Amnesty İnternational beynəlxalq hüquq müdafiə təşkilatı Azərbaycan hakimiyyətini noyabrın 17-də Bakıda saxlanmış fəalları azadlığa buraxmağa, sərbəst toplaşma azadlığını qorumağa çağırır.
Təşkilatın yaydığı bəyanatda noyabrın 17-də müxalifət liderlərinin və fəalların saxlanmasını sərbəst toplaşma azadlığının pozulması kimi dəyərləndirir.
Noyabrın 17-də Milli Dirçəliş günü ilə bağlı Milli Şura rəhbərliyi və fəallar Şəhidlər Xiyabanına gediblər. Onlar Şəhidlər Xiyabanını ziyarət edəcəklərini açıqlamışdılar. Amma polis buna imkan verməyib. Başda Milli Şura sədri Cəmil Həsənli, bu quruma daxil AXCP sədri Əli Kərimli olmaqla onlarla şəxsi Səbail Rayon Polis İdarəsinə aparılıblar. Gecə saatlarında C.Həsənli və bəzi fəallar sərbəst buraxılıblar. Amma Ə.Kərimli və daha 10 nəfər buraxılmayıb. Onlar İnzibati Xətalar Məcəlləsinin 513.1 və 513.2-ci maddələri ilə günahlandırılıblar. Orada söhbət yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri, piketlər ilə bağlı «Sərbəst toplaşmaq azadlığı haqqında» Qanun ilə müəyyən edilmiş qaydaların pozulmasından gedir. Həmin maddələr 3 min manata qədər cərimə, 240 saata qədər ictimai işlər və 2 aya qədər həbs cəzası nəzərdə tutur.
Noyabrın 19-da Əli Kərimli 2500 manat cərimələnərək buraxılıb. Saxlananlardan 3 nəfərə 20 sutka həbs cəzaları kəsilib, qalanlar cərimə edilərək sərbəst buraxılıb.
“Azərbaycan Konstitusiyası sərbəst toplaşma azadlığını təmin etsə də, digər qanunlar ictimai yığıncaqların keçirilməsini sərt şəkildə tənzimləyir, yerli icra orqanları isə adətən, müxalifətin təşkil etdiyi dinc yürüşlərə icazə vermirlər, polis dinc yürüşlərin dağıdılmasında aşırı gücdən istifadə edir. Hakimiyyət konstitusiyanın və Azərbaycanın ratifikasiya etdiyi beynəlxalq insan haqları sazişlərinin tanıdığı dinc toplaşma azadlığını təmin etməlidir. Hakimiyyət administrativ cəza kəsilmiş fəalları dərhal azadlığa buraxmalıdır”, – bəyanatda deyilir.
Amnesty International illərdir Azərbaycanda insan haqları pozuntuları barədə məlumat yaydığını, bu ölkədə ifadə, birləşmə və sərbəst toplaşma azadlıqlarının sərt şəkildə məhdudlaşdırıldığını bildirir. Qurum yerli insan haqları müdafiəçilərinə istinadla ölkədə 100-dən artıq şəxsin siyasi motivlərlə həbs cəzası çəkdiyini qeyd edir. “Bu halların sayı artır və cəmiyyətdə qorxu, özünüsenzura mühiti yaradır”, – bəyanatda deyilir.
Qeyd edək ki, hakimiyyət təmsilçiləri ölkədə siyasi motivli həbslərin aparılmadığını, fərdlərin konkret cinayətlərə görə cəza çəkdiyini bildirir. Onlar bütün təməl hüquq və azadlıqların təmin olunduğunu deyir, beynəlxalq qurumların tənqidlərini rədd edirlər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?