Konstitusiya Məhkəməsinin bank kreditləri haqqındakı məlum qərarından sonra Prezident İlham Əliyev Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) haqqında verdiyi fərmanla onsuz da çoxdandır ki, oyundankənar vəziyyətinə salınmış Rüfət Aslanlıya qırmızı kart göstərmiş oldu. Xatırladaq ki, Rüfət Aslanlı 2 il öncə çox böyük hay-küylə və intəhasız iddialarla MBNP rəhbərliyinə gəlmişdi, amma qısa zamanda özünü yandırdı və nəticədə proseslərdən tamam kənarlaşdırılaraq kabinetində krossvord doldurmaqla "görəvləndirildi".
Xatırladaq ki, məhz prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirovun çoxgedişli kombinasiyaları nəticəsində MBNP də mütləq hakimiyyət hələ bir öncədən icraçı direktor İbrahim Alışovun əlinə keçmişdi və bu gün də qurumdakı əsas söz sahibi odur. Bu barədə bir qədər sonra daha ətraflı bəhs edəcəyik.
Amma məmləkət insanını düşündürən bank sektorundakı hakimiyyətin bir əldən başqa ələ ötürülməsi deyil. İnsanlar "Qordi düyünü"nə çevrilmiş problemli kreditlər məsələsində təsəlliverici bir çözüm gözləyir. Hətta Konstitusiya Məhkəməsinin məlum qərarından sonra da insanlarda ümid qığılcımları hələ də sönməyib və bir çoxları sadəlöhvcəsinə belə bir nikbin qənaətdədir ki, dövlət başçısı nəhayət müdaxilə edərək bu düyünü çözəcək. Bunun üçün dövlətin maddi resursları da kifayət qədərdir. Neftin artan qiymətləri büdcə daxilolmalarını əhəmiyyətli dərəcədə artırıb. Bu baxımdan mübahisə predmeti olan məbləğin bir qisminin dövlətin öz üzərinə götürməsi doğrudan da ədalətli olardı. Nəzərə almaq lazımdır ki, ümummilli lider hələ ölkənin kasıb vaxtlarında "Xalq dövlət üçün deyil, dövlət xalq üçün olmalıdır" deyirdi. Cənab prezident İlham Əliyevin də "Biz xalqın xidmətçiləriyik" tezisi də əslində hökumətin müvafiq strukturlarının hərəkətə keçməsini şərtləndirir.
Amma etiraf edək ki, prezidentin bu sahəni kurasiya edən komanda üzvləri arasında şəxsi və işgüzar zəmində münasibətlərin, yumşaq desək, sərin olması üzündən problem həllini tapa bilmir. Təbii ki, millətin canının bu bəladan qurtarılmasında ən böyük məsuliyyət prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmiorvun üzərinə düşür. Eyni zamanda Mərkəzi Bankın sədri Elman Rüstəmovun və maliyyə naziri Samir Şərifovun da ayrıca məsuliyyət payları var. Məhz bu üçlük insanları kredit bataqlığından xilas edərək son dövrlər məmurların pafosla yeri gəldi-gəlmədi leksikonlarının vazkeçilməzi olan vətəndaş məmnunluğuna nail olmağa borcludurlar. Amma yuxarıda qeyd edildiyi kimi bu üçlüyün yola getməməsi, bir-birini həzm edə bilməmələri problemi çözmək əvəzinə hər ötən gün daha da qəlizləşdirir. Unutmaq olmaz ki, problemin həlli dedikdə bütün tərəfləri qane edən çözüm variantları nəzərdə tutulur. Yoxsa indiki kimi bu sahəyə cavabdeh olan səlahiyyət sahiblərinin kreslolarının hökmündən sui-istifadə edərək məsələni inzibati yolla, konkret olaraq məhkəmələrə sifariş verməklə "həll edilməsi"nə üstünlük vermək vətəndaşda məmnunluq deyil, aşkar nifrət və qəzəb yaradır. Məhkəmələrdən söz düşmüşkən, Rüfət Aslanlının da ən sevimli idarəetmə üsullarından biri məhkəmələrlə "işbirliyi"nə gedərək istədiklərini reallaşdırmaq, yəni ona boyun əyməyən bankların "torbasını tikmək" idi. Həyat göstərdi ki, "Sirkə nə qədər sərt olsa ancaq öz şüşəsini çatladar" məsələində olduğu kimi R. Aslanlı "Palata" adlı "köhlən"ini sonadək minə bilmədi və çağdaş Azərbaycanın ən uğursuz məmurlarından biri kimi adını tarixə yazdırmağı bacardı. Ona görə də yuxarıda adları çəkilən hər üç məmur da Rüfət Aslanlının aqibətindən və millətin daşmaqda olan qəzəbindən nəticə çıxararaq, gec də olsa, oturub dövlət başçısına ağılabatan çözüm paketi təklif etməlidirlər.
