“D18” Hərəkatının bir qrup fəalı yanvarın 31-də Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 135 illiyi ilə münasibəti ilə Bakının Nizami küçəsində flashmob keçirdiyi zaman saxlanılıb.
Bu barədə Amerikanın Səsinə hərəkatın rəhbəri Ruslan İzzətli bildirib.
Onun sözlərinə görə, tədbir zamanı polis beşdən çox gənci saxlayıb.
“Gənc fəallar Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə aparılıb. Bir neçə saatdır ki, gənclər buradadır və hələ də sərbəst buraxılmayıblar. Üstəlik, bizə hər hansı məlumat verilmir,” İzzətli deyib.
Fəalların saxlanılması ilə bağlı hələ rəsmi məlumat da yayılmayıb.
“D18” Hərəkatı 2013-cü ildə yaradılıb. Təşkilatın məramı Azərbaycanda Demokratik Cümhuriyyətin ideyalarının müdafiəsidir.
Yanvarın 31-i Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) qurucularından Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 135-ci ildönümüdür. Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub.
1920-ci il aprelin 28-də bolşevik Rusiyası Azərbaycanı işğal edib. Rəsulzadə həbs edilib, daha sonra Moskvadan gizli yolla mühacirətə gedib.
Məhəmməd Əmin Rəsulzadə mühacirətdə olsa da, ömrünün sonuna kimi müstəqil Azərbaycan uğrunda mübarizəsini davam etdirib. 1955-ci il martın 6-da Ankarada vəfat edib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?