Azərbaycanda həkim səhlənkarlığı nəticəsində 3 aylıq körpə ölüb.
Bu barədə "Report"a şikayət edən körpənin babası Sərraf Əskərov bildirib. Onun sözlərinə görə, nəvəsi Mədinə Əskərzadənin səhhətində problem olduğu üçün martın 28-də Səhiyyə Nazirliyi Respublika Uşaq Klinik Xəstəxanasına aparılıb: "Uşaqda halsızlıq və iştahsızlıq olduğu üçün həkimə apardıq. Həmin vaxt Mədinənin üzünə baxanda gülürdü. Əvvəl uşağı Ulturasəs müayinəsindən (USM) keçirdik, heç bir problemi olmadığını, dalağının, böyrəyinin və ciyərinin təmiz olduğunu dedilər. Dedilər ki, uşağın iştahı olmadığı üçün bəlkə də onda qan azlığı ola bilər. Respublika Uşaq Klinik Xəstəxanasının qəbul şöbəsində olan zaman xəstəxananın Reanimasiya şöbəsinin müdri Sevda Əliyevanı yanımıza çağırdılar. Onunla birgə uşağı yuxarı çıxartdıq. Orada əvvəl bizə söylədilər ki, uşaq sapsağlamdı, onun heç nəyi yoxdur. Gördülər ki, biz Mədinənin bu halından çox narahatıq. Sonra Reanimasiya şöbəsinin həkimi Sədaqət Əbilova gəlib uşağa baxdı. O dedi ki, körpəni əli ilə yoxlaması nəticəsində Mədinənin dalağı və ciyərinin böyüdüyü məlum olub. USM-nin nəticəsi olan sənədi ona göstərdik. Sədaqət həkim mənə dedi ki, "30 ilin həkimiyəm, mən belə şeyləri yaxşı bilirəm". Biz yenidən uşağı USM-dən keçirdik. USM-də uşağın heç bir problemi olmadığını bir daha da söylədilər. Biz Mədinəni Reanimasiya şöbəsində saxladıq. Növbətçi həkimlər orada olan zaman gəlinimə bildirib ki, "belə sağlam uşağı niyə bura götürüblər? Bu körpə burada deyil, palatada yatmalıdır". Həmin gün - ayın 28-də Sədaqət Əbilova ilə Sevda Əliyeva körpəyə I+ qan lazım olduğunu qeyd etdilər. Biz Qanköçürmə İnstitutunda qan verdik, lakin Reanimasiya şöbəsində qanı bizə pulla satdılar. Əvvəl 120 manat pul istədilər, 50 manata razılaşdıq. Sonra Mədinəyə qanın bir qismini vurdular. Ertəsi gün isə uşağa qan vurulan zaman gəlinim zəng vurub, uşağın çox incidildiyini, damarına düşə bilmədiklərini və bədəninin deşik-deşik olduğunu söylədi. Neçə saat uşağın üstündə çalışıblar və sonra onun damarına düşə biliblər. Get-gedə Mədinənin vəziyyəti pisləşirdi. Bir sözlə, xəstəxanadan 3 dəfə pulla qan aldıq, körpəyə 6 dəfə qan vurdular. Hər dəfə qan vurulanda uşaq özündən gedirdi. Səbəbini soruşanda isə deyirdilər ki, "qan vurulanda belə olmalıdır". Biz də həkimlərə inanırdıq. Mədinə düz 8 gün xəstəxanada çox əziyyət çəkdi. Hətta bizə hər gün başqa-başqa analizlər verdirib, dərmanlar aldırırdılar. Həmçinin gərək hər gün biz onların pullarını verəydik. Pul verməyəndə hamısı öz dilləri ilə istəyirdilər". S.Əskərov qeyd edib ki, nəvəsinin halı pisləşəndən sonra onu Respublika Uşaq Klinik Xəstəxanasından çıxarıb, İrana aparmaq qərarına gəliblər: "Biz bu barədə həkimlərə deyəndə bildirdilər ki, "İrana niyə aparırsız, biz burada müalicə edirik, 200 manatlıq iynələrimiz var, onlardan vurub uşağı düzəldərik". Mən soruşdum ki, uşağın sağalmasına təminat verirsiz? Dedilər ki, biz heç kəsə təminat vermirik. Mən də söylədim ki, "göz görə-görə balamız burada ölür, nəyə görə bu xəstəxanada saxlamalıyıq?" Bizi iki gün