Bu gün tam fərqli bir Sumqayıt var indi gözlərimizin önündə, gündən-günə dəyişən, yeniləşən, böyüyən, abadlaşan Sumqayıt. Geniş və yaraşıqlı küçələr, nəhəng göydələnlər, çoxmərtəbəli yaşayış binaları, abad yollar, gümüş piramida kimi şəhərin belinə dolanan möhtəşəm yolkalar, yeni yamyaşıl meydanlar, əsrarəngiz park və xiyabanlar, bağlar, musiqili fəvvarələr, bir vaxtlar xarici ölkələrdə görüb heyrətləndiyimiz, indi şəhərimizdə diqqətimizi çəkən gözəlliklər...
Gündüzləri bir aləmdir bu şəhərin, cənnəti xatırladar. Bu “cənnət”in cazibəsindən qopmaq olmaz. Gecələri bir başqa möcüzədir, şam-çıraqdır – göyün ulduzlu bir parçasına bənzər. Qızıl-qızıl düymələrə dönüb gecənin yaxasından asılar Sumqayıtın sayrışan işıqları: qaranlığın bağrını yarar, zülmətə qənim kəsilər, göydəki ulduzlarla bəhsə girər, süd kimi ağappaq işığa qərq edər dörd bir yanı. Göy üzü də heyran olar yerdəki bu füsunkarlığa, qibtə edər Sumqayıt gecəsinin təntənəsinə. Şəhər sirli-sehirli işıqların ağuşunda nəhəng bir çilçırağı xatırladar. Rəngbərəng işıqlar Sumqayıtın Xəzərin şərəfinə oxuduğu “Gecə serenadası”na dönər. Bu nəğmədən xumarlanar alagözlü Xəzər. Bu bənzərsiz mənzərə Sumqayıt gecəsinin nağılını danışar hər kəsə... Gündüzlər park və xiyabanlarda, ələlxüsus da bu gün şəhərimizin simvoluna dönən Dənizkənarı Milli Parkda gözəlliklə üz-üzə qalarsan: Göyərçinin gözəlliyindən doyulmaz ki!...
Sumqayıtın gözəlliyinə elə hər gün yeni çalarlar əlavə olunur: bunu hamı görür və etiraf edir. Çünki bu quruculuq, sürətli yeniləşmə, hərtərəfli inkişaf gözlərimizin önündə baş verir. Şəhərimizi yenidən qurur qədirbilən insanlar: Köhnə, balaca evlərin yerində ucaldılan göydələnlər şəhərin simasına yaraşıq verir, onun memarlıq quruluşuna əlavə çalarlar qatır. Milliliyi, memarlıq üslubu və ənənələri qorunmaqla təmir olunan monumental binalar, memarlıq inciləri, şəhərin mənəvi zənginliyindən xəbər verir. Bayraq meydanı şəhərin mənzərəsinə əzəmət gətirir, müasirlik, yenilik bəxş edir. Qonaqlar Sumqayıtın gözəlliyi qarşısında heyrətlərini gizlədə bilmirlər...
Ən yaxşı hal bir də odur ki, Şəhərin nkişaf strategiyasına uyğun şəkildə aparılan quruculuq işləri Sumqayıtın bütün küçələrini əhatə edib, bu isə özlüyündə şəhərimizin kompleks inkişafını təmin edir. Son illər burada aparılan irimiqyaslı abadlıq-quruculuq işləri forma və məzmun etibarilə tamamilə fərqlənir. Bu tədbirlər təkcə həcmi ilə yox, həm də özünəməxsusluğu ilə nəzərə çarpır. Şəhərin ayrı-ayrı guşələrində yeni salınan, yaxud əsaslı təmir olunan park və xiyabanlar orijinal görkəmi, baxımlılığı ilə zövq verir. Bağlara məxsus elementlərdən, çəmənlik, ağaclar, bəzək kolları və çiçəklərdən yerli-yerində, bağın miqyasına uyğun yüksək zövqlə istifadə olunması bu məkanları təkrarsız edir. Xüsusilə Sumqayıtın əsas strateji yerlərində yeni ilə irəliləmək üçün, yolkaların qurulması küçələrin gözəlliyini daha da artırır, üstəlik, onlara milli ruh bəxş edir.
Bu, şimal qapısından Sumqayıta daxil olan qonaqlarda, təkcə gözəlliyi haqqında ilk və olduqca xoş təəssürat yaradır. Məqsədimiz heç də təkcə bu zahiri gözəlliyi nəzərə çatdırmaq deyil, onsuz da sadaladıqlarımız göz önündədir, onları görməmək mümkün deyil. Biz bu gözəlliyin mahiyyətinə diqqət çəkmək istəyirik. Şəhərdə əkilən on minlərlə Palma ağacları, bəzək kolu, gül-çiçək və çəmənliyin ekoloji tarazlığın təmin olunmasındakı rolunu təsəvvür edirsinizmi? Bəs bütün bu gözəlliklərin yeniyetmələrin, gənclərin estetik zövqünün formalaşmasında, mənəvi tərbiyəsindəki əhəmiyyətini necə? Axı gözəllik təkcə göz oxşamır, sevindirmir, rahatlıq bəxş etmir, həm də və ən əsası, tərbiyə edir, insanı mənən zənginləşdirir, onu gözəlliyə, bu gözəlliyi yaradanlara biganə qalmamağa çağırır, yalnız gözəl düşünməyə və gözəl əməllər sahibi olmağa sövq edir.
Bu mənada, insanları gözəllikdən yaxşı tərbiyə edən ikinci bir vasitə düşünmək olmur. Əgər biz insanları mənən zəngin görmək istəyiriksə, onların ətrafında gözəllik yaratmalıyıq. Bütün gözəlliklərin mahiyyətində, məzmununda gizlənən fəlsəfə, “müdriklik” də elə budur. Bizcə, insan onu əhatə edən gözəlliklərin içərisində pis düşünə və pis davrana bilməz! Gəlin, təsəvvür edək, köhnə, sönük, zövqsüz bir şəhərdə, məhəllədə böyüyən uşağın, yeniyetmənin, gəncin zövqü necə olar? Daha bir vacib amil. İl boyu Sumqayıt şəhərində birbaşa bu gözəlliyin əhatəsində təşkil olunan çoxsaylı, müxtəlif məzmunlu mədəni-kütləvi tədbirlər və bütün bunların gənclərə, yeniyetmələrə göstərilən diqqət, qayğı ilə vəhdət təşkil etməsidir. Məsələnin mahiyyəti ondadır ki, yeni ilə yüksək əhval-ruhiyyə ilə gedən şəhər, qocaldıqca abadlaşmaqda davam edir.
İndi Sumqayıtda hansı tərəfə dönsən, hansı sahəyə baxsan, orada hərəkət görərsən. Hərəkət isə irəliyə doğru addım deməkdir!
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?