İbrahimov 3 ay həbsə, atası isə 1,5 il islah işlərinə cəlb edilib
Oktyabrın 10-da Ali məhkəmədə narkotik ittihamıyla 10 il həbs cəzası almış gənc fəal Qiyas İbrahimovun sonradan atasıyla birlikdə ittiham olunduğu daha bir cinayət işi üzrə verilən kasassiya şikayəti təmin edilməyib.
Ali məhkəmədə hakim Əli Seyfəliyevin sədrliyi iləQiyasa narkotik ittihamıyla 10 il həbs kəsilməsinə dair hökmdən şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılarkən hakimlərə hörmətsizlik etməkdə günahlandırılan ata və oğul haqqında qərar qüvvədə saxlanılıb.
Məhkəmədə Q.İbrahimov və atası iştirak etməyib.
Onların vəkili Elçin Sadıqov hesab edir ki, verilən qərarlar qərəzlidir və Qiyasın məhkəməsində onun özünün və atasının hakimlərə dediyi ifadələrdə təhqir olmayıb, məsələyə ifadə azadlığı çərçivəsində yanaşılmalıdır:
«Azərbaycanın ratifikasiya etdiyi İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsinə dair Avropa Konvensiyasının 10-cu maddəsi də ifadə azadlığına təminat verir».
Cinayət işinə bu il iyunun 5-də Bakı Apellyasiya Məhkəməsində baş vermiş insidentlə əlaqədar başlanılıb. Belə ki, “şüşə qəfəs”də olan Q.İbrahimov dövlət ittihamçısının çıxışı zamanı mikrofonu sındırıb (Qiyas İbrahimov və Bayram Məmmədov Heydər Əliyevin abidəsinə siyasi şüarlar yazdıqdan sonra narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham olunaraq 10 il azadlıqdan məhrum ediliblər).
Bundan öncə isə hakim Qiyasın heç nə eşitməməsi barədə çağırışlarına məhəl qoymayıb. Məhkəmə nəzarətçiləri “qəfəs”ə yaxınlaşaraq Q.İbrahimovun əllərini qandallayıblar, ona qarşı kobudluq ediblər. Bundan qəzəblənən ata hakimi zorakılığa son qoyulmasına çağırıb. “Gün gələcək, sizin də övladlarınızın başına belə şeylər gələcək”, o çığırıb.
Bakı Apellyasiya Məhkəməsinin hakimləri Vüqar Məmmədov, Əflatun Qasımov və Əmir Bayramov bunu özlərinə qarşı hörmətsizlik kimi qiymətləndiriblər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?