Vəkillər Kollegiyası vəkil Şəhla Hümbətova barəsində intizam icraatına başlayıb. Səbəb bloger Mehman Hüseynovun işi ilə bağlı Penitensiar Xidmətin vəkil barədə şikayətidir.
“İndicə Vəkillər Kollegiyasından zəng vurub dedilər ki, barəmdə intizam icraatı başlanıb. Əsas Mehman Hüseynovun işi ilə bağlı Penitensiar Xidmətin şikayətidir. İntizam icraatı başlanması barədə qərarın hansı tarixdə qəbul edildiyini soruşdum, İlhamə xanım cavab vermədi, dedi gəlin burada qərar sizə veriləcək. Dərhal getmək istəyirdim, amma bildirdi ki, işdə deyil, saat 4-5 arası getməliyəm,” vəkil bildirib.
Mehman Hüseynov böhtan ittihamı ilə mühakimə olunub və iki il həbs cəzasından sonra 2019-cu il martın 2-də azadlığa çıxıb.
Azadlığa çıxma ərəfəsində ona qarşı yeni cinayət işi açılıb.
Vəkil Şəhla Hümbətova blogerin həbsxanada aclıq etməsi və hüquqlarının pozulması faktlarını açıqlayıb. Hüseynovun məsələsi ölkədə və xaricdə böyük rezonans doğurub, Avropa Parlamenti xüsusi qətnamə qəbul edib. Ölkə daxilində və xaricdə etirazlar nəticəsində blogerə qarşı irəli sürülən yeni ittiham götürülüb. Bundan sonra cinayət işinə xitam verilib və Mehman Hüseynov birinci iş üzrə cəzasını çəkərək martda azadlığa çıxıb.
Bununla yanaşı, vəkil Hümbətova 2019-cu ilin yanvar ayından başlayaraq cəzaçəkmə müəssisələrinə getməsinə maneələr yaradıldığını deyib.
Hümbətova məsələ ilə bağlı Vəkillər Kollegiyasına, Ədliyyə Nazirliyinə, Penitensiar Xidmətə və ombudsman aparatına şikayət göndərib, ancaq hələ heç bir reaksiya yoxdur.
Vəkil: Cəzaçəkmə müəssisəsinə girişimə maneələr yaradılır Vəkillər Kollegiyasının sədri Anar Bağırov mayın 29-da Amerikanın Səsinə bildirib ki, vəkil Şəhla Hümbətova onun qəbulunda olmayıb.
“O, yalan yazır, həqiqətə uyğun deyil. Mənə deyirlər ki, mənimlə görüşdüyünü yazıb. Onun üzünü görməmişəm, mənim qəbulumda olmayıb. Vəkilliyi ilə məşğul olsun. Müraciət edib. Müraciəti ilə məşğul olacağıq. Hazırda müraciəti öyrənilir. Tədbir də görəcəyik,” o qeyd edib.
Bununla yanaşı, Vəkillər Kollegiyasının sədri dünən Şəhla Hümbətova ilə bağlı intizam icraatının başlanmasını deməyib.
Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən mayın 29-da Amerikanın Səsinə bildiriblər ki, vəkil Şəhla Hümbətova qanunvericilikdə tələb olunan sənədləri təqdim etdiyi təqdirdə onun cəzaçəkmə müəssisəsində müdafiə etdiyi istənilən şəxslə görüşünə hər hansı məhdudiyyət yoxdur.
Həmçinin, Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsi bu xidmətin vəkil barəsində şikayət etdiyini deməyib.
Son illər Azərbaycanda hüquq müdafiəçiləri tərəfindən müstəqil vəkil kimi tanınan Namizəd Səfərov, Xalid Bağırov, Aslan İsmayılov, Əlaif Həsənov, Elçin Namazov, Yalçın İmanov, İntiqam Əliyev, Müzəffər Baxışov, Ənnağı Hacıbəyli, Fərhad Mehdiyev, İradə Cavadova və digərlərinin vəkillik fəaliyyətinə xitam verilib. Bir çox vəkillər barəsində isə intizam tədbirləri görülüb.
Vəkillər Kollegiyası bir qayda olaraq vəkillərin fəaliyyətinə xitam verilməsini onların qanun və əsasnaməni pozması ilə izah edir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?