Fuad Qəhrəmanlı: "Jurnalistlər Tural Abbaslının hansısa fikrinə görə məni narahat etməsinlər”. Hakimiyyət mediası da öz yanından Müsavat və AXCP arasında baş verən ixtilafa qarışır, gah bu, gah da digər tərəfə suallarla müraciət edərək, yanan ocağın üstünə benzin çiləməyə səy göstərir. Bununla belə, tərəflərin iqtidar mediasında olsa belə, bir-birinə verdikləri cavablar diqqət çəkir.
AXCP-Müsavat arasında davam edən gərgin münasibətlə bağlı fikir bildirən Müsavat partiyasının divan üzv Tural Abbaslı SİA-ya açıqlamasında qeyd edib ki, AXCP rəhbərliyi səhvlərini başa düşməli və üzr istəməlidir: "Çünki onlar Müsavata qarşı çox yalnış addımlar atıblar”.
Bundan başqa, Tural Abbaslı AXCP sədrinin mətbuat katibi, “Azadlıq” qəzetinin köşə yazarı Natiq Ədilovun Rauf Arifoğlunun Əbülfəz Elçibəyi təhqir etməsi iddiasına münasibət bildirərkən deyib ki, Natiq Ədilovu ciddi insan kimi qəbul etmirik: "Hamı nəyin necə olduğunu gözəl bilir. Hərənin özünün maraqları var. O, müsavatçıları qaralamaq kampaniyasında fəal iştirak edir. Natiq Ədilov ola bilsin ki, öz yazdığına özü də inanmır”.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı Müsavat Partiyasının Divan üzvü Tural Abbaslının qarşı tərəfin təmsil olunduğu partiyadan üzrxahlıq etmək tələbinə münasibətini açıqlayarkən bildirib ki, Tural Abbaslının hansısa fikrinə münasibət bildirməyi özümə yaraşdırmır.
Fuad Qəhrəmanlı Tural Abbaslını ciddi adam hesab etmədiyini də açıqlayıb: “O, ciddi insan deyil. Bütün jurnalistlərdən də istəyim budur ki, Tural Abbaslının hansısa fikrinə görə məni narahat etməsinlər”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?