Məni tanıyanlar yaxşı bilir ki, müşahidəni və bu müşahidələr arasında mənə həm maraqlı, həm problemli, həm də müzakirəyə ehtiyacı olanlarını sosial şəbəkələrdə paylaşmağı xoşlayıram. Bunu paylaşdığım və “Marşrutiyyə”, “Marşrutnamə” adlandırdığım yol qeydlərimi oxuyan dostlar daha yaxşı bilirlər. Mən bununla həm içimdəki ağrıları azaldır, həm də düşünürəm ki, bəzi problemləri sosiallaşdırmaq onun həllinə müəyyən qədər kömək edə bilər. Bu “Marşrutnamə”ni də müşahidə etdiyim bir yol əhvalatı əsasında yazmaq qərarına gəldim. Tıxaclardan qurtarmasa bir təhər, Bu yollarda öləcəyəm bir səhər…
Son zamanlar hər yol getdiyimdə nə vaxtdansa, hardansa yaddaşımda ilişib qalmış bu misraları xatırlayıram və bu misralar sizə söhbətin nədən gedəcəyini bildirdi yəqin ki. Onu deyim ki, basabasların yayı, qışı olmur, ancaq yay basabasları, istiliyi nəzərə alsaq, daha acınacaqlı halda olur. Lakin havaların soyuması yol tıxaclarını artırmış və sərnişin avtobuslarındakı basabasları daha da əndazədən çıxarmışdır. Avtobus qapılarını bağlanmağa qoymayan bu basabaslar əksər vaxtlarda söz və əl davası meydanına çevrilir. Basabasda yaranan mənzərəni müşahidə etdikcə, insanlara haqq qazandırdığım anlar da olur…
Axı, onlar evlərinə tez çatmaq, bir stəkan isti çay içib, Allahın verdiyi bir qismət çörəkdən dadıb, isti ocaqlarında dincəlmək istəyirlər. Bu haqları olsa belə, bu basabaslar, tıxaclar bizim davranış qaydalaramızı, mədəniyyətimizi, böyük-kiçiyə münasibətimizi alt-üst etməlidirmi? Axı hər şeydə bir limit olmalıdır. Tutaq ki, başbilənlər, pul hərisləri üçün bu limit sərf etmir və ona görə də iki avtobusluq adamı bir avtobusa mindirməklə bizləri təbdən çıxarırlar, insanları düşünmürlər. Bəs biz? Axı biz bu yarımsaatlıq yolu əzabla getməzdən öncə bağçada, məktəbdə, ailədə müəyyən öyüd-nəsihət, tərbiyə almışıq. Axı birimiz müəllim, birimiz həkim, birimiz işsiz, birimiz bazarda xırdavatla məşğul olan olsaq da, bir millətin övladlarıyıq. Niyə birimizin xoş sözü belə bu basabaslarada o birinin boğazından keçmir? Bəs öyündüyümz dəyərlər, qazandığımız mədəniyyət harada qalır belə anlarda? Bəlkə, biz yalnız bizi tanıyanların yanında mədəni olmağa çalışırıq? Niyə insanlar işıqları uzaqdan sayrışan avtobusları ac insan çörək gözləyən kimi gözləməlidirlər? Niyə qapısı açılan avtobuslara insanlar qızıl küpü ələ keçirəcək kimi doluşmalıdırlar? Bu suallara cavab arayırdım ki, “evinə tələsən kütlə” ayaqlarımı yerdən üzüb məni avtobusun içərisinə atdı… İçəri soxulanlar cənnətə qəbz alanlar kimi sevinirdilər. Elə bu an şişman bir qadın özünü avtobusa pərçimlədi və qapının bağlanmasına da imkan verməyərək hay-küy etməyə başladı: “Keçin də bu xarabanın ortasına… Allah sizi qırsın, qırıldıq axı burada!”. Səslər gəldi: “Biz qabaqda düşəcəyik”. Qadın yenə özünə yaraşmayan səslə ”Yox, desənə mən bu gecə avtobusda yatacam!”- deyib, adamları basdalaya-basdalaya özünü düz mənim yanıma çıtdırdı. Hikkəsindən, sir-sifətindən və hər cümləsinin sonunda işlətdiyi “xoş” ifadələrdən əməlli – başlı “vorzakon”a oxşayan bu qadın yenə də donquldandı: “Necə pərçimlənib e… Yol da vermir keçəsən köpək qızı…”. Digər qadın: “Xoşun gəlmir, taksi ilə get”- deyən kimi qadının səsi avtobusu götürdü başına: “ Getmirəm… Öz maşınım da var, amma əcəb edib avtobusla gedirəm!Yoxsa elə bilirsən sənin kimilərinə görə avtobusa minməyəcəm?!”. Yandakı qadın sakitcə “Allah səni güldürsün”- dedi. Şişman qadın yenə səsini ucaltdı: “50-60 min artıq pulun ola, vurub öldürəsən beləsini, sonra da pulunu verib qurtarasan canını …” Adam öldürməyə belə hazır olan bu şişman sərnişinə ürəyimdən keçən bir-iki söz demək istədim. Amma hikkəsindən, xoş olmayan, ədəbdənkənar sözlərindən çəkindiyim üçün öz-özümə bunları pıçıldamağa məcbur oldum: “Ay adam, əvvəla sən qadınsan, sonrası isə sən axı Azərbaycan qadınısan!.. Bəs ədəb-ərkan, bəs etika, bəs mədəniyyət ? Ən başlıcası isə bəs İNSANLIQ”?!
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?