Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki rayon şöbəsinin itkin düşən əməkdaşı Ramis Azaqovun meyiti meşədə ağacdan asılı vəziyyətdə tapılıb.
Ramis Azaqov sonuncu dəfə Şəki avtovağzalında qəzəbli şəkildə kiminləsə telefonla danışan zaman görülüb.
Mərhum telefonla danışdıqdan sonra Yevlax istiqamətinə gedən avtobusa minib. İlkin ehtimala görə, ona borcu olan tanışı ilə danışıb. Evdən çıxandan 12 gün sonra onun meyiti Yevlax rayonu ərazisində, meşəlik sahədə, meşəbəyi tərəfindən ağacdan asılı vəziyyətdə aşkarlanıb. Onun meyiti tanınmaz halda tapılıb.
Qohumları bildirib ki, Ramis Azaqovun tanışının ona 3500 manatdan çox borcu olub. O, dəfələrlə borcu istəsə də, hədələyiblər və bildiriblər ki, borcu istəsə, onu ortadan götürəcəklər. Ailə üzvləri ondan xahiş ediblər ki, pulu istəməsin. Ramis isə pulu geri alacağını bildirib.
Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki rayon şöbəsindən bildirilib ki, Azaqov Ramis Şükür oğlu 15.05.1992-ci ildən ƏƏSMN DSMF Şəki şəhər şöbəsində sosial sığorta sektorunda müxtəlif vəzifələrdə işləyib: “İşlədiyi müddətdə nizam-intizamlı, çalışqan işçi kimi özünü göstərib, kollektivdə hamı ilə hörmətli davranıb və heç bir problemi olmayıb. Sentyabrın 24-də işə gəlmədiyinə görə ailəsi ilə əlaqə saxlanılıb və məlum olub ki, sentyabr 23-də, səhər saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb”./oxu.az
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?