Yeri gəlmişkən, iqtisadçı millət vəkili Vahid Əhmədov da prezidentin müdaxiləsinin həlledici olacağı qənaətindədir və o da hesab edir ki, yuxarıda adı çəkilən səlahiyyət sahibləri intriqaları bir kənara qoyaraq gerçək çözüm variantları üzərində çalışmalıdırlar. Millət vəkili hesab edir ki, təkcə dollar kreditləri ilə bağlı problemi yox, ümumiyyətlə, vaxtı keçmiş 1,8 milyard manat kredit məsələsini də həll etmək lazımdır.
Vahid Əhmədovun həmkarı, iqtisadçı millət vəkili Əli Məsimli də Moderator.az-a açıqlamasında bank sektorundakı xaosdan narahatlığını ifadə edərək yubanmadan tədbir görülməsinin zəruriliyini bildirir:
"Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) yaranarkən ona böyük ümidlər var idi ki, öz nizamnamə tələblərinə uyğun surətdə islahatlar aparacaq və maliyyə bazarları sahəsində yığılıb qalmış problemlərin həllinin sürətləndirilməsində aparıcı rol oynayacaq. Bu əsasda maliyyə bazarlarının tənzimlənməsini və bu sahəyə nəzarəti həyata keçirmək, maliyyə bazarlarının səmərəli fəaliyyətini və dayanıqlığını təmin etmək, kreditorların, sığortalıların, investorların və maliyyə bazarlarının digər istehlakçılarının hüquqlarını qorumaq istiqamətlərində nəzərəçarpan irəliləyişlərə nail olacaq. Həm də bu palatanın xüsusiyyəti tələb edir ki, o öz vəzifələrini və hüquqlarını həyata keçirərkən digər uyğun dövlət orqanları, xüsusən də Milli Məclis, Mərkəzi Bank və Maliyyə Nazirliyi ilə sıx əlaqədə fəaliyyət göstərsin. MBNP yaranarkən biz deputat həmkarım Vahid Əhmədovla birlikdə bəyan etdik ki, bu yeni Palatanın islahat xarakterli bütün fəliyyətini hər cəhətdən dəstəkləyəcəyik. Ona görə də MBNP-nın rəhbərinin Milli Məclisə təqdim etdiyi çiy, aşağı keyfiyyətli qanun layihələrini təkmilləşdirilərək, sürətlə qəbul edilməsini hər vasitə ilə dəstəkləyirdik ki, Palatanın həyata keçirəcəyi islahatların hüquqi bazası tez formalaşsın. Amma bir müddətdəndən sonra məlum oldu ki, Palatanın rəhbəri öz dar ixtisası sahəsində kifayət qədər savadlı və səriştəli olsa da, bütövlükdə maliyyə bazarları sahəsində həlli təxirəsalınmadan vacib olan işləri nə özü görə bilir, nə də bu işlərə təmənnasız kömək etmək istəyənlərə imkan verir. Xarici valyutada olan kreditlərlə bağlı yaranmış problemin həllininə yönəlik deputat həmkarım Vahid Əhmədovla birlikdə hazırlayıb aidiyyatı qurumlara göndərdiyimiz Təkliflər Paketinə MBNP-nın rəhbərinin çox aşağı əyarlı rəyi buna əyani sübutdur. Biz o vaxt sizin sayt vasitəsilə həmin rəylə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbərinin mövqeyinin