Milli Şura və Müsavat Partiyasının yanvarın 19-da keçirdiyi mitinqə qatılanlara yeni zənglərin olduğu deyilir.
Verilən məlumatlara görə, yeni zənglər rayonlardakı məşğulluq mərkəzlərindən edilir.
Müsavat Partiyasının mətbuat xidmətinin rəhbəri, bastainfo.az saytının redaktoru Mustafa Hacıbəyli də Azadlıq Radiosuna deyib ki, ona Binəqədi Məşğulluq Mərkəzindən zəng vurulub, işləyib-işləmədiyi ilə maraqlanıblar.
M.Hacıbəylinin dediyinə görə, ondan əvvəlcə yanvarın 19-da keçirilən aksiyada iştirak edib-etmədiyini soruşublar:
“Mən iştirak etdiyimi, gələcəkdə də mitinqlərə qatılacağımı bildirdim. Bundan sonra harda işlədiyimi soruşdular, işləmədiyimi söylədim. Ardınca təhsilimi, ixtisasımı, oxuduğum universitetin adını soruşdular. Sosial müavinat alıb-almadığımı, iş üçün məşğulluq mərkəzinə müraciət edib-etmədiyimi soruşdular. Dedim uzun illər əvvəl iş üçün müraciət etmişəm, amma heç bir iş təklif etməyiblər. Mənə qeydiyyata saldıqlarını və araşdırıb bir iş təklif edəcəklərini dedilər.”
M.Hacıbəyli oxşar zəngin tanıdığı başqa mitinq iştirakçılarına da olduğunu söyləyir.
Belə iddialara sosial şəbəkələrdə də rast gəlmək mümkündür.
Ancaq bu deyilənlərə, hələlik, məşğulluq mərkəzləri və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Amma Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin aktiv tədbirləri ilə bağlı mediada tez-tez məlumatlar yer alır.
Nazirliyin mətbuat xidmətindən bu günlər verilən məlumata görə, ötən il xidmətin xətti ilə 51774 nəfər işlə təmin olunub və onlardan 14700 nəfərini gənclər təşkil edib.
İndi bəzi sosial şəbəkə istifadəçisi də yazır ki, mitinqə gedən insanlarla polisdənsə, məşğulluq mərkəzlərinin maraqlanması yaxşı haldır.
Bundan bir neçə gün əvvəl isə bəzi şəxslər mitinqdə iştiraklarını dəqiqləşdirməkdən ötrü onlara polisdən zəng vurulduğunu deyirdilər. Müxalifət partiyalarından yayılan məlumatlara görə, hətta mitinqdə iştirak edənlərdən polisə aparılıb, polisin qanuni tələbinə əməl etməməkdə ittiham edilərək inzibati bəbs cəzası alan fəal da var.Həmin vaxt Daxili İşlər Nazirliyi-ndən bu deyilənlərə birbaşa münasibət almaq mümkün olmamışdı. Amma nazirliyin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov yanvarın 22-də Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun birgə məlumat yaydığını və suallara orda cavab verildiyini qeyd etmişdi. Həmin sözü gedən açıqlamada isə vurğulanırdı ki, yanvarın 19-da keçirilən mitinqdən sonra ictimai asayişin pozulması hallarına yol verilib və bu üzdən aksiyanın təşkilatçıları xəbərdarlıq ediliblər.
Müxalifət partiyaları hakimiyyətin yanvarın 19-da keçirilən aksiyanın kütləvi alınmasından narahat olduğunu, bu üzdən insanların gözlərinin qorxudulduğunu iddia edirdilər.
Həmin vaxt Azadlıq Radiosuna müsahibə verən deputat Zahid Oruc isə belə fikirləri əsassız saymışdı.
O ki, qaldı müxalifətçilərin polisə çağrılmasına, Z.Orucun izahı da hüquq-mühafizə orqanlarının mövqeyi ilə üst-üstə düşmüşdü: "... Yoxsa hansısa qorxu, xof olması haqqında iddialar əsassızdır."
Milli Şura, Müsavat Partiyası və bir sıra başqa müxalif qüvvələr yanvarın 19-da «bloqer Mehman Hüseynova və bütün siyasi məhbuslara azadlıq» şüarı ilə aksiya keçirib. Aksiyada hakimiyyət korrupsiyada da günahlandırılıb. Amma rəsmilər ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Üstəlik, rəsmilərin fikrincə, ölkədə korrupsiya ilə mübarizə aparılır və bundan ötrü prezidentin iradəsi var.
Bloqer M.Hüseynov 2017-ci ildə polisə böhtan atma iddiası ilə 2 il həbs edilib. O, həbsdən əvvəl polisdə saxlanarkən işgəncəyə məruz qaldığını açıqlamışdı. Bloqerin həbs müddətinin başa çatmasına bir neçə ay qalmış yeni ittihamla üzləşmişdi. Rəsmi məlumata görə, M.Hüseynov cəza çəkdiyi müəssisədə Penitensiar Xidmətin əməkdaşına zor tətbiq etməkdə günahlandırılırdı. Bloqer ittihamı qurama sayırdı.
Yanvarın 22-də Baş Prokurorluq M.Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verildiyini açıqlayıb. Buna səbəb kimi isə bloqerin və bəzi hüquq müdafiəçilərinin prezidentə müraciət etmələri, dövlət başçısının da öz növbəsində bununla bağlı baş prokurora tövsiyə verməsi göstərilirdi.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?