Təəssüflə bildirirəm ki, təhsil sahəsində neqativ halları tam aradan qaldıra bilməmişik. Hələ də neqativ hallar var.
Bunu baş nazirin müavini Əli Əhmədov Müəllimlərin XV qurultayında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, dövlətin siyasəti və prezidentin həyata keçirdiyi strategiyada müəllim və məktəbə yüksək qiymətin verilməsi başlıca xətt təşkil edir:
“Təhsilin infrastrukturunun yaxşılaşdırılması istiqamətində son 15 ildə mühüm addımlar atılıb. Müəllimlərin sosial həyat səviyyəsinin, tədrisin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində addımlar atılır. İnanıram ki, Təhsil Nazirliyi tərəfindən həyata keçirilən islahatlar Azərbaycan təhsilinin müasir tələblərə uyğunlaşması istiqamətində atılan ən cəsarətli addımdır. Əsası qoyulan bu islahatlar gələcəkdə Azərbaycan təhsilini yeni səviyyəyə qaldıracaq”.
Əli Əhmədov bildirib ki, təhsil Azərbaycan cəmiyyətinin dünyada rəqabət qabiliyyətinin artırılmasına xidmət göstərə biləcək ən fundamental amillərdəndir:
“Yüksək biliklərə malik olan insanlar lazım olan təhsil səviyyəsinə malik olmayan işçilərdən üç dəfə çox əməkhaqqı alırlar. Bu da təbiidir. İnsanların məşğulluğunun təmin edilməsində, onların təhsilli olması böyük əhəmiyyət kəsb edir. Azərbaycanda təhsilin yalnız nəzəri biliklərə deyil, vərdişlərə, bacarıqlara da yönəlməsi vacibdir.
Azərbaycanda təhsilli insanların öz bacarığını nümayiş etdirməsi 60 faiz civarındadır. İnkişaf etmiş ölkələrdə isə bu 80 faizdən yuxarıdır. Məktəblərimiz vərdişlərin öyrədilməsinə böyük önəm verməlidir”.
Baş nazirin müavini qeyd edib ki, məktəbin idarə olunmasının demokratikləşməsi təhsilin qarşısında duran ən böyük vəzifələrdəndir:
“Özəl təhsilə önəm verilməsi və inkişaf etdirilməsini vacib hesab edirəm. Bu, bir yandan Azərbaycan büdcəsinin yüngülləşdirilməsinə, ikinci bir tərəfdən təhsilə qoyulan vəsaitinin artmasına gətirib çıxara bilər. Təhsildə rəqabətqabiliyyətliliyin artması, təhsilin məzmun və keyfiyyətinin yaxşılaşdırılması dövlət və özəl sektorun bərabər inkişaf etdirilməsi ilə bilavasitə əlaqədardır.
Təbii ki, idarəetmədə neqativ hallara qarşı mübarizənin gücləndirilməsinə diqqət etməliyik. Cəmiyyətə mənfi təsir göstərən ən böyük faktor, hesab edirəm ki, təhsil sahəsindəki neqativ hallardır. Təəssüflə bildirirəm ki, bu sahədə neqativ halları tam aradan qaldıra bilməmişik.
Azərbaycan cəmiyyəti bunu görür, Təhsil Nazirliyinin apardığı islahatlar bu neqativ halların aradan qaldırılması istiqamətində ciddi addımlar kimi qiymətləndirilir. Qarşımızda vəzifələr çoxdur. Daha ciddi addımların atılmasına ehtiyac var"./oxu.az
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?