Bu gün Nərimanov rayon Məhkəməsində dövlət sərhədini qanunsuz keçməyə cəhddə təqsirləndirilən Ramin Hacılı barəsində seçilmiş həbs müddətinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb
Hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, təqdimat təmin edilib, R.Hacılının həbs müddəti daha iki ay artırılıb.
Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin (DSX) yaydığı məlumata əsasən, iyunun 4-də DSX-nin sərhəd qoşunlarının Zaqatala sərhəd dəstəsinin hərbi qulluqçuları tərəfindən Balakən rayonunun Mazımqara kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədinin pozulmasının qarşısı alınıb. Belə ki, həmin tarixdə sərhəd naryadı tərəfindən dövlət sərhədində 2 nəfər Azərbaycan Respublikası vətəndaşı – 1983-cü il təvəllüdlü Hacılı Ramin Rasim oğlu və 1988-ci il təvəllüdlü Qasımov Fəxrəddin Azad oğlu saxlanılıb.
İlkin araşdırma zamanı R.Hacılı ölkədən çıxışına qadağa qoyulması səbəbindən dövlət sərhədindən buraxılış məntəqələrindən ölkə ərazisini tərk edə bilməməsini və sərhəd zastavasının xidməti sahəsindən dövlət sərhədini pozmaqla qanunsuz yolla Gürcüstan ərazisinə keçməyə cəhd etməsini, F.Qasımovun isə bu əməlin həyata keçirilməsində ona kömək etməsini etiraf edib. F.Qasımov da eyni məzmunlu ifadə verib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?