Bakıda 76 saylı orta məktəbdə baş vermiş zəhərlənmə ilə bağlı 9 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.
Bu barədə şöbənin müdiri Azər Maqsudov bildirib.
Onun sözlərinə görə, şöbəyə gətirilən şagirdlər qazdan zəhərləniblər: "Hazırda xəstələrin vəziyyəti o qədər də ağır deyil. Müalicələr davam etdirilir".
Xatırladaq ki, bu gün Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi 76 saylı tam orta məktəbdə şagirdlər gözyaşardıcı qazdan zəhərləniblər.
Saat 10:30 radələrində tənəffüs vaxtı 6-ci sinif şagirdlərindən biri digər sinif yoldaşı ilə birgə məktəbin dəhlizində gözyaşardıcı qaz buraxıb. Nəticədə şagirdlər zəhərləniblər.
***
Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi 76 saylı tam orta məktəbdə şagirdlər bibər qazından zəhərləniblər.
Bu barədə Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov Teleqraf.com-a deyib.
O bildirib ki, hadisə ilə əlaqədar məktəbə Təcili Tibbi Yardım Stansiyasının 4 həkim briqadası göndərilib. Təcili Tibbi Yardım avtomobilləri məktəbdən 9 şagirdi götürərək Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirib: "Uşaqlar 10-12 yaş arasındadırlar. Onların vəziyyətləri sabitdir".
76 nömrəli tam orta məktəbdən daxil olan məlumatda isə bildirilib ki, oktyabrın 10-da saat 10:30 radələrində tənəffüs vaxtı 6-ci sinif şagirdlərindən biri digər sinif yoldaşı ilə birgə (müvafiq səbəblərə görə şagirdlərin adı qeyd olunmur) məktəbin dəhlizində gözyaşardıcı qaz buraxıb: "Tənəffüs vaxtı olduğu üçün digər şagirdlər də gözyaşardıcı qazdan təsirləniblər. Dərhal uşaqlar təxliyyə olunublar. Şagirdlərə ilkin tibbi yardım göstərilib"./teleqraf.com
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?