Oktyabrın 1-də avtobusun qatarla torruşması ilə əlaqədar iki nəfər həbs edilib. 160 saylı sərnişin avtobusunun sürücüsü və sərnişindaşımanı həyata keçirən şirkətin dispetçeri cinayət məsuliyyətinə cəlb olunub.
Bakı Şəhər Prokurorluğunun məlumatında xatırladılır ki, oktyabrın 1-də Bakının Binə qəsəbəsində qorunan dəmir yolu keçidində yük qatarı ilə Əlixan Şirəliyevin idarə etdiyi 160 saylı "Daewoo" markalı marşrut avtobusu toqquşub.
Qəza nəticəsində 12 yaşlı Yusif Dadaşzadə və Şakir Əliyev (1962-ci il) ölüb, 40 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Fakt üzrə Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
Ə.Şirəliyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona qarşı yuxarıda qeyd edilən maddə ilə ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Müəyyən edilib ki, həmin gün Ə.Şirəliyev tibbi müayinədən keçirilmədən reysə buraxılıb. Buna görə "Ayşən LTD" şirkətinin dispetçeri Mübariz Fərəcov cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 265-1.3-cü (ümumi istifadədə olan nəqliyyat vasitəsinin istismara verilməsi qaydalarının pozulması, ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb. O həbs edilib.
İstintaq davam edir.
Bu gün, oktyabrın 6-da 160 saylı marşurutla işləyən sərnişin avtobuslarından daha biri qəza törədib. Avtobusun minik avtomobili toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.
Səhiyyə Nazirliyinin mətbuat xidməti bildirib ki, yaralıların xəsarətləri yüngül olduğu üçün təcili-tibbi yardım avtomobili ilə xəstəxanaya getməkdən imtina ediblər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?