Hakimiyyət bu bəlanı ciddi cəhdlə ictimaiyyətdən gizlətməyə çalışır
gundemxeber.az Azərbaycanın Şamaxı və Ağsu rayonlarında "qoyun xərçəngi" kimi tanınan xəstəlik yayılsa da, bunun qarşısının alınması üçün faktiki olaraq heç bir tədbir görülmür. Heyvanlar isə kütləvi sürətdə qırılır. Bu barədə məlumatı "Gündəm Xəbər"ə bir neçə baytar həkimləri verib. Adlarının çəkilməsini istəməyən həkimlər bildirib ki, kənd təsərrüfatı naziri İsmət Abbasov "yuxarılar"ın tapşırığı ilə Azərbaycanda "qoyun xərçəngi" təhlükəsini gizlətməyə cəhd edir: "Rayonlarda qoyunların kütləvi tələfatı adi hala çevrilib. Xüsusilə də Şamaxı və Ağsuda bu daha qabarıq şəkildə özünü bürüzə verir. Hətta sözü gedən rayonlarda qoyunların kütləvi qırılması barədə ötən gün "Xəzər" TV-də verliş yayımlandı. Lakin rayon baytarlıq idarələrinin rəhbərləri tələfatın səbəbini müxtəlif xəstəliklərlə izah edir. Güya qoyunlar çiçək xəstəliyinə tutulublar. Bu səbəbdən də tələf olurlar. Əslində isə bu xəstəliyə el dilində "qoyun xərçəngi" deyilir. Və heyvanlarda bu xəstəliyin baş qaldırması insan orqanizmi üçün ciddi təhlükələr yarada bilər. Qabaqda bayram gəlir. Təbii ki, Kənd Təsərrüfatı Nazirliyi yarmarkalar təşkil edəcək və çalışacaqlar ki, ət məhsulları əhaliyə ucuz qiymətə satılsın. Burda kimsə yüz faiz təminat verə bilməz ki, həmin heyvanlar xəstə olmayacaq. Ən dəhşətlisi odur ki, "qoyun xərçəngi" müşahidə edilən rayonlarda heyvanlar arasında taun xəstəliyi əleyhinə peyvənd aparmaqla əhalini aldatmağa cəhd edirlər. Halbuki taun xəstəliyi varsa, bununla bağlı Beynəlxalq Epizootik Büroya məlumat verilməlidir. Heç bir mütəxəssis heyvanlar arasında hansı xəstəliyin yayıldığını söyləməyə risk etmir. Çünki "yuxarıdan" göstəriş belədir. Axı bu cinayətdir və bu cinayətin arxasında insan faktoru dayanır. O insanlar ki, əhalinin ən kasıb təbəqəsinə mənsubdurlar və həyətyanı sahələrdə saxladıqları ev heyvanları arasında baş verən xüsusi təhlükəli xəstəliklər nəticəsində dəymiş ziyana görə dövlət tərəfindən kompensasiya almaq hüququna malik olmalarından xəbərsizdirlər. Biz baytar həkimləri əminliklə deyə bilərik ki, bu vaxtadək respublikanın əksər rayonlarında həyətyanı sahələrdə saxlanılan ev heyvanlarının əksəriyyəti tələf olub. Lakin Dövlət Baytarlıq Xidməti tələfatın qarşısını almaq əvəzinə müxtəlif xəstəliklərin adını sadalamaqla daşımalı olduğu məsuliyyəti öz üzərindən atmağa çalışır". Baytar həkimləri Kənd Təsərrüfatı Nazirliyində baş verən qanunsuzluqlarla bağlı redaksiyamıza başqa məlumatlar da təqdim ediblər. Növbəti sayımızıda həmin məlumatları oxucuların diqqətinə çatdıracağıq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?