Dekabrın 21-də Azərbaycan Vəkillər Kollegiyasının İntizam Komissiyasında vəkil Elçin Sadıqovun barəsində açılmış intizam icraatı müzakirə edilib. Müzakirələrdə vəkil özü də iştirak edib.
Şikayət sentyabrda Baş Prokurorluq tərəfindən verilib. Baş Prokurorluq Elçin Sadıqovu Yunis Səfərovun (Gəncə Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyevə sui-qəsddə ittiham olunur) müdafiəsindən kənarlaşdırıb, onu "yalan ifadə" verməsi məqsədilə Yunis Səfərova "psixoloji təzyiq" göstərməkdə ittiham edib.
Yunis Səfərov sentyabrın 1-də istintaqa verdiyi ifadəsində işgəncəyə məruz qaldığını bildirib. Sonradan işə yeni bir sənəd əlavə edilib. Həmin sənəddə göstərilir ki, guya, Yusif Səfərov avqustun 28-də Penitensiar Xidmətə məktub yazıb və bildirib ki, işgəncəyə məruz qalmayıb, vəkilə elə gəlib və o, şikayət verilməsini təklif edib.
Elçin Sadıqovun sözlərinə görə, vəsatət qaldırıb ki, sözügedən məktubun gönədrilməsini təsdiq edən sübutlar, təcridxanada məktubların qeydiyyatı kitabı, başqa poçt qeydləri, tranzaksiya nömrələri və sair "Azərpoçt"dan alınsın. Bundan əlavə, Yunis Səfərov sentyabrın 1-də istintaqa verdiyi ifadəsində işgəncəyə məruz qaldığını bildirib.
Ancaq İntizam Komissiyası E.Sadıqovla bağlı qərar verməyib, bildirib ki, qərar rəy tərtib edildikdən sonra qəbul olunacaq.
İyulun 3-də Rusiya vətəndaşı, Gəncə sakini Yunis Səfərov tapancadan açdığı atəşlə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevi və onun mühafizəçisini yaralayıb. Bir həftə sonra 150-200 nəfərdən ibarət bir qrup insan şəhər administrasiyası qarşısında etiraz aksiyası təşkil edib. Polislə qarşıdurma zamanı iki yüksək vəzifəli polis zabiti öldürülüb.
Sentyabrın 28-də baş prokuror Zakir Qaraşov sözügedən hadisələrlə bağlı 77 nəfərin cinayət məsuliyyətinə cəlb edilərək həbs olunduğunu, daha 11 nəfər barəsində axtarış elan edildiyini bildirib.
Rəsmi qurumların məlumatına görə hadisələrlə bağlı axtarışda olan 6 şəxs hüquq-mühafizə orqanlarının əməkdaşlarına silahlı müqavimət göstərərkən öldürülüb.
Oktyabrın 3-də Səfərovun anası Leyla İsmayılova bəyanatla çıxış edərək, oğlunun işgəncə altında öz vəkilinə böhtan atmağa məcbur edildiyini bildirib.
Oktyabrın 4-də Bakı Apellyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədrliyi iləYunis Səfərov işgəncələrdən və vəkil Elçin Sadıqovun müdafiəsindən məhrum edilməsi ilə bağlı şikayətini təmin etməyib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?