13 gün əvvəl prezidentin əfv sərəncamı il azadlığa çıxan gənc fəal Bayram Məmmədova 30 sutka inzibati həbs cəzası verildiyi bildirilir.
Bu barədə deyilənləri Azadlıq Radiosuna vəkil Elçin Sadıqov da təsdiq edib. Onun qeyd etməsinə görə, B. Məmmədov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə ittiham edilib. Söhbət polisin qanunu əmrinə tabe olmamaqdan gedir. Vəkil vurğulayıb ki, qərarı alıb apelyasiya şikayəti vermək niyyətindədirlər.
Bayram Məmmədovvun martın 30-da Sabunçu Rayon Polis İdarəsinə aparılması barədə məlumat yayılmışdı.
NİDA Vətəndaş Hərəkatının Koordinatoru Samir Əsədlinin sözlərinə görə, bu ilk belə hal deyil, son üç gündə hər gün gəlib B.Məmmədovu evlərindən polis idarəsinə aparırlar, bir neçə saat saxladıqdan sonra sərbəst buraxırlar: “Biz belə başa düşürük ki, bu B.Məmmədovu psixoloji təzyiq altında saxlamaqdır”
S.Əsədli bildirib ki, bu gün, martın 30-da təqribən saat 16 radələrində də B.Məmmədovu atasının yanında saxlayıb, oradan Sabunçu Rayon Polis İdarəsinin 12 saylı Polis Bölməsinə və daha sonra da sözü gedən idarəyə aparıblar.
Daxili İşlər Nazirliyi (DIN) və adı çəkilən polis idarəsindən bu deyilənlərə, hələlik, münasibət almaq mümkün olmayıb.
B.Məmmədov digər gənc fəal Q.İbrahimovla birgə 2016-cı il mayın 10-da saxlanıb. Rəsmi qurumlar onları narkotikdə ittiham edirdi.
Məhkəmə qanunsuz narkotik maddə dövriyyəsi ittihamını təsdiqləyib, onların hər birini 10 il azadlıqdan məhrum edib.
Ancaq gənclər məhkəmədə deyiblər ki, narkotik ittihamını qəbul etmirlər. Onların keçmiş prezident, indiki dövlət başçısı İlham Əliyevin atası Heydər Əliyevin abidəsi üzərinə "Qul bayramınız mübarək!" şüarı yazılmasına görə həbs olunduqları bildirilirdi.
Onların hər iksi bu il martın 16-da prezidentin imzaladığı əvf sərəncamı ilə azadlığa buraxılıblar.//AzadllıqRadiosu
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?