərəm".
"Uşaq 5 aylığında 40 gün xəstəxanada yatıb. Məcburiyyətdən, küçələrdə gecələmişəm. Zibilxanalardan karton yığıb, yerə sərib üstündə yatmışam. İmkanım yoxdur, evim başıma uçur, ötənilki zəlzələdən sonra qəza vəziyyətindədir, yaşamaq mümkün deyil. Amma mən 3 övladım və yoldaşımla orada yaşayıram. Əlimə düşən pulu xəstə uşağımın yolunda xərcləyirəm. Sözüm onadır ki, mənə normal həkim versinlər, övladımı sağaldıb, ayağa qaldırsın".
Ramalın anası Esmira Əliyeva Ağdam rayonu 66 saylı köçkün tam orta məktəbində ingilis dili müəllimidir. Hazırda o, uşağının səhhəti ilə əlaqədar işləmir. Deyir ki, tezliklə övladının sağalacağı günü gözləyir.
"BizimləSən" verilişinin redaktoru Təranə Mahmudova şikayətçinin dediklərini təkzib edib. O, Meydan TV-yə deyib ki, Zaur Baxşəliyev öz maaşını imkansız və kimsəsiz adamlara yardım məqsədilə xərcləyir:
"Bu adam cibinə maaş qoymur. Pulu alır, ona-buna kömək edir. Bunu biz, onunla işləyən komandası bilir. Zaur Baxşəliyevin 500 manata ehtiyacı yoxdur. Uzun illərin aparıcısıdır, özünə hörmət qoyan adamdır. Onun kiminsə puluna ehtiyacı yoxdur. Famil Əliyevi ATV telekanalında gözləyirik. Yaxınlaşsın, aydınlaşdıraq, Zaur Baxşəliyev özü onunla görüşsün görək, ondan pulu kim istəyib".
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?