də xəstəxanada yubatdılar, guya sənədləri hazırlayırdılar. Hətta uşağın "Xəstəlik tarixçəsi" olan sənədləri də bizə vermədilər. Xəstəxanada nəvəmə "rubila virusu" diaqnozu qoydular. Xəstəxanadan çıxanda isə bizim üstümüzə gəlib "axı bu gün bizi görmədiniz" deyirdilər. Mən nəvəmin dərdindəydim, bunlar isə pul dərdində idilər. Sonra Lənkərana yollanıb, Mədinənin şəxsiyyət vəsiqəsini hazırlayan zaman onun "Medical Hospital"da qan qrupunun II+ olduğunu öyrəndik. Sonra nəvəmin Bakıda doğulduğu xəstəxa ilə danışdıq. Oradan da bizə dedilər ki, Mədinə II+ qan qrupuna aidir. Biz uşağın sənədlərinə baxdıq ki, Bakıda Respublika Uşaq Klinik Xəstəxanasında nəvəmə I+ qan köçürüblər. Hətta uşağın sənədlərində də bu barədə qeyd edilib. Tez Sevda həkimlə danışıb, nəvəmə səhv qan köçürüldüyünü bildirdim. O isə digər xəstəxana həkimlərinin yalan danışdığını bildiridi. Biz sənədləri hazırlatdırıb, İrana yollandıq. Təbriz xəstəxanasına çatana yaxın nəvəmin halı daha da pisləşdi, özündən getdi. Xəstəxanada tez həkimlər Mədinənin başına yığışıb, ona baxdılar, suni nəfəs verdilər. Həkimlər bildirdilər ki, körpənin böyrəkləri artıq sıradan çıxıb, Mədinəni xəstəxanaya gec çatdırmışıq. Sonra uşağın qarnına dializ aparatı qoşdular, o, koma vəziyyətində Təbriz xəstəxanasında müalicə olunurdu. Həkimlər qan qrupunu yoxladılar və məlum oldu ki, Mədinə II+ qan qrupuna aididr. Təbriz xəstəxanasının həkimləri söylədilər ki, nəvəmin bu vəziyyətə düşməsinə səbəb Bakıda səhv qan vurulması olub, daxilə qan gedib. Lakin Bakıdakı həkimlər bunu bilməyib. Düz 11 gün Mədinə Təbriz xəstəxanasında komada qaldı, ayılmadı. Həkimlər nəvəmin komadan ayılmayacağını, heç bir ümidinin qalmadığını dedilər. Çox sağ olsunlar ki, Təbrizdəki həkimlər nəvəmə canla-başla xidmət göstərdilər, hətta öz təcili tibbi yarım maşınları ilə sərhəddə qədər bizi gətirdilər. Sonra biz Lənkərana gəldik. Rayondakı həkimlər də dedilər ki, arıtq uşaq ölmək üzrədi, onun suni nəfəsini ağzından çıxarandan sonra Mədinə dünyasını dəyişdi". S.Əskərov vurğulayıb ki, bu barədə hüquq-mühafizə orqanlarına və məhkəməyə müraciət ediləcək: "Biz Bakıdakı həkimlərdən - Respublika Uşaq Klinik Xəstəxanasında çalışan Sevda Əliyeva və Sədaqət Əbilovadan şikayətçiyik. Balamız onların səhlənkarlığı ucbatından rəhmətə getdi. İstəmirik ki, bizim çəkdiklərimizi digər valideyinlər də çəksin. Biz həmin həkimlərlə məhkəmədə görüşəcəyik. Onlar mütləq cinayət məsuliyyətinə cəlb edilməlidir. Mən evdə Mədinənin anası - gəlnimin halına çox pis olmuşam. Axı ana 3 aylıq körpəsini itirdi. Bizim Səhiyyə Nazirliyi hara baxır?" Şikayətçinin təqdim etdiyi sənədlərə əsasən, 31 saylı Birləşmiş Şəhər Xəstəxanasında və "Medican Hospital"da Mədinə Əskərovanın qan qrupunun II+ olduğu qeyd edilib. Təqdim edilən digər sənədə görə, Respublika Uşaq Klinik Xəstəxanasında ona I+ qan köçürülüb. Həmin sənədi Reanimasiya şöbəsinin müdri Sevda Əliyeva və malicə həkimi Sədaqət Əbilova imzalayıb. Məsələ ilə bağlı Respublika Uşaq Klinik Xəstəxanası və Səhiyyə Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?