əsassızlığını və ziyanlı olmasını təkzibedilməz fakt və arqumentlərlə ortaya qoyduğumuzdan, bu məsələni bir də geniş şərh etmirik. Təkcə onu qeyd etməklə kifayətlənirik ki, rəydə bildirilmişdi ki, Maliyyə Bazarlarına Nəzarət Palatası özü xarici valyutada olan kreditlərlə bağlı təkliflər ortaya qoyacaq. Aradan 2 ildən artıq vaxt keçib, hələ də bizim hazırlayıb təqdim etdiyimiz Təkliflər Paketindən başqa ortada bir şey yoxdur. MBNP rəhbəri təkcə bizim təkliflər timsalında Milli Məclislə yox, Maliyyə Nazirliyi, Mərkəzi Bankla, eləcə də bir sıra kommersiya bankları ilə də normal işgüzar münasibət qura bilmədi. Əksinə, bir sıra cəhətlərinə görə konflikt mühiti formalaşdırdı ki, elə şəraitdə səmərəli fəaliyyət göstərib, yaxşı nəticələr əldə etmək təbii ki, mümkün olmadı…Bu baxımdan Palatanın fəliyyətinin nəticəsi isə göz qabağındadır. Bünövrəsi yaxşı qurulmadığından, hazırda Palatanın varlığı ilə yoxluğu arasında elə bir ciddi fərq yoxdu.
Dünya iqtisadiyyatda gedən proseslərdə qeyri-müəyyənliyin getdikcə artması qlobal iqtisadi arenada baş verən proseslərə çevik reaksiya verilməsinin, maliyyə sektorunun dayanıqlığının təmin edilməsinin və bu sahədə nəzarət tədbirlərinin gücləndirilməsinin aktuallığını getdikcə artırır. Ölkənin qiymətli kağızlar bazarının, investisiya fondu, bank və sığorta fəaliyyəti sahələrinin, habelə ödəniş sistemlərinin çevikliyinin və şəffaflığının təmin olunması, eyni zamanda bu sahələrdə tənzimləmə və nəzarət sisteminin təkmilləşdirilməsi zərurəti MBNP-nın fəaliyyətinin həmin tələb və çağırışlar kontekstində yenidən qurulmasını tələb edir. Bu baxımdan Prezident İlham Əliyevin Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında 4 oktyabr tarixli fərmanını çox vacib hesab edirik. Güman edirik ki, Nazirlər Kabineti, Vergilər Nazirliyi, Ədliyyə Nazirliyi və digər aidiyyatı orqanlar həmin fərmandan irəli gələn tapşırıqları orada göstərilən konkret müddətlər ərzində yerinə yetirəcək və eyni zamanda həm də MBNP öz nizamnəmə tələblərinə uyğun səviyydə fəaliyyət götərə bilməsi üçün bu sahəni yaxşı bilən səriştəli və məsuliyyətli kadr potensialı ilə təmin ediləcək".
Sonda qeyd edək ki, prosesi diqqətlə izləyirik və post Rüfət Aslanlı dönəmində MBNP fəaliyyətinin nədən ibarət olacağını müşahidə etməkdə davam edəcəyik. Ümid edirik ki, ilin sonunadək millətin gözlədiyi tarixi qərar veriləcək və vətəndaş 2019-cu ilə dünyadan əlini üzmüş, dövlətindən incik halda deyil, gələcəyə ümidlə qədəm qoyacaq. /azsiam.info
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?