“Baku Steel Company” MMC-nin sahibi Rasim Məmmədov Azərbaycana idxal olunan armaturların keyfiyyətsizliyinə dair şayiələr yaydırır; monopoliyanı əldən verməmək üçün PR kampaniyasına start verilib; o, tikinti sektorunda ucuzlaşma yaradılmasına mane olmaqla, dövlətin siyasətini sabotaj edir
Son vaxtlar bir sıra mətbuat orqanlarında, internet resurslarında İrandan Azərbaycana idxal olunan armaturun keyfiyyətsizliyinə dair materiallar yayılmaqdadır. Həmin materiallarda konkret şirkət adı qeyd olunmayaraq, ümumilikdə İrandan gətirilən armaturun keyfiyyət standartlarına cavab verməyə biləcəyi iddia olunur. Müxtəlif ərazilərdə İran məhsulunun tikinti sahəsindəki fotoları verilsə də, armaturun məhz hansı şirkət tərəfindən istehsal edildiyi bildirilmir.
Qeyd edək ki, İran armaturları ilə bağlı yayılan materiallara 2016-cı ildə Səudiyyə Ərəbistanında çəkilmiş bir video da əlavə olunur. İranın “Saba Steel” şirkətinin etiketinin də nümayiş olunduğu videoda bir nəfər yoğun armaturu əlində qaldırıb betona çırpır və armatur asanlıqla sınır. Kiçik araşdırmadan sonra aydın olur ki, həmin video Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətlər kəskinləşən zaman məqsədyönlü şəkildə hazırlanıb və İran məhsulunu gözdən salmağa hesablanıb.
İran armaturuna niyə hücum edilir?
Bu ilin 9 ayı ərzində Azərbaycana 120 min ton armatur idxal edilib. İran, Rusiya və Ukraynadan alınan məhsulun nə qədərinin İrandan idxal edildiyi məlum olmasa da, yayılan materiallar göstərir ki, cənub qonşumuzdan idxal yerli istehsalçını təşvişə salacaq həddədir.
İran Polad İstehsalçıları Assosiasiyasının (ISPA) məlumatına görə, bu ölkənin müəssisələri son illərdə armatur istehsalına diqqəti artırıblar. İran müəssisələri nəinki qonşu ölkələrə ixracla kifayətlənmək, hətta Avropa bazarına çıxmağı da hədəfləyirlər. Ötən ilin mart-dekabr aylarında İran 397 ton armatur ixrac edib. Bu ixracın böyük hissəsini İraq və Əfqanıstana satış təşkil edib. Hətta bu ilin yanvarında İranın Esfehan Steel Co şirkəti Böyük Britaniyaya ilk partiya armatur ixrac edib. ABŞ sanksiyaları üzündən may ayından bəri İran şirkətlərinin Böyük Britaniya, digər Avropa ölkələri ilə iqtisadi əlaqələrində böyük çətinliklər yarandığı hamıya məlumdur. Bu ölkənin tikinti sektorunda hələ sanksiyalardan əvvəl ciddi durğunluq yaşanırdı. Bütün bunlar İran zavodlarını öz məhsulunu daha ucuz qiymətə yaxın ölkələrə satmağa məcbur edir.
Son günlər yayılan məlumatlarda İran armaturları ilə bağlı təbliğatda keyfiyyətsizlik önə çəkilir. Lakin heç bir konkret şirkətin adı qeyd olunmur. Çünki hazırda İrandan Azərbaycana zavod istehsalı olan armaturlar gətirilir. Böyük zavodların məhsulu olan bu armaturların keyfiyyətli və ya keyfiyyətsizliyini isə yalnız xüsusi analiz və sınaqlardan sonra müəyyənləşdirmək mümkündür.
Sabiq deputat Nazim Bəydəmirli bildirir ki, İran armaturları keyfiyyətinə görə heç də Rusiya və Ukrayna məhsullarından geri qalmır: “İran armaturları əsasən dəmir filizindən istehsal olunur, 20 faiz ətrafında metallom qatılır və keyfiyyətinə görə heç Ukraynadan, Rusiyadan geri qalmır”.
N.Bəydəmirlinin sözlərinə görə, son vaxtlar “Baku Steel Company” (qısa yazılışı BSC-red.) Azərbaycan bazarında öz hökmran mövqeyini itirib. İdxal olunan məhsulların keyfiyyətdə və qiymətdə BSC istehsallı armaturları üstələməsi bu şirkətin rəhbəri Rasim Məmmədovun kampaniya başlatmasına səbəb olub: “Eşitdiyimə görə, iranlılar mallarını məqsədli antireklam etdiyinə görə bu şəxsləri məhkəməyə verməyi düşünürlər. İran A500 markadan yuxarı armatur istehsal edir. Hətta B500, B500C. İrandan Gürcüstan və Türkiyə də armatur alır. Necə olur ki, keyfiyyət onları qane edir, amma bizdəkiləri qane etmir?”
