Şirvan Apellyasiya Məhkəməsi Müsavat Partiyası Şirvan şəhər təşkilatının sədri, həbsdə olan Əlikram Xurşidovu azadlığa buraxmaqdan imtina edib. Qərar bu gün verilib.
Bu barədə vəkil Nemət Kərimli məlumat verib.
Şirvan Apellyasiya Məhkəməsi qapalı keçirilən prosesdə Ə.Xurşidovun barəsində 3 aylıq həbs qətimkan tədbirinin seçilməsindən verilmiş şikayətə baxıb və onu təmin etməyib.
N.Kərimli qərarı əsassız sayıb, hüquqi müdafiə tədbirlərinin davam etdiriləcəyini bildirib.
Xatırladaq ki, Ə.Xurşidovu noyabrın 22-də axşam saatlarında Şirvanda polislər saxlayıb. Noyabrın 24-də ona qarşı rəsmi ittiham irəli sürülüb. Müsavat Partiyası Şirvan təşkilatının sədri Cinayət Məcəlləsinin 221.2.2 və 221.2.3 maddələri ilə (xuliqanlıq) ittiham olunur.
Noyabrın 24-də Şirvan Şəhər Məhkəməsi müsavatçının barəsində 3 aylıq məhkəməyəqədər həbs qərarı verib.
Müsavat Partiyasının təmsilçiləri isə bəyan edib ki, Ə.Xurşidov bu günlərdə özünün Facebook səhifəsində Şirvan şəhərində vətəndaşların inzibati üsullarla Yeni Azərbaycan Partiyasına (YAP) üzv yazdırılması haqda status paylaşıb. Partiya hesab edir ki, onun həbsi də statusları, tənqidi mövqeyi ilə bağlıdır.
Hakim YAP haqda bundan əvvəl də belə fikirlər səslənib. Ancaq bu partiya, bir qayda olaraq, belə iddiaları təkzib edir. Bu il yaradılmasının 25 illiyi qeyd edilən YAP 700 mindən çox üzvünün olduğunu bildirir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?