Prezident İlham Əliyev ötən gün Nazirlər Kabinetinin ilin 9 ayının yekunlarına həsr edilmiş müşavirəsində şəhər ictimai nəqliyyatında hökm sürən vəziyyət barədə sərt danışıb.
GundemXeber.Az Virtualaz.org-a istinadla prezidentin nitqinin stenoqramına istinadla xəbər verir ki, İlham Əliyev avtobus marşrutlarına nəzarət edən özəl şirkətlərin fəaliyyətinin nəticəsi olaraq dəhşətli qəzaların, günahsız insan ölümlərinin baş verdiyini deyib. Prezident bəyan edib ki, bu sahədə özəl sektora bəslənən ümidlər özünü doğrultmayıb və nəticədə dövlət “Baku Bus” MMC şirkəti vasitəsilə ictimai nəqliyyat xidmətini öz üzərinə götürməyi qərara alıb.
Prezident deyib ki, şəhər nəqliyyatı sahəsində irəliləyiş əldə edilib. Bura həm yol-nəqliyyat hərəkətinin tənzimlənməsi, eyni zamanda, yeni yolların açılması, nəqliyyat vasitələrinin alınması istiqamətində əldə edilən irəliləyişlər daxildir.
İlham Əliyev xatırladıb ki, bu il ərzində Bakıya daha 300 müasir sərnişin avtobusu gətiriləcək. Prezident vurğulayıb ki, gələn il daha 300, maliyyə imkanları yaransa hətta 500 yeni avtobusun alınıb gətirilməsi üçün göstəriş verib. “Dövlət bu sahədə öz liderliyini göstərməlidir. Çünki son vaxtlar baş vermiş dəhşətli qəzalar bizim hamımızı çox üzür və bu, vətəndaşlar üçün çox böyük faciədir, böyük itkidir. Nəyə görə? Çünki sükan arxasında oturan öz məsuliyyətini dərk etmir. Onun psixoloji, narkoloji durumuna, peşəkarlığına lazımi qaydada nəzarət olunmur, sadəcə olaraq pul naminə. Şirkətə pul lazımdır. Ona görə də bədbəxt hadisələr baş verir. Avtobus qatara çırpılır, günahsız insanlar həlak olur»-İlham Əliyev deyib.
Prezident vurğulayıb ki, mühafizə orqanları belə hallara çox ciddi reaksiya verməlidir və belə hallar nəzarətdə olmalıdır. Çünki bəzi hallarda bu hadisəni törədənlər müəyyən müddətdən sonra məsuliyyətdən yayınırlar. Ona görə, buna son qoymaq üçün müvafiq qurumlar tərəfindən çox ciddi təftiş aparılmalıdır. Avtobusları idarə edən şirkətlər çox ciddi nəzarətə götürülməlidir. Avtobusların texniki parametrləri ilə bağlı çox ciddi təftiş aparılmalıdır.
Sitat: “Mən bir daha demək istəyirəm, əfsuslar olsun ki, özəl sektor bu sahədə istədiyimizə nail ola bilmədi. Bu sahə, ümumiyyətlə, özəl sektorun ixtiyarına buraxılmışdı. Belə bir fikir var idi ki, onlar bunu yaxşı idarə edəcəklər, məsuliyyətlə. Amma biz nəyi görürük? Gedirlər sıradan çıxmış, sınıq-salxaq avtobusları gətirib salırlar bizim küçələrimizə. Həm insanlar, həm hava üçün təhlükədir, həm də ümumiyyətlə, heç bir normaya sığmır. Ona görə, bizim dövlət qurumumuz var – “Bakubus” şirkəti. Onların xətti ilə biz bu işi davam etdirməliyik. Əgər özəl şirkətlər bu sahədə işləmək istəyirlərsə, öz işlərində çox ciddi dəyişiklik etməlidirlər və dövlət orqanları onlara çox ciddi nəzarət etməlidir”
Xatırladaq ki, oktyabrın 1-də 160 saylı marşrut üzrə işləyən sərnişin avtobusu Binə qəsəbəsində neft qatarına çırpılıb, nəticədə biri məktəbli olmaqla iki nəfər həlak olub, 40-dan çox adam xəsarət alıb. Qəza narkotikin təsiri altında olan və əvvəllər də ölümlə nəticələnən qəza törədən, buna görə məhkumluğu olan sürücünün yaxınlaşan qatara məhəl qoymayaraq dəmiryol keçidinə daxil olması nəticəsində baş verib. Bu, Bakıda ictimai nəqliyyat sahəsində uzun illərdir hökm sürən vəziyyətin nəticəsi olaraq baş verən çoxsaylı faciələrdən biridir və göründüyü kimi prezidenti də ciddi narahat edir. Və bu vəziyyəti aradan qaldırmaq üçün ən doğru yol seçilib-sərnişinə 20-30 qəpik kimi baxan özəl şirkətlər bu sahədən uzaqlaşdırılır, onların əvəzinə dövlət müəssisəsi müasir avtobuslarla təhlükəsiz sərnişindaşıma xidmətini təşkil edir.
Sorğu
Yeni dizaynımız necədir?