Dövlət Gömrük Komitəsindən İrandan gətirilən armaturların keyfiyyəti ilə bağlı “Yeni Müsavat”ın sorğusuna cavab olaraq bildirilib ki, gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin, o cümlədən armaturun gömrük orqanlarına bəyanetmə qaydaları Nazirlər Kabinetinin 22 iyul 2014-cü il tarixli, 263 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın müddəalarına uyğun həyata keçirilir. Eyni zamanda qeyd olunan məhsulların ölkə ərazisinə idxalı “Məhsulların (işlərin, xidmətlərin) sertifikatlaşdırılmasının mərhələlər üzrə tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 1993-cü il tarixli, 343 nömrəli Qərarına əsasən tənzimlənir.
Beş il əvvəl Gürcüstan armaturuna da eyni iddia irəli sürülüb
İnternet resurslarında axtarış apararkən maraqlı bir mənzərənin şahidi olduq. Məlum oldu ki, 2013-2014-cü illərdə eyni kampaniya Gürcüstan istehsalı olan armaturla bağlı aparılıb. Belə ki, “Baku Steel Company” MMC-nin sahibi və Müşahidə Şurasının sədri Rasim Məmmədov həmin vaxt açıqlama verib ki, Gürcüstan Azərbaycana keyfiyyətsiz və istifadəsi təhlükəli tikinti armaturu ixrac edir.
Rəsmi qəzetlərdəki müsahibədə R.Məmmədov bəyan edib ki, Gürcüstanda fəaliyyət göstərən Rustavi Metallurgiya Zavodu keçmiş zamanlarda Daşkəsən Filizsaflaşdırma Kombinatından Gürcüstana aparılan filizin tullantılarından armatur istehsal edir: “Ən ucuz ferrobirləşmələrdən istifadə edilərək, aşağı keyfiyyətli və istifadə üçün təhlükəli tikinti armaturları istehsal edib, nəqliyyat xərcləri az olduğuna görə daha ucuz qiymətlərlə Azərbaycana ixrac edir. Gürcüstanın Qara dəniz vasitəsilə dünya okeanına birbaşa çıxışı olduğunu nəzərə alsaq, istehsal olunan məhsul keyfiyyətli olduğu halda dünya bazarlarına çıxarılması daha məqsədəuyğun olardı?”
Bu açıqlama 2013-cü ildə verilmişdi. 2012-ci ildə Gürcüstandan Azərbaycana 21,4 milyon dollarlıq 28 min ton armatur gətirilmişdi. Rustavi Metallurgiya Zavodunun rəhbərliyi ittihama cavab verməyib. Amma internet səhifəsindəki məlumatlardan aydın olur ki, zavod 12-32 mm-lik armaturlar istehsal edir. Onlar A500S və A400C siniflərinə uyğundur. Həmçinin zavodda istənilən uzunluqda hamar armatur istehsal edilir. Armatur istehsalı QOST 10884-94, QOST R 52544-2006 və DSTU 3760-2006 standartlarına uyğundur. Müştərinin sifarişi ilə Britaniyanın BS 54449-2005 üzrə armatur hazırlamaq mümkündür.
Hazırda Azərbaycana armatur idxal edən sahibkarların dediyinə görə, Rasim Məmmədovun səyləri nəticəsində 2014-cü ildən etibarən Gürcüstandan Azərbaycana armatur idxalı kəskin şəkildə azaldı, sonra isə tamamilə dayandırıldı.
İndi isə R.Məmmədov özünə yaxın mətbuat orqanları vasitəsilə iki istiqamətdə informasiya hücumu həyata keçirir. Bunlardan birini qeyd etdik, İrandan idxal olunan məhsulla bağlıdır. Digər istiqamət yerli bazara məhsul çıxaran xırda istehsal müəssisələridir. Son bir ayda bu müəssisələrlə bağlı Rasim Məmmədova yaxın mətbu orqanlar və internet saytlarında silsilə materiallar dərc olunmaqdadır. Yaxın keçmişdə R.Məmmdovun təzyiqləri ilə bir neçə belə müəssisə məhkəmə qərarı olmadan bağlanıb.
Bildirmək lazımdır ki, “Baku Steel Company”nin Azərbaycan bazarındakı inhisarçı mövqeyinə görə hələ 2000-ci illərin əvvəllərindən ölkəyə armatur idxalına ciddi əngəllər yaradılırdı. Bu müəssisəyə Paolo Pərviz rəhbərlik edən zaman Ukraynadan armatur idxalına ciddi problemlər yaradılması, onlarla sahibkarın böyük zərərlə üzləşməsi yaddaşlardan silinməyib. Görünür, R.Məmmədov yenə də kütləvi təzyiq kampaniyasından istifadə etməklə idxalın qarşısını almağa çalışır.
