Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qobustandakı həbsxanasında məhkumların saxlandığı rejim korpuslarına, cərimə təcridxanasına, tibb-sanitar hissəsinə və digər obyektlərə xəbərdarlıqsız baxışlar keçirib.
Ombudsman Aparatının yaydığı məlumata görə, başçəkmədə məqsəd məhbusların saxlanılma şəraitinin və rəftarın, habelə daxil olmuş müraciətlərin araşdırılması, məhkumların hüquqlarının təmin olunması, o cümlədən müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.
“Saxlanılma şəraiti, habelə tibbi yardımın təşkili, qidalanma, içməli isti və soyuq su təminatı, sovqat, gəzinti, görüş və telefon danışıqları ilə bağlı mövcud vəziyyət və sənədləşmə araşdırılıb. Müəssisənin bəzi rejim korpuslarının kameralarında saxlanılma şəraitinin təkmilləşdirilməsinə ehtiyacın olduğu müşahidə edilib. MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı rəftar məsələlərinin araşdırılması ilə bağlı həmin müəssisədə çoxsaylı məhkumlar təkbətək qəbul edilib,” Ombudsman Aparatının məlumatında deyilir.
Məlumata görə, saxlanılma şəraiti, görüş, telefon danışığı, tibbi yardımla bağlı məsələlər araşdırılıb, habelə bir sıra müraciətlər yerində təmin olunub.
Saxlanılma şəraiti, görüş, telefon danışığı, tibbi yardımla bağlı məsələlər araşdırılıb, habelə bir sıra müraciətlər yerində təmin olunub. Ombudsman Aparatının məlumatından Ombudsman Aparatı araşdırmanın nəticələri ilə bağlı aidiyyəti qurumlara müraciət olunacağını bildirir.
Bununla yanaşı məlumatda müəyyən edilmiş hallarla bağlı açıq və geniş danışılmır. Belə ki, bir sıra məhbusların ailələri Qobustan Qapalı Həbsxanasında işgəncələr və qeyri-insani rəftarla bağlı davamlı olaraq məlumatlar yayır.
2015-ci ilin noyabrında Nardaran hadisələri nəticəsində həbs olunan Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə, onun müavini Abbas Hüseyn, hərəkatın bəzi fəalları bu həbsxanada saxlanılır. Son vaxtlar onlar bu həbsxanada işgəncələrə məruz qalmaları barədə bəyanatlarla çıxış edirlər. Hətta Taleh Bağırzadəni özünə xəsarət yetirmək həddinə çatdırıldığı deyilir Abbas Hüseynin ağır fiziki işgəncəyə məruz qalması barədə onun ailəsi məlumatlar yayıb.
Penitensiar Xidmət cəzaçəkmə müəssisələrində məhbuslara işgəncə verilməsi və qeyri-insani rəftarla bağlı məlumatları bir qayda olaraq təkzib edir.//amerikaninsesi.org
Sorğu
Yeni dizaynımız necədir?