'Sentyabrın sonlarında dini fəal Telman Şirəliyevə qarşı yeni cinayət işi açılıb. O, 2012-ci il oktyabrın 5-də Təhsil Nazirliyinin binası qarşısında etiraz aksiyasında iştirak etdikdən sonra 6 il müddətinə azadlıqdan məhrum edilib. Azad edilməsinə bir həftə qalmış onun yastığının altından şiş "aşkarlayıblar" və 317-2.1-ci (cəzaçəkmə müəssisəsində və ya istintaq təcridxanasında qadağan edilmiş əşyaların hazırlanması, saxlanması, gəzdirilməsi) maddə ilə ittiham irəli sürüblər". Bu barədə Siyasi Məhbusları Müdafiə Mərkəzinin əlaqələndiricisi Oqtay Gülalıyev facebook səhifəsində məlumat yayıb.
Onun fikrincə, yeni ittihamın əsl səbəbi Şirəliyevin əfv xahişini mzalamaqdan imtina etməsidir.
“Bununla hakimiyyət vətəndaşlarda qorxu yaradır. Amma bu cür əməllərlə onlar yalnız özlərinə qarşı nifrəti qızışdırır", Gülalıyev belə hesab edir.
Hüquq müdafiəçisi hesab edir ki, hakimiyyət çox pis təmayülün əsasını qoyub.
“Həbs müddəti başa çatan siyasi məhbuslara yeni ittihamlar irəli sürür və onları yenidən həbsxanaya göndərir. Belə ki, 11 illik həbsdən sonra həbsxanada qanunsuz narkotik saxlamaq ittihamı irəli sürülmüş ittihamla sabiq səhiyyə naziri Əli İnsanova əlavə olaraq 7 il azadlıqdan məhrumetmə cəzası veriblər. Xalq Cəbhəsi Partiyasının fəalı Məmməd İbrahim də bu yaxınlarda eyni tale ilə üzləşib”, o qeyd edib.
Öz növbəsində Penitensiar Xidmət bir qayda olaraq məhbusların şərlənərək yenidən həbs edilməsi ilə bağlı xəbərləri təkzib edir. Penitensiar Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsi bütün məhbusların qanunvericilik normalarına və daxili intizam qaydalarına uyğun saxlanıldığını bildirir./amerikaninsesi.org
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?