Qeyd edək ki, Rasim Məmmədovun rəhbərliyi dövründə BSC bir neçə iri dövlət müəssisəsini özəlləşdirib. Bu özəlləşdirmə prosesi barədə məlumatlardan aydın olur ki, R.Məmmədov əldə etmək istədiyi müəssisənin “qiymətini öldürmək” üçün əvvəlcə onun dəyərinin özəlləşdirmə üçün təklif ediləndən daha aşağı olduğuna dair rəy yaradır. Şirkətin əldə etdiyi “Azərboru” ASC barədə R.Məmmədova yaxın mətbuat orqanlarında dərc edilmiş məlumatlara nəzər yetirməklə bunu asanlıqla müəyyən etmək olar.
Maraqlıdır ki, R.Məmmədov yalnız əldə etdiyi deyil, əldə etməyə hazırlaşdığı müəssisələrlə bağlı da planlar qurur. Məsələn, 2013-cü ildə “Azərboru”nu özəlləşdirməzdən 2 ay qabaq onun mətbuata verdiyi açıqlamadan aydın olmuşdu ki, R.Məmmədov dünyanın metallurgiya və maşınqayırma sahəsində fəaliyyət göstərən bir sıra aparıcı şirkətlərlə danışıqlar aparıb. Bu danışıqlarda əldə edilən ilkin razılaşmalara “Azərboru” ASC-yə 1,1 milyard dollar investisiya yatırılması, Daşkəsəndə yerləşən “Filizsaflaşdırma” ASC də daxil idi. Lakin Dövlət Əmlak Komitəsi açıqlama yayaraq, özəl sahibkar tərəfindən dövlətə məxsus müəssisələrlə bağlı belə planların qurulmasının yolverilməz olduğunu bəyan elədi. Amma nə qədər qəribə də olsa, neçə illərdir özəlləşdirməyə açılan Daşkəsən “Filizsaflaşdırma”ya müştəri tapılması müşkülə çevrilib. Yayılan bəzi məlumatlara görə, R.Məmmədov bu müəssisəni dövlətin müəyyənləşdirdiyi qiymətdən ikiqat ucuza əldə etməyə çalışır. Lakin hökumət onun təklifi ilə razılaşmır.
O da bildirilir ki, müəssisəyə maraq göstərən potensial müştərilərin hamısına ASC-nin real dəyərinin elan olunandan qat-qat aşağı olduğuna dair məlumatlar göndərilir, onların özəlləşmə prosesinə qoşulmasına maneçilik törədilir.
Rasim Məmmədov BSC-dən uzaqlaşdırılır?
Maraqlıdır ki, BSC öz istehsal göstəricilərini açıqlamır. Rəsmi statistik məlumata görə, bu ilin yanvar-oktyabrında “Baku Steel Company” 47,7 milyon dollarlıq məhsul ixrac edib. Ötən il isə şirkət xaricə 60 milyon dollarlıq məhsul satıb. Lakin Şirkətin internet saytında bununla bağlı hər hansı məlumat əksini tapmayıb. Həmçinin şirkətin armatur istehsalı və satışına dair məlumatlar da saytda yerləşdirilməyib. Bu baxımdan, idxalın artması nəticəsində BSC-nin istehsalında və satışında nə qədər azalma olduğunu müəyyənləşdirmək mümkün olmadı.
Araşdırmaçı-jurnalist Hafiz Babalı isə iddia edir ki, “Nyu Sfera” şirkətlər qrupunun sahibi və rəhbəri İman Nəsirulla oğlu Quliyev “Baku Steel Company” (BSC) MMC-yə nəzarət etməyə başlayıb. Nəzarət “Politon” MMC vasitəsilə həyata keçirilir: “Hüquqi Şəxslərin Reyestrinə əsasən, İman Quliyev yaxın vaxtlarda yarandığı gündən BSC-nin payçıları sırasına daxil olan ”Politon" şirkətinə rəhbərlik edir. Şirkət 2009-cı ilin iyun ayında təsis edilib. Elə o zaman İqtisadiyyat Nazirliyi onların BSC-də 50 faiz pay iştirakını əldə etməyə razılıq verib. Dünyanın aparıcı analitik nəşrləri və beynəlxalq təşkilatlar (Bloomberg, OECD və s.) qeyd edirlər ki, BSC “Politon”un nəzarətindədir. Hüquqi Şəxslərin Reyestrinə əsasən, İman Quliyev həmçinin “Nyu Sfera Turism” və “Nyu Sfera Nəqliyyat” şirkətlərinə rəhbərlik edir. “Nyu Sfera şirkətlər qrupu” MMC 1992-ci ildən fəaliyyət göstərir. Ora həmçinin “Nyu Sfera İnşaat” MMC, “Nyu Sfera Art”, “Nyu Sfera Ticarət” də daxildir. Qrupa “Xalqlar Dostluğu” ticarət mərkəzi, İsmayıllı rayonunda “Green House” turizm mərkəzi, Bakıda dörd şadlıq sarayı və restoran daxildir. İman Quliyev həmçinin Ukraynada unüyüdən kompleks inşa edib".
P.S. Yazıda qeyd olunan məqamlarla bağlı BSC rəhbərliyindən rəy almağa çalışdıq. Lakin şirkətdən bizə bir gün sonra müraciət etməyi məsləhət gördülər./musavat.com
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?