AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və yazar Zümrüd Yağmurun 14 yaşlı qızına hücum edən Tural Qarayevə cəza olaraq, 15 gün inzibati həbs verilməsi onları narazı salıb. Ona görə də Yasamal Rayon Məhkəməsinin həmin qərarından apellyasiya şikayəti vermişdilər.
Amma mayın 1-də Bakı Apellyasiya Məhkəməsində çıxış edən Tural Qarayev deyib ki, günahsızdır, ona böhtan atırlar: “Onun özü mənə söz atıb, mən də onu tənbeh eləmişəm. Mənə böhtan atırlar”.
14 yaşlı qız isə bildirib ki, Tural Qarayev öncə onu izləyib, işıqfora çatanda isə qəfildən ona hücum edib:
“Əgər bu adam doğrudan da məni tanımırdısa, kim olduğumu bilmirdisə, həftədə iki dəfə getdiyim kursların saatını, dərsin nə vaxt bitdiyini hardan bilirdi? Hadisə günü də o, kursdan çıxandan məni izlədi, işıqfora çatanda hücum etdi. Təxminən yarım saat məni linç elədi, nalayiq ifadələr işlətdi”.
“Prezidentimin, vitse-prezidentimin sadiq əsgəriyəm”
Məhkəmədə Tural Qarayevin məktəblinin və onun valideynlərinin ünvanına səsləndirdiyi ifadələr gərginliyə səbəb olub:
“Bunlar satqındılar. Dövlətçiliyin əleyhinə çıxan, dövləti məhv eləməyə çalışan adamlardır. Bu adamlara yer olmamalıdır. Mən isə dövlətimin, prezidentimin, vitse-prezidentimin sadiq əsgəriyəm. Bununla fəxr edirəm”.
Zümrüd Yağmur məhkəməyə müraciət edərək, Tural Qarayevin sakitləşdirilməsi üçün kənardan polislərin cəlb olunmasını istəyib.
14 yaşlı qızın vəkili Zibeydə Sadıqova diskdə iki videogörüntü təqdim edərək, onların iş materiallarına əlavə olunması barədə vəsatət qaldırıb. Bunlardan biri insident zamanı çəkilib, digəri isə həmin gün axşam məsələ ictimailəşəndən sonra Tural Qarayevin sosial şəbəkələrdə canlı yayımda deyilənlərə münasibətini əks etdirən videodur. Tural Qarayev həmin çıxışında iddia edir ki, nəinki bu qız, onun valideynləri də bu ölkənin əleyhinə olan adamlardır.
Vəkil deyib ki, bu videolar ciddi sübutlar olsa da, nə polis bölməsində onu işə əlavə ediblər, nə də Yasamal Rayon Məhkəməsində.
Hakim Qədim Babayev də videogörüntüləri qəbul etməyib.
Vəkil çıxışında bildirib ki, Tural Qarayevə verilən cəza onun törətdiyi əmələ adekvat deyil.
Müdafiəçi bildirib ki, əslində, onun barəsində cinayət işi başlanmalıydı. Məhkəmədən də xahiş edib ki, Tural Qarayev haqqında cinayət işi başlanması üçün xüsusi qərar çıxarıb, prokurorluğa göndərilsin.
Amma hakim qısa müşavirədən sonra apellyasiya şikayətinin təmin olunmadığını, Yasamal Rayon Məhkəməsinin qərarının qüvvədə saxlandığını elan edib.
“Nə gözləntimiz olar bilər?”
Zümrüd Yağmur qərardan narazı qalıb və AzadlıqRadiosu-na bildirib ki, Avropa Məhkəməsinə şikayət olunacaq. Çünki inzibati işlərdə ölkə daxilində hüquqi müdafiə vasitəsi kimi, apellyasiya məhkəməsi sonuncu instansiya sayılır:
“Əslində, Azərbaycan məhkəmələrinin hansı vəziyyətdə olduğunu nəzərə alıb, heç bir gözləntimiz yox idi. Hadisənin videogörüntüsünü işə əlavə etmək istəməyən adamlardan nə gözləntimiz ola bilər? Sadəcə, Avropa Məhkəməsinə şikayət göndərmək üçün bütün yerli instansiyaları keçmək vacibdir”.
Zümrüd Yağmur onu da bildirib ki, Tural Qarayev haqqında cinayət işi başlanması üçün Respublika Baş Prokurorluğuna, Daxili İşlər Nazirliyinə və başqa aidiyyəti orqanlara da təkrar müraciət edəcək.
İnsident aprelin 17-də Bakı Dövlət Universitetinin yaxınlığında baş verib. Hadisədən sonra Zümrüd Yağmur qızına hücumla əlaqədar Daxili İşlər Nazirliyinə şikayət edib.
Yasamal rayonu, 28-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılan Tural Qarayev haqqında İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsilə inzibati xəta protokolu tərtib olunub.
Aprelin 19-da Yasamal Rayon Məhkəməsinin qərarıyla ona 15 gün inzibati həbs cəzası verilib.//AzadlıqRadiosu
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?