Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti Rusiya ilə həmsərhəd olan Quba, Qusar və Xaçmaz rayonlarına çiçək xəstəliyi əleyhinə əlavə 15 min doza miqdarında vaksin göndərib.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OİE) Rusiyanın Samara, Kurqan və Çelyabinsk vilayətlərində iribuynuzlu heyvanlar arasında nodulyar dermatit və Moskva vilayətinin Şaxovskaya rayonunda xırdabuynuzlu heyvanlar arasında çiçək xəstəliklərinin yayılması barədə məlumat yayıb. Bu səbəbdən Azərbaycan Rusiya ilə sərhəd rayonlarında peyvəndləmə işləri aparır.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin məlumatına görə peyvəndləmə tədbirləri “soyuq zəncir” prinsipi gözlənilməklə sahə baytarlıq məntəqələrinə çatdırılaraq heyvanlara tətbiq edilib. Artıq bu günlərdə Rusiya ilə həmsərhəd olan rayonlarda çiçək xəstəliyinə qarşı aparılan peyvəndləmə tədbiri yekunlaşıb.
Dövlət Baytarlıq Xidməti və Epizootiya və Zoonoz xəstəliklər Əleyhinə Respublika Ekspedisiyasının baytarlıq mütəxəssisləri əməli kömək göstərmək və tövsiyə məqsədi ilə bölgələrə ezam olunub, rayon baytarlıq idarələri və sahə baytarlıq məntəqələri lazımi avadanlıq, ləvazimat, vaksin, dezinfeksiya maddələri və xüsusi geyim vasitələri ilə təmin edilib.
Həmçinin “soyuq zəncir” prinsipinə uyğun olaraq, bu rayonlarda 3-8 aylıq cavan iribuynuzlu heyvanlarda nodulyar dermatit və dabaq xəstəlikləri əleyhinə peyvəndləmə tədbirləri aparılıb.
“Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir və bu sabitliyi qoruyub saxlamaq üçün Dövlət Baytarlıq Xidməti lazımi təşkilati-təsərrüfat tədbirlərini davam etdirir”, nazirlik bildirir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?